“Nə? Harada? Nə vaxt?” televiziya oyununun iştirakçısı Rövşən Əsgərov Rusiya Daxili İşlər Nazirliyi tərəfindən cinayət maddəsi ilə axtarışa verilib.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat Rusiya Daxili İşlər Nazirliyinin axtarış bazasında mayın 11-də yerləşdirilib.
“4 may 1972-ci il təvəllüdlü Rövşən Əsgərov Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib”, - məlumat bazasında deyilir. Onun hansı maddə ilə axtarışa verildiyi dəqiqləşdirilməyib.
Aprelin sonunda Rusiya İstintaq Komitəsinin müstəntiqləri Əsgərova qarşı nasizmin reabilitasiyası (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi) üzrə cinayət işi açıblar. İstintaq müəyyən edib ki, o, aprelin 6-dan gec olmayaraq “Facebook” səhifəsində Sovet İttifaqı marşalı Georgi Jukovun xatirəsini təhqir edən və qəsdən gözdən salan yalan məlumatlar dərc edib.
R.Əsgərov “Sport-Ekspress” qəzetində icmalçı, NTV-nin müxbiri, 2009-cu ildən “Baku” jurnalının piar direktoru vəzifəsində çalışıb. O, 30 ilə yaxındır ki, “Nə? Harada? Nə vaxt?” televiziya oyununun iştirakçısıdır. 2001-ci ildə “Kristal bayquş” mükafatı alıb.