“Rusiya Ukrayna ilə müharibədə qalib gələcək. Amma bu müharibə vaxt aparacaq, çünki Rusiya az qüvvə ilə müharibə aparır. Bu müharibədə yalnız müqavilələr iştirak edir. Təxminən Ukraynada 100-120 min əsgər vuruşur. Onlar əsas obyektləri və şəhərləri ələ keçirməyə çalışır”.
Bunu Teleqraf.com-a Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.
O qeyd edib ki, Xerson şəhəri Donbasa aid deyil,amma tamamilə götürülüb:
“Rus ordusu Luqanskın sərhədlərinə artıq çatıb. Bir azdan Donetskin sərhədlərinə də çatacaqlar. Hesab edirəm ki, rus ordusu Donbası götürüb dayanmayacaq. Əsas məqsəd Ukraynanın silahsızlaşdırılması və onların fikri ilə desək, hakimiyyətdə təmsil olunan bəzi faşist qüvvələrin vəzifədən getməsidir. Bəziləri qeyd edirlər ki, artıq Rusiya müharibə başlayan zaman səsləndirdiyi tələbləri səsləndirmir. Bu səhv yanaşmadır. Sadəcə indi Putin qısa və konkret deyir: Qarşımıza qoyduğumuz məqsədlərə çatana qədər... Məqsədlər də elə mən dediklərimdir. Yəni Rusiyanın məqsədləri dəyişməyib”.
Araz Əlizadə bildirir ki, Rusiya-Ukrayna müharibəsi qısa müddətdə bitməyəcək, amma illərlə də uzanmayacaq: “Məncə, payızın sonuna qədər məsələ həll ediləcək”.
ASDP sədri eyni zamanda Finlandiyanın NATO-ya üzv olmasını Rusiya üçün pis ssenari adlandırıb: “Bu, Rusiya üçün artıq təhlükədir. ABŞ gətirib Finlandiyaya öz raketlərini qoysa, təxminən Ukraynadakı vəziyyət yaranacaq. Çünki oradakı raketlər təxminən 4 dəqiqəyə Moskvaya çatır. Rusiyanın Finlandiyaya hücumunu gözləmirəm, yəqin ki, Rusiya qarantiyalar tələb edəcək. Ümid edirəm ki, fin-rus savaşı olmayacaq. Əslində Ukraynanı şirnikləndirdilər və faktiki Rusiyanı da oyuna saldılar”.
Araz Əlizadə ABŞ-da qəbul olunan Lend-liz haqqında qanun haqqında da danışıb: “Zamanında Lind-liz haqqında qanunla SSRİ-yə kömək ediblər. İndi Ukrayna ilə bağlı belə bir qanun qəbul edilir. Bu, o deməkdir ki, Ukraynaya silah yardımı davam edəcək. Başqa sözlə, Ukraynaya silah verəcəklər, aclıq yaransa çörək verəcəklər. Qanun bundan başqa Ukraynaya hər hansı bir üstünlük verməyəcək”.