10 May 2022 17:42
1 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Müstəqil Azərbaycanın gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyuldu. Müstəqilliyin ilk illəri kifayət qədər mürəkkəb dövr idi və müxtəlif istiqamətlərdən gəncləri təsir altına salma cəhdləri xüsusilə təhlükə yaradırdı. Bu baxımdan düzgün gənclər siyasəti reallaşdırmaq, gəncləri dövlətçilik və milli maraqlar ətrafında birləşdirmək olduqca vacib idi. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər bütün təhlükələrin qarşısını aldı.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O qeyd edib ki, Azərbaycan gəncinin vətənpərvər ruhda, milli-mənəvi dəyərlərə bağlı formalaşması təmin olundu:

“Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzaladı. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Beləliklə gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılması təmin olundu. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilir. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında mühüm tarixi vəzifə müəyyənləşdirdi: Hər bir Azərbaycan gənci hər şeydən çox müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

Millət vəkili hesab edir ki, gəncliyin sağlam ruhlu, yüksək mənəvi keyfiyyətə və intellektə malik olması hər bir dövlət üçün önəmlidir:

“Cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, deməli, inkişaf və inteqrasiya məhz onlarla birgə addımlayır. Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramlarının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin nəticəsidir. 2005, 2007, 2017-ci illərdə “Azərbaycan gəncliyi Dövlət Proqram”ları qəbul olundu, 2007-ci ildə “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis edildi. 2017, 2021-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiq edildi. Bu gün Azərbaycan gənci ən yüksək səviyyədə dəstəklənir, ictimai-siyasi proseslərdə gənclərin fəallığı müşahidə olunur. Müasir Azərbaycan gəncliyi Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən və məqsədyönlü gənclər strategiyasına sadiqdir. Milli-mənəvi dəyərlərin qorunub saxlanması müasir gəncliyin vətənpərvər ruhda formalaşmasına zəmin yaratdı”.

Deputatın fikrincə, gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması, ərazi bütövlüyü məsələsində Ali Baş Komandandan götürülən nümunələr 44 günlük müharibədə həlledici rol oynadı:

“Vətən müharibəsində əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdi. Prezident İlham Əliyevin də söylədiyi kimi: “Döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə mən hakimiyyətə gələndə uşaq olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər!”.

Müstəqillik dövründə, ümummilli lider Heydər Əliyevin siyasi irsi, azərbaycançılıq ideologiyasının təsiri altında, Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə vətənpərvərlik ruhunda yetişən Azərbaycan gənci bilərəkdən Vətən uğrunda ölümə gedirdi. İkinci Qarabağ müharibəsində həlak olanların böyük əksəriyyəti gənc nəslin nümayəndələri idi. Onların heç biri Qarabağda olmamışdı, bu diyarı görməmişdilər, amma onların qəlbində yaşayan milli ruh, ədalət və Vətən sevgisi onları ölümə aparırdı”.

Könul Nurullayeva bildirib ki, müstəqillik dövründə yetişən, vətənpərvərlik ruhunda böyüyən gənclərin tarixi Zəfərin əldə olunmasında misilsiz xidmətləri var:

“Ulu öndərin Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyi, torpaqlarımızın işğaldan azad olunacağı və soydaşlarımızın öz torpaqlarına qayıdacağı ilə bağlı fikirləri onun davamçıları, vətənpərvər gənclər tərəfindən reallığa çevrildi. Sevindirici haldır ki, bu gün Azərbaycan gəncləri həm də Böyük Qayıdış Konsepsiyasının icrasına cəlb olunaraq, fəallıq nümayiş etdirirlər. Azərbaycançılıq ideologiyasına sadiq qalan Azərbaycan gəncləri cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər