12 May 2022 09:14
1 607
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın Azərbaycana qarşı Ukraynada olduğu kimi davranması mümkün deyil. Çünki Azərbaycanın qurduğu de-yure və de-fakto ittifaqlar var. Türkiyə ilə əldə edilmiş müttəfiqlik haqqında Şuşa bəyannaməsi və digər bir sıra ölkələrlə imzalanmış müqavilələr də bura daxildir. Eyni zamanda, bəzi ölkələrlə təhlükəsizliklə bağlı imzalanmamış, amma razılaşdırılmış anlaşmalar var. Azərbaycan bu kimi məsələlərə qarşı kifayət qədər ağıllı davranır, xarici siyasətini də doğru qurub. Rusiya da anlayır ki, Azərbaycana qarşı hansısa mənfi addımın atılmasının qarşısında Türkiyənin olacağı ehtimalı da var”.

ReAl partiyası sədrinin müavini Natiq Cəfərlinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Rusiya artıq neçənci dəfədir, Azərbaycanı öz ərazilərində xarici ölkələrin bioloji laboratoriyalarının fəaliyyətinə icazə verməkdə ittiham edir. Bu məsələ əvvəlcə ekspertlər səviyyəsində gündəmə gətirilsə də, bu dəfə Rusiyanın BMT-dəki nümayəndəsi bu haqda danışıb. Sizcə, Rusiyanın bu əsassız ittihamlarının arxasında hansı niyyətləri var?

- Rusiyadan təkcə bizə yox, bir çox keçmiş sovet respublikasına qarşı belə ittiham səsləndirilib. Bunun arxasında duran əsas məqsəd təzyiqdir. Rusiya ətrafındakı ölkələri ittiham etməklə və ya dünyada maraq doğuran bu məsələ ilə diqqət çəkmək istəyir. Rusiya Ukraynaya qarşı da belə ittiham irəli sürmüşdü. İddia edirdi ki, guya Ukraynada bioloji laboratoriyalar var. Guya Rusiya həm də bu “laboratoriyalardan gələn təhlükə”nin qarşısını almaq üçün Ukraynaya müdaxilə edib və dünyanı “təhdidlər”dən xilas edir. Rusiya uzun müddət buna bənzər nağıllar danışdı.

İndi bu, dünyada maraq doğuran mövzu olduğundan Rusiya digər qonşuları ilə yanaşı, Azərbaycana qarşı da belə əsassız ittihamlar səsləndirməklə ona təzyiq edə biləcəyini düşünür. Yəni bu, Rusiyanın Azərbaycana təzyiq elementlərindən biridir.

- Bəs Rusiyanın bu kimi saxta ittihamlarla Azərbaycana müdaxilə etmək ehtimalı nə qədərdir?

- Rusiyanın Azərbaycana qarşı Ukraynada olduğu kimi davranması mümkün deyil. Çünki Azərbaycanın qurduğu de-yure və de-fakto ittifaqlar var. Türkiyə ilə əldə edilmiş müttəfiqlik haqqında Şuşa bəyannaməsi və digər bir sıra ölkələrlə imzalanmış müqavilələr də bura daxildir. Eyni zamanda, bəzi ölkələrlə təhlükəsizliklə bağlı imzalanmamış, amma razılaşdırılmış anlaşmalar var. Azərbaycan bu kimi məsələlərə qarşı kifayət qədər ağıllı davranır, xarici siyasətini də doğru qurub. Rusiya da anlayır ki, Azərbaycana qarşı hansısa mənfi addımın atılmasının qarşısında Türkiyənin olacağı ehtimalı da var.

Türkiyə indi Rusiya üçün vacib ölkədir. Hətta bir nəfəslik, bir pəncərədir. Türkiyənin sanksiyalara qoşulmaması Rusiyanın bəzi sahələrdə rahat nəfəs almasına şərait yaradır. Ən azı Rusiya vətəndaşları və hava şirkətləri dünya ilə əlaqələrini Türkiyə üzərindən qururlar. Bunun özü də Rusiyaya ciddi dəstəkdir. Bu nəfəsliyin də bağlanması onun üçün daha ciddi problemlərə səbəb ola bilər. Eyni zamanda, Rusiya və Türkiyə arasında bir çox sahələrdə əməkdaşlıq, “Türk Axını” layihəsi və müqavilələr də var. Rusiya Türkiyədə atom elektrik stansiyası (AES) tikir, bir çox başqa layihələr də var ki, Moskva bunları nəzərə alaraq Ankara ilə münasibətlərinin korlanmasını istəməz.

- Amma bir sıra ölkələr Rusiyanın müharibə cəbhəsini onlara qədər genişləndirəcəyindən narahatdır. Bura Moldova, Finlandiya və İsveç kimi ölkələr daxildir. Rusiyanın bu qədər gücü varmı və ya Ukraynadakı müharibədən sonra bu qədər gücü qalacaqmı?

- Təbii ki, Rusiyanın belə planları var, bunu heç kim inkar etmir. Hətta Rusiya qondarma Dnestryanı Respublikasına quru dəhlizi açmaq və oranı da tamamilə öz nəzarətinə keçirmək kimi ambisiyaları mövcuddur. Bunu da rus ordusunun ən yüksək vəzifəli generalları belə dillərinə gətiriblər. Amma bu planları realizə etmək imkanları getdikcə zəifləyir. Çünki Rusiyanın Ukraynada iki günə bitirmək istədiyi müharibə təxminən üç aya yaxındır davam edir. Yəni Rusiya hətta Ukraynada qarşısında qoyduğu hərbi hədəflərə çatmaqda çətinliklərlə qarşılaşıb. Bu çətinliklər bu kimi planların həyata keçirilməsinə maneə olur. Rusiyanın Ukraynada ciddi canlı qüvvə və texniki itkiləri var.

Dediyim kimi, belə planları var və imkan olduqca bunu reallaşdırmaq istəyəcək. Amma buna potensialının olub-olmadığı ciddi suallar doğurur. Çünki Ukrayna məsələsini iki-üç günə həll edəcəyini rəsmən açıqlamış Rusiya var idi ki, artıq başladığı müharibə üçüncü aya çatır. Bu da Rusiyanın beynəlxalq imicinə və nüfuzuna ciddi zərbə vuran amilə çevrilib.

- ABŞ və Avropa Birliyi açıqlama verərək, Azərbaycan və Ermənistanın sülh gündəmini dəstəklədiklərini bildirdi. Bu anlamda, Qərbə inanmalıyıqmı? Məsələn, Qərb dövlətlərinin bu çərçivədə Azərbaycanın prinsiplərini qəbul edəcəkləri ehtimalı varmı?

- Azərbaycanın açıqladığı 5 prinsip beynəlxalq hüquq normaları çərçivəsindədir. Yəni bunun qəbul edilməməsi mümkün deyil. Ermənistan da buna qarşı əks arqument tapmadı. Hətta Ermənistan Xarici İşlər Nazirliyi səviyyəsində bu prinsiplərin məqbul olduğunu açıqlayıb. Amma əlavə təkliflərlə çıxış edəcəklərini də dedilər. Ümumilikdə isə Cənubi Qafqazda sülhün bərqərar olması ABŞ və Avropa Birliyinin də maraqları çərçivəsindədir. Hesab edirəm ki, onların hədəflərindən biri də, Rusiyanın Cənubi Qafqazdakı təsir mexanizmlərinin zəifləməsidir. Bu, bizim bölgə ilə bağlı beynəlxalq rəqabətin tərkib hissəsidir.

Qənaətimə görə, həm dövlət, həm də regional maraqları çərçivəsində ABŞ və Avropa Birliyi Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarının müsbət nəticələr verməsini istəyə bilər. Ermənistandakı son proseslər də göstərir ki, Kreml sülh danışıqlarından narahatdır. İrəvandakı etiraz aksiyalarına rəhbərlik edən Köçəryan-Sərkisyan klanının arxasında Rusiyanın dayanması ehtimalı kifayət qədər güclüdür.

- Bəs Ermənistanda davam edən bu etirazlar hansı nəticələrlə yekunlaşa bilər?

- Görünən budur ki, erməni əhalisinin böyük əksəriyyəti bu aksiyaları görməzdən gəlir. Yəni aksiyaların ciddi iştirakçısı yoxdur. Ermənistan müxalifətinin özü də etiraf edib ki, ən kütləvi aksiyaya ən çox 15 min insan qatılıb. Halbuki İrəvanda 1.3-1.4 milyon insan yaşayır. Bu da onu deməyə əsas verir ki, bu proses çox kiçik bir kütlə dəstək verir. Bu, həm də o deməkdir ki, bu prosesə susqun qalan erməni xalqının mütləq əksəriyyəti sülh istəyir, müharibəyə qarşıdır. İkinci Qarabağ müharibəsindən bir neçə ay sonra keçirilən parlament seçkilərində Nikol Paşinyanın yenidən seçilməsi də bunun əyani sübutudur. Bu, nadir görünən bir hadisədir ki, müharibəni uduzan lider seçkilərdə böyük üstünlüklə qalib gəlir. Bu da onu göstərir ki, erməni xalqının mütləq hissəsi müharibə istəmir.

Etirazlara gəldikdə, Paşinyan və komandasının bu təzyiqləri dəf edəcəyi ehtimalı yüksəkdir. Hətta Paşinyanın bu günlərdə Hollandiyaya səfərinin planlaşdırılması ondan xəbər verir ki, o, özünü xarici ölkəyə gedəcək qədər güvəndə hiss edir. Yəni bu prosesin ciddi nəticə verməyəcəyindən əmindir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər