Hər hansı bir ölkənin keçdiyi yola nəzər salsaq, görərik ki, hər bir dövlətin inkişafında, güclənməsində, tanınmasında, xalqın taleyində həlledici rol oynamasında əsas və mühüm məsuliyyət dövlət başçısının üzərinə düşür. Azərbaycanın müstəqilliyini əldə etməsi, qüvvətlənməsi, dünya dövlətləri arasında seçilməsi də məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olub. Xalqımızın yaddaşında böyük siyasətçi, tarixi şəxsiyyət, təcrübəli dövlət adamı kimi dərin iz qoymuş ulu öndər dövlətçiliyimizin daha da möhkəmləndirilməsi və tarixi ənənələrinin bərpası, ölkədə demokratiyanın bərqərar olunması istiqamətində əhəmiyyətli və misilsiz işlər görüb. O, zəngin və mənalı həyatı boyu həmişə xalqını düşünüb, ölkəsini qarşılaşdıqları çətinliklərdən xilas etmək üçün böyük fədakarlıqlar göstərib. Dahi şəxsiyyət müstəqil Azərbaycanın memarı kimi ən uca missiyanı gerçəkləşdirərək bu şanlı tarixi öz əlləri ilə yazıb.
Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, Qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
Professor qeyd edib ki, Onun sovet vaxtı Azərbaycana rəhbərlik etdiyi dövr tariximizə əzəmətli sıçrayış və yeniləşmə illəri kimi daxil olub:
“Ulu Öndərin müdrikliyi, qətiyyəti, təşkilatçılığı sayəsində iqtisadi böhran şəraitində olan respublika ən qısa vaxtda sürətli sosial-iqtisadi yüksəliş mərhələsinə daxil ola bilib. Azərbaycan cəmi bir neçə il ərzində ən geridə qalan respublikadan ən qabaqcıl respublikaya çevrildi, sənayesi inkişaf etdirildi, güclü aqrar-sənaye kompleksi formalaşdı. Elmin, mədəniyyətin, təhsilin inkişafında böyük nailiyyətlər əldə edildi. Bakının milli siması formalaşdırıldı, bütün sahələrdə, o cümlədən idarəçilikdə, mədəniyyətdə milli kadrlar yetişdirildi, milli ruhun yüksəlişi təmin edildi. Bu, əslində Azərbaycanın intibah dövrü idi və o zaman yaradılan bünövrə ölkənin gələcək taleyində müstəsna rol oynadı. 60-cı illərədək Azərbaycan aqrar ölkəsi kimi tanınırdı. Onun əsas sənaye mənbəyi neft idi. Lakin məhz Heydər Əliyev hakimiyyətinin ilk illərindən qəti addımlar atmaqla respublikaya olan bu münasibəti dəyişməyə nail oldu. Belə ki, qısa müddət ərzində həm yüngül, həm də ağır sənaye inkişaf etdi, bir sıra zavod və fabriklər istifadəyə verildi. Yaradılmış yeni iş yerləri əsasında insanların rifah halı daha da yaxşılaşdı. Heydər Əliyev o illərdə bir sıra yeni təhsil ocaqları, o cümlədən Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaradıb. bu hadisə azərbaycanlıların döyüş ruhunun inkişaf etdirilməsində mühüm rol oynayıb”.
Millət vəkili hesab edir ki, Heydər Əliyevin misilsiz tarixi missiyası ölkəmiz müstəqilliyinə qovuşduqdan sonrakı dövrdə özünü daha qabarıq şəkildə büruzə verdi:
“Azərbaycan xalqı əvəzsiz xidmətlərinə görə Ümummilli lideri xilaskar adlandırıb. Azərbaycanın 1991-ci ildə qazandığı müstəqilliyin qorunub saxlanması, onun əbədi və dönməz xarakter alması müstəsna olaraq Heydər Əliyevin xidməti sayılır. 1993-cü ildə onun qayıdışı sayəsində Azərbaycan parçalanmaqdan, xaos və anarxiyadan, iqtisadi böhrandan və sair bəlalardan xilas oldu. Ölkədə sabitlik və əmin-amanlıq təmin edildi, islahatlar həyata keçirildi, iqtisadi tənəzzül cilovlandı. Azərbaycanın iqtisadi çiçəklənməsinə və təhlükəsizliyinə təminat verən böyük neft sazişləri imzalandı, iqtisadi, sosial və siyasi islahatlar strategiyası hazırlanaraq ardıcıl surətdə həyata keçirilməyə başlandı. Yeni, müstəqil Azərbaycan dövləti quruldu, dövlətçiliyin ideologiyası və təməl prinsipləri yaradıldı. Bütün mənalı həyatını ölkəmizin tərəqqisinə, insanların rifahının yaxşılaşdırılmasına həsr edən Ümummilli Liderimizin ən böyük arzusu işğal olunmuş torpaqlarımızın azad edilməsi idi. O, bunun üçün var qüvvəsi ilə çalışırdı. Bu gün onun ruhu şaddır, çünki Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Ulu öndərin özü qədər inandığı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz erməni faşizmini məhv edib. Hazırda Azərbaycan təkcə Cənubi Qafqazda, regionda deyil, dünyada yeni reallığı yaradıb”.
Hicran Hüseynova bildirib ki, böyük strateq Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirib:
“Heydər Əliyevin müəllifi olduğu 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olundu, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edildi. “Əsrin müqaviləsi”nin imzalanması, 1995-ci ildə Konstitusiyanın qəbul edilməsi, Şərqlə Qərbi birləşdirən qədim İpək Yolunun bərpa edilməsi tarixi əhəmiyyət kəsb edirdi”.
Komitə sədri hesab edir ki, indiki qlobal inkişaf zəminində dünyanın gender balansı böyük əhəmiyyət daşıyır:
“İnkişaf etmiş ölkələrdə gender stereotiplərinə kreativ yanaşma zamanın tələbidir. Bu da çoxəsrlik ənənələrə malik, Şərqlə Qərbin arasında körpü rolu oynayan Azərbaycan üçün prioritet xarakter kəsb edir. Ölkəmiz genderlə bağlı yeniliklərə ilk imza atan dövlətlərlə bir sıradadır. Ona görə ki, digər sahələrdə olduğu kimi gender problemində də bizim əlimizdən tutan bir böyük siyasi irs və siyasi məktəb var. Bu dahi Heydər Əliyev irsi, Heydər Əliyev məktəbidir. 90-cı illərin ortalarından başlayaraq ölkədə yaranan sosial və iqtisadi sabitlik qadın məsələlərinin inkişafına təkan verdi. Ölkə Prezidentinin qadınların ictimai-siyasi həyatda fəaliyyətinin artırılması və Konstitusiyanın verdiyi hüquqları müdafiə edən Fərman və Sərəncamları qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üçün irəliyə doğru atılmış addım oldu. Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanda qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət sferası mövcuddur”.
Deputatın fikrincə, zaman keçdikcə biz bir daha görürük ki, sözün hər mənasında, böyük və ibrətamiz həyat yaşamış ümummilli lider Heydər Əliyevin ideya dünyasının, təməlini qoyduğu siyasi kursun, strateji inkişaf xəttinin ömrü çox uzaq gələcəyə hesablanıb:
“Yaxın tarixə nəzər salanda bir daha şahid oluruq ki, Heydər Əliyev dühasının xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz”.