7 May 2022 19:29
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şuşada işinə başlayan və Bakıda davam edən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransı mühüm mesajların verilməsi və vacib məsələlərin müzakirəsi ilə yadda qaldı. Tarixi Şuşa şəhərində bu cür tədbirlərin keçirilməsi onun bölgədə təkcə mədəniyyət deyil, diplomatik paytaxt kimi nüfuz qazanmasına imkan yaradır. Dünyanın aparıcı beyin mərkəzləri, akademik dairələrin nümayəndələrinin iştirakı ilə keçirilən Şuşa forumu Prezident İlham Əliyevin təklifi ilə yeni iqtisadi rayonların bir sıra digər şəhərlərində də müzakirə formatında aralıq müşavirələrin keçirilməsi mümkün olur. Laçın birincilər sırasındadır. Şuşa Forumunun və aralıq müşavirələrin Qarabağ və Şərqi Zəngəzurda, eləcə də digər yeni iqtiadi rayonlarda keçirilməsi mühüm siyasi və mənəvi əhəmiyyət kəsb edir. Azərbaycanı və region ölkələrini öyrənən 23 ölkənin aparıcı ekspertləri, media ictimaiyyəti ilə dialoq-müzakirəsi çərçivəsində Prezident İlham Əliyev Cənubi Qafqazın münaqişədən sonrakı vəziyyətə dair müzakirələri xüsusi ilə diqqət çəkir. Eyni zamanda Azərbaycanın və bölgənin növbəti 10 il üçün inkişaf planları, genişmiqyaslı yenidənqurma layihələri haqqında açıq fikir mübadiləsi aparılması baxımından bu platforma əhəmiyyətli hesab edilir.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Professor qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlər, eyni zamanda, ordumuzun güclənməsinə imkan yaratdı:

“Cənubi Qafqazın inkişafı və bu yeni reallığın kompleks təsirinin regiondan kənara - Şərqi Avropa, Mərkəzi Asiya və Fars körfəzinə qədər geniş coğrafi məkana yayılması mümkün olacaq. Dövlət başçısı da 10 ildən sonra Azərbaycanın daha da güclü olacağını vurğuladı. Həmin dövrə kimi Ermənistanla olan anlaşmazlıqlar, problemlər öz həllini tapacaq, regionda möhkəm inteqrasiya prosesi gedəcək. Eyni zamanda Cənubi Qafqazın üç ölkəsi arasında sıx əməkdaşlığın formalaşacağı proqnozlaşdırılır. Bunun üçün ciddi əsaslar var”.

Millət vəkili hesab edir ki, gələcək strateji planlaşdırma Azərbaycanın Mərkəzi Asiya ölkələrinin öz aralarında apardığı siyasi məsləhətləşmələrə qoşulması, Xəzər dənizinin mədəniyyətlər və iqtisadiyyatlar arasında daha böyük körpü olacağına inam var:

“Zəngəzur dəhlizinin reallaşması və onun region, Mərkəzi Asiya bütövlükdə dünya üçün perspektivi olduqca böyükdür. Eyni zamanda, Azərbaycan “Bir kəmər-bir yol” layihəsinə xüsusi əhəmiyyət verir. Azərbaycanın Xəzər dənizi, Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Çindən karqo qəbul etməyə başlaması və ölkəmizin tranzit-kommunikasiya imkanlarının perspektivi, yeni yaradılan “Orta dəhliz”in imkanları buna imkan verir. Bu bir daha nümayiş etdirir ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizləri çərçivəsində fəaldır. Azərbaycan qazı Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan və İtaliyaya ixrac olunur. Bununla da ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rol oynayır”.

Hicran Hüseynovaya görə, əsas məsələ regional təhlükəsizliyin, sabitliyin qorunmasıdır: “Azərbaycan regionda təhlükəsizlik və əməkdaşlığa bu günümüz və sabahımız prizmasından yanaşır. Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi ölkələr arasıda əməkdaşlıq və qardaşlığın mahiyyətini əks etdirir. Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə Azərbaycanın strateji maraqlarına əsaslanır. Azərbaycanın bütün qonşularla yaxşı münasibətləri var. Burada 3+3 platformasının dialoqu və Bakı-Ankara-Moskva üçbucağında qarşılıqlı fəaliyyət öz rolunu oynayacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər