5 May 2022 20:08
1 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Son vaxtlar erməni tərəfi tək Kəlbəcər istiqamətində deyil, Naxçıvan, Tovuz istiqamətlərində də atəşkəsi pozub. Kəlbəcər istiqamətində son günlər təxribatlar bir qədər də artıb. Kəlbəcər istiqamətində Basarkeçər, Yuxarı Şorca, Zəylik və digər yaşayış məntəqələri daha yaxın olduğuna görə, erməni tərəfi bu istiqamətdə atəşkəsi pozaraq mütəmadi olaraq təxribatlara əl atır".

Bunu Teleqraf.com-a müsahibəsində hərbi ekspert Üzeyir Cəfərov Ermənistan son təxribatları, hərbi və mina xəritələri ilə bağlı məsələlərə aydınlıq gətirərkən deyib.

Onunla müsahibəni təqdim edirik:

- Üzeyir bəy, Ermənistanla sülh danışıqlarının gündəmdə olduğu bir ərəfədə qarşı tərəf növbəti dəfə hərbi təxribata əl atır. İrəvanın mərkəzində keçirilən aksiyalarda Azərbaycana qarşı revanşistlərin dilindən hədələyici bəyanatlar verilir. Sizcə, II Qarabağ müharibəsindən ağır məğlubiyyətlə çıxan bir dövlətin yenidən hərbi əməliyyatlara başlamaq imkanları varmı?

- Ermənilər qarşılarında Azərbaycanın nizamı Ordusunun dayandığını bilərəkdən belə aqressiv hərəkətlərə yol verir. Amma prinsip etibarı ilə erməni tərəfi heç nəyə nail ola bilmir. Guya bu təxribatlarla hansı bir nəticə əldə ediblər? Sadəcə olaraq onlar düşünür ki, bu yollarla bizim əsgərlərə təzyiq edəcəklərini düşünürlər. Əslində isə bu cür silahlı təxribatlar onlara havadarlıq edənlərin sifarişindən qaynaqlanır. Çünki ermənilərə bu gün atəş açmaq üçün əl çatan yer məhz Kəlbəcər istiqamətidir. Digər istiqamətlər rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdir. Amma bu istiqamətlərdə də erməni tərəfi bizim mövqelərə atəş açırdı. Bununla bağlı Azərbaycan Rusiyaya qəti etirazını və xəbərdarlığını bildirəndən sonra bu cür hallar qeydə alınmır.

- Qarşı tərəfin nəticəni bilə-bilə bu cür təxribatlar törətməkdə məqsədi nədir?

- Əslində onlar bu cür təxribatlarla sülh müzakirələrini pozmaq niyyətindədirlər. Azərbaycan və Ermənistan xarici işlər nazirləri də artıq ikinci dəfə heç bir vasitəçi olmadan telefon əlaqəsi yaradıb. Amma bütün bunlara baxmayaraq erməni tərəfi yenə də öz məkirli xislətini gizlədə bilmir. Çünki onların mahiyyəti məhz pozuculuq etməyə istiqamətlənib. Düşünmək olmaz ki, onlar bizə normal münasibət sərgiləsin. XX əsrdə, ondan əvvəl də ermənilər bu cür davranıb. Bu, onların əsl keyfiyyətlərindən qaynaqlanır. Onların üzərində digərlərinin təsirləri və diktəsi olduqca belə halları görəcəyik. Bundan sonra da biz erməni tərəfinin təxribatlara əl atacaqlarını gözləyirik. Sözsüz ki, biz də onların bütün təxribatlarına layiqli cavab verməyə hazırıq.

- Bir müddət öncə Nikol Paşinyan Azərbaycan-Ermənistan ordularının “güzgü prinsipi” ilə geri çəkilməsindən bəhs etmişdi. “Güzgü prinsipi” dedikdə burada hansı amillər nəzərdə tutulur?

- Ermənistanın Baş naziri Nikol Paşinyan görünür daxili auditoriya üçün söz tapmayanda bu cür məsələlərdən danışır. Ona əslində sual vermək lazımdır ki, Azərbaycan öz ərazisində qoşunlarını niyə geri çəkməlidir? Azərbaycan ərazisində olan erməni qoşunları hansı halda geri çəkilə bilər? Paşinyan “güzgü prinsipi” dediyi odur ki, artilleriyanı biz yüz metr geri çəkirik, siz də geri çəkin. Amma o ancaq Ermənistan ərazisində bunu edə bilər. Azərbaycan ərazisində bu mümkün deyil. Ordumuz öz mövqeyində dayanıb. Bu məsələdə onun dediyi “güzgü prinsipi” keçmir. Yəqin o hələ də bu məsələləri qarışdırıb konkret bir mövqeyə gələ bilmir. Görünür 2020-ci ilin 10 noyabrında imzalanmış sənədi belə nəzərə almaq istəmirlər. Düşünürlər ki, müharibədən sonra harada dayanmışdılarsa orada daya bilərlər. Amma belə bir məntiq ola bilməz. Çünki üçtərəfli razılaşmanın 4-cü bəndində yazılıb ki, rus sülhməramlılar əraziyə daxil olan anda erməni ordusunun qalıqları buradan çıxmalıdır. Biz müharibədən sonra da Ordumuzun gücləndirmişik. Ali Baş Komandan İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılması ilə bağlı keçirilən tədbirdə də açıqladı ki, Azərbaycan Ordusu müharibədə olduğundan daha da güclənib. Ermənistan isə ordusu darmadağın edilmiş bir dövlətdir.

- Son zamanlar hərbi xəritələr mövzusu gündəmə gəlir. Rusiya tərəfi də açıqlamışdı ki, sovet dövrünə aid hərbi xəritələr rus ordusunun baş qərargahındadır. Azərbaycanla Ermənistan sərhədlərinin dəqiqləşməsi məsələsində həmin hərbi xəritələrə istinad mümkündür?

- Həmin hərbi xəritələrdən Bakıda da var. Azərbaycan Ordusunun Qərargahında da bu xəritələrdən mövcuddur. Hətta o xəritələr bəzi rəhbər şəxslərdə də var. Çünki sovet dövründə həmin xəritələrin üzərində məxfi qrif vardı. Ona görə də bu gün hərbi xəritələr bizdə də var, - deməklə iş bitmir. Amma prosesin nə olmasından asılı olmayaraq həmin xəritələrdə də Azərbaycanın xeyrinə olan məsələlər qeyd edilib.

- Bu gün azad edilmiş ərazilərdə hələ də mina təhlükəsi qalmaqdadır. Bu məsələdə beynəlxalq hərbi qaydalar hansı prinsipləri diktə edir?

- Mina təmizlənmsi ilə bağlı proses uzanır. Azərbaycan öz gücünə bu məsələni həll etməyə çalışır. Çünki qısa zamanda əraziləri minalardan təmizləmək mümkün deyil. Erməni tərəfi işğal dövründə xaotik şəkildə əraziləri minalayıb. Ona görə də əraziləri tez bir zamanda təmizləmək çətinliklər yardır. Amma təəssüf ki, beynəlxalq birlik və məsələdə birbaşa maraqlı olan mərkəzlər aktiv görünmür. Eyni zamanda beynəlxalq birlik Ermənistana lazımi səviyyədə təzyiq göstərmədi. Çünki müharibə qaydalarına görə, Ermənistan minalanmış ərazilərin xəritələrini döyüşlər başa çatan kimi Azərbaycana təqdim etməyə borclu idi.


Müəllif: Tapdıq Qurbanlı