Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik
- Səməd müəllim, AŞPA-dakı qalmaqaldan sonra erməni tərəfi Azərbaycanın 5 prinsipinə qarşı 6 şərtlə çıxış ediblər. Bu paradoksallıq nədən qaynaqlanır?
- Ermənistan dünyanın gözü qarşısında konstruktivlikdən uzaq davranış sərgiləyir. Bunu AŞPA-nın sessiyasinda da biz açıq şəkildə vurğuladıq. Ermənilər öz milli maraqlarına zidd olan hərəkətlər nümayiş etdirirlər. Təəssüf ki, Ermənistanda müstəqil siyasətlə məşğul olan insanların cəsarəti çatmır ki, reallığı etiraf etsin. Azərbaycanın təklif etdiyi 5 şərtə razı olaraq bunu rəsmi şəkildə bəyan etmiş Ermənistan nümayəndələri AŞPA-dakı məlum qalmaqaldan sonra hansısa şərtlərlə, bəhanələrlə sülhdən qaçırlar.
- Sizcə, regionda sülhün olması kimləri narahat edir?
- Hamıya bəllidir ki, Ermənistana başqa bir qüvvə ciddi təsir göstərir. O qüvvə isə görünür regionda daimi sülhü arzulamır. Sülhün olması Azərbaycan, Gürcüstan, Ermənistanın özünün inkişafı deməkdir. Bununla müstəqil siyasət aparmaq imkanı olmayan dövlətlər sərbəst qərarlar verə bilərlər. Həmçinin dünyanın inkişaf etmiş ölkələri ilə qarşılıqlı əməkdaşlıq formalaşardırarlar. Ona görə də regionu bu inkişafdan saxlamaq üçün çaxnaşmalar, problemli vəziyyət yaratmaq istəyənlər Ermənistandan istifadə edirlər. Elə bir mənzərə yaratmağa çalışırlar ki, guya bunu Ermənistan istəyir. Əslində isə hər kəs çox yaxşı bilir ki, bu nəyə hədəflənib.
- Dünənə kimi əməkdaşlığa töhfə verməyə hazır olduqlarını bəyan edən Qərb təşkilatları niyə müşahidəçi mövqeyinə keçib?
- Beynəlxalq səviyyədə isə sanki bir susqunluq var. Ermənistanın məsələlərə bu şəkildə yanaşması görünür ki, susqunluğa, utanca səbəb olub. Bu, xoşagəlməz məsələ də olsa, bunun başqa yolu da yoxdur. Azərbaycan Prezidenti bununla bağlı açıq bir mövqe ortaya qoydu ki, ölkəmizin ərazi bütövlüyünü tanımayan Ermənistan bizdən də başqa yanaşma gözləməsin. Ona görə də zaman etibarı ilə bu məsələrin həllinə nail olmaq mümkün olacaq. Çünki bunun başqa bir yolu yoxdur.
- Azərbaycanın tələbi və prosesə yanaşması necə olacaq?
- Azərbaycan elə bir reallıq yaradıb ki, konstruktiv, qeyri-konstruktiv olsalar da onlar özlərinə problem yaradacaqlar. Atalar sözündə deyildiyi kimi, sirkə nə qədər tünd olsa, öz qabını çatladacaq. Biz bu gün region ölkələrində yaşananları açıq şəkildə müşahidə edirik. Ona görə də Azərbaycanın yaratdığı reallıq bir nümunədir. Bunu nəinki qəbul etmək, öyrənib təhlil etmək lazımdır. Məhz bu reallığın səbəbini dərk edə biləcəklərsə, o zaman onların normal yaşamaq şansı olacaq. Çünki qarşı tərəf birmənalı olaraq qəbul etməlidir ki, Azərbaycanın milli maraqları dövlət başçısı tərəfindən beynəlxalq qanun səvviyəsində həll edilib. Onlar isə öz maraqlarını beynəlxalq qanundan kənarda saxlamaq istəyirlər. Uzun perspektivdə də bunun ağır nəticələrini görəcəklər.
- Sizcə, Ermənistandakı aksiyaların başlanmasına nə səbəb oldu? Bu cür təxribatların kökündə hansı amillər dayanır?
- Bunun başlıca şərtləri var. Bu gün Ermənistanda gedən proseslərin müstəqil siyasi qərarlar əsasında getmədiyi məlumdur. Köçəryan-Sərkisyanın kim tərəfindən və haradan idarə olunmasını biz bilirik. Ermənistanda indiki proseslərin niyə baş verdiyini də anlayırıq. Təəssüf ki, Ermənistanda bu proseslər həmişə var idi. Hökumət buna qarşı çıxaraq öz qəti mövqeyini ortaya qoymalıdır. Müharibədən sonra erməni cəmiyyəti yenidən Nikol Paşinyana dəstək verərək sülh istiqamətində hərəkət etməyə töhfə verdi. Sadəcə olaraq indiki Ermənistan iqtidarı bu mandatı yerinə yetirə biləcəksə, təxribatlara ciddi müqavimət gösətərəcəklərsə, o zaman onlarla danışmaq olacaq. Əksinə bu təxribatların arxasında gozlənib yenidən populizmə əsaslanan addımlar atacaqlarsa, koridorlarda bizə yaxınşalıb bu məsələlərə baxırıq, kürsüyə çıxanda isə qışqır-bağır salacaqlarsa, o zaman proseslərin hansı iqtiqamətdə gedəcəyi də məlumdur.
- Sülh prosesinin nə vaxta qədər uzanması ehtimalı var?
- Bu heç Ermənistanın özündən də asılı deyil. Onların özündən asılı olsaydı, bu başqa bir mövzu olardı. İndiki proseslər Ermənistandan asılı deyil. Bu artıq başqa qüvvələrdən asılı bir prosesdir. Bu qüvvələr isə çaxnaşmanı salıb məsələləri uzatmağa, çıxılmaz vəziyyətə gətirmək istəyirlər. İndiki proseslərin normal məcraya düşməsi daha çox Köçəryan və Sərkisyanın sahiblərindən asılıdır.