11 May 2022 19:00
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya üçün indi Nikol Paşinyan ən əlverişli fiqurdur. Buna qədər Rusiyanın adamları 20 ildir ki, Ermənistanda hakimiyyətdə olub. Amma onların yürütdüyü siyasət Rusiyanın Qafqaz siyasətini bərbad vəziyyətə qoydu. Bu mənada ehtimal etmirəm ki, Moskva yenidən Sərksiyan-Köçəryan duetinə və ya onlar tipli fiqurlara etimad göstərsinlər”.

Bu fikirləri politoloq Cümşüd Nuriyev Teleqraf.com-a Ermənistanda hakimiyyət-müxalifət qarşıdurması və müşahidə olunan etiraz aksiyaları haqqında danışarkən deyib.

O xatırladıb ki, baş nazir Nikol Paşinyanın müəllimləri çox güclüdür: “Paşinyan özü də proseslərdə çox güclü formada oynayır. Özünü Rusiyanın yaxın adamı kimi göstərir, amma Qərbin əlinə oynayır. Odur ki, burada təkcə Rusiya deyil, ehtimalla İranın da müəyyən təsirləri var. Xüsusilə, bu prosesdə erməni kilsəsi mühüm rola malikdir. Nəzərə almaq lazımdır ki, kilsə gəlirlərindən məhrum olub. İllərlə dövlət statusunda olan kilsə avam ermənilərin və ianələrin hesabına yüksək səviyyədə dolanıb, özlərinə biznes qurublar. Dini biznes Ermənistanda yüksək səviyyədə idi. Amma Azərbaycan ordusunun qələbəsindən sonra bu imtiyazlar kilsənin əlindən çıxıb. Odur ki, indi Ermənistanda bütün revanşist qüvvələr bir araya gələrək İrəvandakı hökuməti yıxmağa cəhdlər edir”.

Politoloqun sözlərinə görə, indiki erməni müxalifəti və ona qoşulan ünsürlərin erməni hökumətini yıxması mümkün görünmür: “Paşinyan necə gəlibsə, o cür də hakimiyyətini qoruyacaq. Təkrar seçkilər də keçirib. Ermənistanda 70 ziyalı Azərbaycanla sülh müqaviləsi ilə bağlı ona müraciət edib. Üstəlik Ermənistanda övladlarını itirən valideynlər də radikal müxalifətlə birlikdə deyil. Odur ki, Ermənistanda anti-Paşinyan hərəkatı aprelin 27-dən başlansa da, indi tədricən zəifləyir. Üstəlik Paşinyan müxalifətinin dilini bilir, hansı resurslara malik olduğunu müəyyən edə bilir. Eyni zamanda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ABŞ-da yüksək səviyyədə qəbul edilməsi, Rusiyanın tutduğu mövqe göstərir ki, indiki şəraitdə İrəvanda çevriliş və hökumət dəyişikliyi olmayacaq”.


Müəllif: Nemət

Oxşar xəbərlər