1988-ci ildən ermənilər tərəfindən ortaya atılan “Dağlıq Qarabağ” məsələsi SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin agentura şəbəkəsinin işi idi. Çünki o vaxt məhz bu cür pozucu fəaliyyətin nəticəsində “Dağlıq Qarabağ” məsələsi üzə çıxdı. O dövrdə onlar böyük bir qrup şəkildə fəaliyyət göstərirdilər. Bunların içərisində sonradan iki hərbi cani Serj Sərkisyan və Robert Köçəryan daha aktiv idi. Məhz o dövrdən onların komandası və məqsədləri hər kəsə məlum oldu. Elə bu gün də Ermənistanda bütövlükdə cəmiyyətin nifrəti ilə əhatə edilən bu iki cinayətkara məhz Rusiya tərəfindən növbəti dəfə “dəstək” var.
Teleqraf.com-a müsahibəsində Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov belə deyib.
Onunla müsahibəni təqdim edirik:
- Elman müəllim, növbəti dəfə Ermənistanda revanşistlərin baş qaldırması hansı amillərlə izah edilə bilər? Erməni cəmiyyətində arzuolunmaz bir qrupun yenidən aktiv siyasətə qayıtmasında kənar faktorlar nə dərəcədə təsirli görünür?
- Bu gün Ermənistanda baş nazir Nikol Paşinyana qarşı formalaşan komanda birbaşa Moskvadan göstəriş alır. Çünki Rusiyanın Ermənistanda olan geniş agentura şəbəkəsi bu məsələlərdə qızışdırıcı mövqedən çıxış edir. Onlar Ermənistanda müxtəlif sahələrdə kök salıblar. Vaxtı gəldikdə isə verilən təlimatlara uyğun hakimiyyətə qarşı çıxmağı özləri üçün vəzifə borcu bilirlər.
- Qızışdırıcı mövqedən çıxış edən qüvvələrin məqsədi nədir?
- Burada başlıca amil Ermənistanla Azərbaycan arasında reallaşacaq sülh prosesinə mümkün qədər əngəl yaratmaqdan ibarətdir. Bu məsələdə Rusiyanın pozucu mövqedən çıxış etməsi revanşistlərə göstəriş, yardım və təlimatlar verməsi də təəssüf doğurur. Çünki Rusiya Azərbaycanla imzaladığı bir necə sənədin mahiyyətinə ən azından hörmətlə yanaşmalıdır. Görünür, tarix boyu bu mövqedən çıxış edən şimal qonşumuz indi də həmin yoldadır. Ortada 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli razılaşma, bu ilin fevralında Azərbaycanla Rusiya arasında bağlanan müttəfiqlik haqqında sənədin mahiyyətinə uyğun olmayan davranışlar müşahidə edilir. Rəsmi sənədlərdə bir mövqe, atacaqları addımlarda isə başqa bir mənzərə ilə rastlaşmaq yolverilməzdir.
Rusiya həmçinin Cənubi Qafqazda öz mövcudluğunu saxlamaq üçün Azərbaycan ərazisinə yerləşdirilmiş rus sülhməramlılarının əli ilə də təxribatlara yol verir. Rus sülhməramlıları Azərbaycan ərazisinə daxil olduğu gündən onlar separatçılarla, terrorçularla, hərbi cinayətkarlarla açıq əməkdaşlıq edir. Məhz bu fakt Rusiyanın bu bölgə ilə bağlı maraqlarının aydın ifadəsi kimi başa düşülməlidir.
- Rusiyanı narahat edən məqamlar hansılardır?
- Erməni rəsmilərinin Avropa, Amerikaya səfərləri, son Brüssel görüşü və burada əldə edilən mühüm razılaşmalar, görünür, Rusiyan çox ciddi bir şəkildə narahat edir. Ona görə də, Ermənistanda hakimiyyətə qarşı etimadsızlıq mühitinin formalaşması məhz Rusiyanı qıcıqlandıran amillərdən yarandığı qənaəti formalaşdırır. Çünki Rusiya düşünür ki, bölgədə mövcud olan məsələlər öz həllini tapdıqdan sonra o, burada öz mövcudluğunu və təsir imkanlarını itirə bilər. Ermənistandakı aksiyaçılara Rusiya tərəfindən verilən təlimatlar da məhz Azərbaycanla Ermənistan arasındakı mümkün sülhə maneə olmaqdan ibarətdir. Eyni zamanda indiki baş nazir Nikol Paşinyanı qısa zamanda hakimiyyətdən salmaq və bununla da yenidən Sərkisyan-Köçəryan kimi hərbi canilərə iqtidar vermək kimi niyyətlər var. Bu da artıq açıq baş verən gedişlərdir. Çünki hər şey aydın şəkildə ortadadır. Rusiya özünün mahiyyətini bu məsələdə bir daha təsdiqləmiş oldu. Düşmən öz çirkin niyyətindən əl çəkmir. Ona görə də, Azərbaycan öz dövlətçiliyini təhlükəsizliyini qorumaq üçün hər bir məsələyə layiqli formada cavab verməyə hazırdır. ADA Universitetindəki beynəlxalq tədbirdə də Azərbaycan Prezidenti ölkəmizin bu məsələlərdə mövqeyinin birmənalı olduğunu bir daha diqqətə çatdırdı. Amma Ermənistan və ona kənardan havadarlıq edənlər prosesi elə bir səviyyəyə gətirib çıxaracaqlar ki, ölkəmiz də analoji addımları atmağa məcbur olacaq. Azərbaycanın da haqlı olaraq Ermənistanın ərazi bütövlüyünü, sərhədlərini tanımamaq hüququ var. Bu isə 44 günlük zəfər yürüşümüzün davamı üçün əsas yaradacaq.