10 May 2022 09:05
1 276
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Sərdar bəy, hazırda Ermənistanla Azərbaycan arasında sülh üçün atılan addımları, gedişatı necə qiymətləndirirsiniz?

- Bu gün Ermənistadakı aksiyalar Rusiyanın qlobal siyasətdə apardığı işlərin bir elementidir. Ermənilər müstəqil heç bir qərar qəbul edə bilməz. Rusiya müxtəlif bölgələrdə Ermənistandakı kimi iğtişaşlar yaratmaqla özünün maraqlarını həyata keçirtmək istəyir. Brüssel görüşündən sonra da biz açıqlamışdıq ki, bu qərarlar olduqca rassionaldır. Amma Rusiya heç vaxt bu qərarların icrasına imkan verməyəcək.

- Paşinyana Qərbdən olan dəstək burada nə qədər təsirli görünür?

- Bu gün Azərbaycandan fərqli olaraq Ermənistan Rusiyanın təsir dairəsindədir. Nikol Paşinyan demək olar ki, çox ciddi beynəlxalq dəstəyə malik deyil. Ona görə də onun Rusiyanın daxildəki casuslarının, “5-ci” kolonun təzyiqlərinə davam gətirmək imkanı yoxdur. Demək olar ki, N.Paşinyan daxili təzyiqlər əsasında əvvələr verdiyi sözləri dəfələrlə təkzib edir. Eyni zamanda bu təzyiqlər fonunda mövqeyinin əksinə çıxış etməyə məcbur olur.

- Bu cür addımların atılmasında başlıca məqsəd nədir?

- Ermənistana Rusiyanın çox ciddi təsirli burada özünü göstərir. Erməni tərəfinin Azərbaycanın irəli sürdüyü 5 şərtə qarşı 6 şərtlə çıxış etməsi sadəcə danışıqların uzadılmasına hesablanıb. Məqsəd sülh müqaviləsinin bağlanmasına mümkün qədər maneə yaratmaqdır. Çünki Azərbaycanın təklif etdiyi prinsiplər heç bir qeyri-adi məsələlərə əsaslanmır. Bu prinsiplər beynəlxalq hüquq çərçivəsində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını özündə ehtiva edir. Ermənilər isə beynəlxalq hüququ bir kənara qoyub öz təkliflərində uydurma prinsip və metodlardan istifadə edir. Ona görə də ermənilərin irəli sürdüyü 6 şərtin heç bir məntiqi, hüquqi əsası yoxdur. Qalib tərəf Azərbaycan olduğuna görə, ölkəmizin şərtləri əsasında münasibətlər tənzimlənə bilər.

- Erməniləri “şərt”lə danışmağa kimlər cəsarətləndirir?

-Ermənistan məğlub olmasına baxmayaraq yenə də “şərt”lə danışır. Əgər onların belə bir “şərt” irəli sürmək imkanı vardısa, müharibəni davam etdirərdilər...

- Yeni müharibə riski varmı?

- Müharibə olmayacaq. Çünki Rusiya hələ ki, Ukrayna cəbhəsində olanlara müəyyən aydınlıq yaratmayana qədər Cənubi Qafqazda bu məsələlərin yoluna düşməsinə maneə olacaq. Bunu hamı başa düşür ki, keçmiş ssri məkanında bütün məsələlərdə Rusiya öz istədiyinə uyğun olaraq hərəkət edir.

- Sizcə, erməni cəmiyyətinin yeni müharibəyə münasibəti necədir?

- Ermənilər qətiyyən yeni müharibəyə hazır deyil. Amma düşünürlər ki, bu dəfə müharibə olsa Rusiya onları müdafiə edəcək. Sadəcə onlar bir faktı unudurlar ki, Azərbaycanın mövqeyi indi kifayət qədər möhkəmlənib. Belə bir müharibə olacaqsa, Azərbaycanın Türkiyə, Pakistan, İsrail kimi ciddi tədəfdaşları müttəfiqləri ilə prosesə qoşulacaq. Bu baxımdan Rusiya Azərbaycanın Ermənistanla yenidən genişmiqyaslı müharibə aparmasında maraqlı olmayacaq. Sadəcə olaraq Rusiya mümkün qədər tez sülhün yaranmasına imkan verməyəcək.

- Azərbaycan bəs indiki durumda hansı addımları atmalıdır?

- Sülh prosesindən kənarda Xankəndi iqtisadi rayonu ətrafında Azərbaycan öz suverenliyini durmadan, addım-addım genişləndirməlidir. Onsuz da Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi ilə Xankəndi İqtisadi zonasında separatizmə qarşı Azərbaycanın apardığı sayasət yeni bir müstəvidə olmayacaq. Çünki bunlar müxtəlif problemlərdir. Ermənistanla Azərbaycan arasında olan sülh sazişini bir kənara qoymaqla Xankəndi iqtisadi zonasında Azərbaycanın suverenliyini təmin etmək başlıca prinsip kimi qəbul edilməlidir. Bizim əsas siyasətimiz məhz bu olmaldır. Çünki Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması daha çox ermənilərin maraqlarına uyğundur. Ermənistanın bunu istəməməsi də maraqlı deyil. Azərbaycan digər kommunikasiya xətləri ilə də Türkiyə ilə əlaqələr yarada bilir. Bizi əsas maraqlandıran Xankəndidəki məsələlərdir. Bu, Azərbaycanın daxili işi olduğuna görə Ermənistanla Azərbaycan arasındakı sülh sazişi ilə heç bir əlaqəsi yoxdur.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər