5 May 2022 21:43
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa, Polşa və Litva səfirliklərinin təşkilatçılığı ilə Bakıda Ukraynaya dəstək tədbiri keçirilib.

Teleqraf.com xəbər verir ki, ianə toplama tədbirində müxtəlif ölkələrin Azərbaycandakı diplomatik korpus nümayəndələri, ictimai fiqurlar və jurnalistlər iştirak edib.

Fransanın Azərbaycandakı səfiri Zakari Qross bu tədbirlə bağlı təşəbbüsə görə Polşanın Azərbaycandakı səfirliyinə təşəkkür edib.

Fransalı diplomat bildirib ki, bu gün Ukrayna xalqı böyük mübarizədədir.

Onlar azadlığı uğrunda savaşır və qlobal ictimaiyyət bu xalqın yanında dayanmalıdır.

Daha sonra Litvanın Azərbaycandakı səfiri Eqidius Navikas çıxış edib.

“Bizim Avropa İttifaqında bir deyim var, Avropa komandası, bu tədbir də kiçik Avropa komandasının təşəbüssüdür. Bu gün həm də Varşavada Beynəlxalq Donorlar Konfransı keçirilir”, - deyə litvalı diplomat qeyd edib.

Tədbirdə Polşanın Azərbaycandakı səfiri Rafal Poborski də çıxış edib.

“Həmrəylik və empati bu müharibədə vacibdir. Dəhşətli Rusiya təcavüzü ilə üzləşən Ukrayna xalqı ilə həmrəylik göstəmək, bu müharibədə zərər görən Ukrayna xalqına empati göstərmək, onlara dəstək olmaq vacibdir”, -deyə polşalı diplomat bildirib.

Polşanın Azərbaycandakı səfiri qeyd edib ki, bu kiçik tədbir Ukrayna xalqı ilə həmrəyliyin bir nişanıdır.

“Ukrayna xalqı gələcəyi, azadlığı, mövcudluğu üçün savaşır hansı ki, biz də illər öncə bunun üçün savaşmışdıq. Azadlığı, dəyərləri üçün savaşan xalqla - Ukrayna xalqı ilə həmrəylik göstərmək, onlara dəstək vermək vacibdir”, - deyə polşalı diplomat vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər