2 May 2022 14:10
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın işğal və onun legitimləşdirilməsi üzərində qurulmuş “ideoloji” təməlləri darmadağın edilib. Ona görə də bu ölkənin hazırkı dövrün reallıqlarını nəzərə alan yeni hədəf müəyyən etməsi zəruridir. Çünki Ermənistan bu bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməz. Bu ölkə qonşularla münasibətləri normallaşdırmalı, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarına son qoymalıdır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Millət vəkili Prezident İlham Əliyev ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında vacib məqamlara toxunduğunu söyləyib:

“Bu mənada Ermənistanın məhz bu çağırışlardan nəticə çıxarması olduqca vacibdir. Regional inkişafın bir hissəsi olmaq, bölgənin həyatına inteqrasiya etmək üçün əməkdaşlığın, konstruktivliyin, yeni reallıqları nəzərə alınmalıdır. Çünki revanşizmə yol verməyən siyasət yürüdülməsi Ermənistan üçün yeganə müsbət çıxış yoludur. Avropa İttifaqının Ermənistan və Azərbaycan üçün ayırdığı maliyyə paketlərinin bir hissəsini əlaqələrin qurulmasına və insanlar üçün daha yaxşı imkanların yaradılmasına sərf olunması daha məqsədə uyğun bir perspektiv vəd edir”.

Millət vəkili hesab edir ki, Azərbaycanın müstəqil xarici siyasət yürütməklə regionda təhlükəsizlik və əməkdaşlığa bu günün-sabahın prizmasından yanaşır:

“Məhz bu prinsipləri özündə ehtiva edən Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi ölkələr arasıda əməkdaşlıq və qardaşlığın mahiyyətini əks etdirir. Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə də Azərbaycanın strateji maraqlarına əsaslanır”.

Cavid Osmanova görə, Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra mina problemi ilə məşğul olan beynəlxalq təşkilatlar bu məsələyə laqeyd münasibət bəsləyir:

“Bu da sözsüz ki, dünyada mövcud olan ikili standartların, ədalətsiz yanaşmanın növbəti təzahürü kimi başa düşülür. Bununla yanaşı postmünaqişə dövründə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində Avropa İttifaqının rolunu yüksək qiymətləndirmək olar. Çünki Avropa İttifaqının ədalətli vasitəçi olması üçün sərgilədiyi mövqe hər iki tərəf üçün məqbul hesab edilir. 30 ilə yaxın heç bir müsbət xarakteri ilə yadda qalmayan ATƏT-in Minsk qrupunun həmsədrliyi isə artıq arxivdə qalıb”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər