13 May 2022 09:23
3 601
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya bölgədə ümidsiz halda vurnuxur və regionda aranı qatmaqla vaxt qazanmağa çalışır. Amma mən zənn edirəm ki, çox da uzaq olmayan bir zamanda, məsələn, bir-iki aya bölgədə (Azərbaycanda) Türkiyənin hərbi bazalarının yerləşdirilməsi prosesinə başlanılacaq. Bu bazalar da hərbi hava qüvvələrindən tutmuş, dağ komandoları və xüsusi təyinatlılara qədər geniş qoşun növlərini özündə əhatə edəcək. Bölgədə dövlət və güc nisbəti Azərbaycanla Türkiyənin xeyrinə dəyişəcək. Belə bir vəziyyətdə Rusiyanın müqavimət göstərməsi və ya hansısa addım atması xeyli çətinləşəcək”.

Politoloq Qabil Hüseynlinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- ABŞ Dövət katibi Entoni Blinken növbəti dəfə Azərbaycan Prezidenti İlham Əliyevə zəng etdi. Blinken telefon zəngində Azərbaycan-Ermənistan sülh danışıqlarına dəstəyini bildirdi. Bundan əvvəl də, ABŞ Dövlət Departamenti tərəfləri tezliklə sülh müqaviləsi imzalamağa çağırmışdı. Sizcə, ABŞ sülh prosesini irəli apara bilərmi?

- Zənnimcə, irəli apara bilər. Amma bir şərtlə ki, Amerika Ermənistandakı Rusiya agentura şəbəkəsinə qarşı mübarizəni təşkil edə bilsin. Üstəlik, bunun üçün həm Rusiyanın, həm də onun “5-ci kolon”unun Ermənistanda sülh prosesinə yaratdığı əngəlləri aradan qaldırmalıdır. Rusiya bu gün Ermənistanda at oynadır. Rusiyanın Ermənistanda bütün ranqlardan olan agentura şəbəkəsi müxalifət cildi altında əhalinin müəyyən hissəsini öz girovuna çevirə, Paşinyan əleyhinə qaldıra bilib. Paşinyan da publikanın əhval-ruhiyyəsinə uyğun olaraq, həm sülhyaratma prosesində aktivliyini azaldıb, həm də əvvəllər bununla bağlı səsləndirdiyi fikirlərdən geri çəkilib. Xüsusilə “Dağlıq Qarabağın statusu” məsələsində israrlı mövqe tutmağa başlayıb. Halbuki o, əvvəllər belə demirdi, bildirirdi ki, “Dağlıq Qarabağın statusu” Azərbaycan Konstitusiyası çərçivəsində həll edilməlidir.

İndi bir tərəfdə Rusiyanın qızışdırdığı və dirsəklərinə qədər qana batmış Ermənistan müxalifəti, bir tərəfdə də hakimiyyətini itirməkdən qorxan və söylədiyi fikirləri ictimai rəyə uyğunlaşdırmağa çalışan baş nazir var. Paşinyan Azərbaycana qarşı həqiqətə uyğun olmayan ittihamlar irəli sürür. Xüsusən də humanitar məsələlərlə bağlı. Guya biz “hərbi əsirlər”i qeyri-qanuni şəkildə saxlayırıq və s. Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər fonunda onun dedikləri heç bir əhəmiyyət kəsb etmir. Təkcə işğaldan azad edilmiş ərazilərdə basdırılmış minalar və bunların xəritələrinin verilməməsini, bundan başqa, dinc yaşayış yerlərində törədilmiş soyqırımı nəzərə aldıqda Ermənistan tamamilə pis vəziyyətdə qalır.

Serj Sərkisyan, Robert Köçəryan, Seyran Ohanyan və Artur Vanetsyan kimi cinayətkar ünsürlər müxalifət adı altında Ermənistanın ictimai-siyasi həyatını nəzarətə almağa çalışırlar. Sözsüz ki, onlar Rusiyanın Gümrü və Erebunidəki hərbi bazalarından tapşırıq və dəstək alırlar. Yəni Rusiya Ermənistandakı vəziyyəti kifayət qədər qarışdırıb. Eyni zamanda, heç bir nəticəsi olmayan görüşlər təşkil edir. Lavrovun iştirakı ilə Düşənbədə Bayramov və Mirzoyanın görüşünün keçirilməsi də bura daxildir. Rusiyanın vasitəçilik etdiyi belə görüşlərin prosesə müsbət çalar qazandıracağını düşünmürəm. Çünki Rusiya həm ABŞ, həm də Avropa Birliyinin səyləri nəticəsində bünövrəsi qoyulmuş sülh prosesini kökündən dağıtmaq istəyir. Bölgədə qeyri-sabit vəziyyət yaratmaqla, regiondakı təsir vasitələrini qoruyub-saxlamağa çalışır. Çünki bölgəyə ABŞ və Avropa Birliyi gəlirsə, bu, bölgədə Rusiyanın sonu demək olacaq və Cənubi Qafqazı tərk etmək məcburiyyətində qalacaq.

- Rusiya Ermənistanla yanaşı, Qarabağda da pozucu addımlar atır. Qarabağda yaradılmış “rus icması” fəallaşıb. Bu “icmanın rəhbəri” bölgədə müxtəlif görüşlər keçirir, müəyyən mesajlar verir. Bəs Rusiyanın bu oyununun arxasında hansı niyyətləri var?

- Bundan əvvəl Xankəndidə “rus icması” yaratmışdılar, indi də Ağdərədə “Rus Mərkəzi” açıblar. Söhbət ermənilərin belə barmaqla sayıla biləcək qədər az olduğu bir ərazidən gedir. Bir nəfər belə rusun olmadığı yerdə “rus icması” formalaşdırırlar. Ruslar gülüş doğuran, əsası olmayan və başdan ayağa saxtakarlıqla dolu olan işləri görməkdə mahirdirlər. İndi belə separatçı addımları Qarabağda atmağa başlayıblar. Onlar açıq şəkildə iddia edirlər ki, “Dağlıq Qarabağ Rusiya torpağı”dır. Orada “rus icması” qurmaqla gələcəkdə bölgədə yaşayan insanlara Rusiya pasportlarının paylanılması və buranın “rus bölgəsi” olması barədə mifik təsəvvürlərin formalaşdırılmasına şərait yaratmağa çalışırlar. Abxaziya və Dnestryanı bölgədə də belə ediblər, Cənubi Osetiyada da bunu planlaşdırırlar.

Rusların uydurmalarla dolu bu separatçı addımları birbaşa Azərbaycanın suverenliyinin əleyhinədir. Biz bununla barışmayacağıq. Azərbaycan qardaş Türkiyə ilə birlikdə Rusiyanın bu hoqqabazlığına qarşı sərt mövqe ortaya qoyacaq.

- Bölgədə vəziyyət qarışıq - mürəkkəb görünür. Bir tərəfdə sülhə çağırış edən Qərb, bir tərəfdə də öz prinsiplərini diktə etməyə çalışan Rusiya var. Belə bir durumda bölgə və ya Cənubi Qafqaz Qərb və Rusiya arasındakı geosiyasi qarşıdurmanın yeni meydanına çevrilə bilərmi?

- Artıq çevrilib. Rusiya bölgədə vurnuxur. Azərbaycan isə Rusiya ilə birgə hərəkət etmir, müstəqil siyasət yürüdür. Üstəgəl, son vaxtlarda Azərbaycanın timsalında Qazaxıstan, Özbəkistan və müəyyən qədər Türkmənistan da müstəqil addımlar atmağa başlayıb. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Ankaraya səfəri və bu çərçivədə əldə edilmiş razılaşmalar bölgənin gələcək geostrateji arxitekturasının yenidən qurulmasına xidmət edəcək. Yəni artıq Azərbaycan və Orta Asiya ölkələri karbohidrogen ehtiyatlarını Qərb bazarlarına çıxarmaq üçün nəhəng layihə üzərində razılığa gəliblər. Bu razılaşmanın çox sürətlə həyata keçirilməsinə başlanılacaq. Bu, Rusiyanın bölgədəki təsir dairəsinin tamamilə aradan qalxmasına gətirib çıxarmalıdır.

Rusiya bölgədə ümidsiz halda vurnuxur və regionda aranı qatmaqla vaxt qazanmağa çalışır. Amma mən zənn edirəm ki, çox da uzaq olmayan bir zamanda, məsələn, bir-iki aya bölgədə (Azərbaycanda) Türkiyənin hərbi bazalarının yerləşdirilməsi prosesinə başlanılacaq. Bu bazalar da hərbi hava qüvvələrindən tutmuş, dağ komandoları və xüsusi təyinatlılara qədər geniş qoşun növlərini özündə əhatə edəcək. Bölgədə dövlət və güc nisbəti Azərbaycanla Türkiyənin xeyrinə dəyişəcək. Belə bir vəziyyətdə Rusiyanın müqavimət göstərməsi və ya hansısa addım atması xeyli çətinləşəcək.

Üstəgəl, ABŞ və Avropa Birliyinin bölgədə gedən proseslərə qəyyumluq etməsi səbəbindən Rusiya Ukraynada olduğu kimi, burada da aciz vəziyyətdə qalacaq və getdikcə müqaviməti heçə enəcək. Bölgə yenidən şəkillənir və burada yeni düzənin qurulması üçün ciddi səylər göstərilir. Buna qarşı müəyyən çətinliklər və əngəllər olacaq, amma bölgə Orta Asiya və Cənubi Qafqazdan Türkiyəyə qədər yenidən dizayn ediləcək. Bu baxımdan, Cənubi Qafqazın yeni düzənin qurulmasına ev sahibliyi edəcəyini desək, yanılmarıq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər