ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda Prezident İlham Əliyev Avrasiya Araşdırmaları Mərkəzinin fransalı tədqiqatçısı Maksim Qoənin sualına cavab verərkən uydurma erməni tarixçiliyini alt-üst edərək dedi: "Əfsuslar olsun ki, erməni tarixşünaslıq elmində hər bir addımda saxtakarlıq görürük. O cümlədən Azərbaycan əraziləri ilə bağlı, Qarabağın tarixi ilə bağlı". Prezidentin söylədikləri gerçəkliyi olduğu kimi əks etdirir. Belə ki, Ermənistan adlanan bu qurama dövlətin Milli Təhlükəsizlik Konsepsiyasında birmənalı olaraq yazılır ki, erməni tarixi xəyallara, rəvayətlərə, miflərə əsaslanır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.
Professora görə, tərəfkeşlikdən uzaq qalan tarixçilər yaxşı bilir ki, erməni tarixinin demək olar hamısı başdan-başa qondarma və uydurmadır:
“Məsələn, ermənilər utanmaz-utanmaz deyirlər ki, guya onlar dünyanın ən qədim xristian xalqıdır, İsa Məsih ermənidir. Guya Birinci Dünya müharibəsi illərində 1,5 milyon nəfər erməni öldürülüb. Soruşurlur ki, Osmanlıda bu qədər erməni yaşamadığı halda 1,5 milyon nəfər erməni necə öldürülə bilərdi? Bunların ölüləri də artıb törəyirlərmi? Dünya müharibəsində ölən cəmi təxminən 10 milyon nəfərin 1,5 milyon nəfəri o vaxt hələ dövləti qurulmayan erməni ola bilərdi?”.
Millət vəkili bildirib ki, hətta ermənilər Qarabağa çarizm tərəfindən köçürülmələrini, regiona gəlmə olduqlarını həyasızcasına inkar edirlər:
"Bunu deyərkən heç olmasa, çar Rusiyasının rəsmi sənədlərinə ya baxmırlar və ya da baxıb həqiqətləri oxuyanda qarınlarına sancı dolur və yazılanları gözləri görmür. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qarabağın Azərbaycan tərkibində olduğu faktını qəbul etmək istəmirlər və bildirirlər ki, guya Qarabağı Azərbaycana sovet hökuməti verib. Bunu deyərkən heç olmasa, götürüb sovet hökumətinin və Böyük Britaniyanın rəsmi sənədlərinə baxmağa tənbəllik edirlər. Nə üçün? Çünki bu ermənilər başqa bir əllamə şeydirlər. O şey ondan ibarətdir ki, əgər düşmənçilik, uydurmalar olmasa, gerçək tarix qarşısında tab gətirə və ayaq üstə dayana bilməzlər. Amma düşünmürlər ki, miflər, xəyallar və uydurmalarla yaşadıqları üçün elə bu gündədirlər”.