13 May 2022 14:11
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda möhkəm ictimai-siyasi sabitlik mövcuddur. Ölkədə heç kəs mövqeyinə, fikirlərinə, dini və milli ayrı seçkiliyə görə təqib edilmir. Azərbaycan artıq dünyada bütün dinlərin dostluq və mehriban bir müstəvidə inkişaf etdiyi ölkə kimi tanınır. Ölkəmizin bu mövqeyi digər ölkələr üçün örnək hesab edilir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Onun sözlərinə görə, Azərbaycan bölgə və bütün dünya üçün başlıca təhlükə yaradan problemi öz gücü ilə həll edib:

“Dövlətimiz beynəlxalq hüququn, dünyanın bir nömrəli təşkilatı olan BMT-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamələrini təkbaşına reallaşdırıb. Bununla da Azərbaycanın beynəlxalq hüquq müstəvisində tanınan suverenliyi təmin olunub”.

Millət vəkilinə görə, Azərbaycan 44 günlük müharibədən dərhal sonra Ermənistana 30 ildən artıq davam edən düşmənçilyi kənara qoyub sülh müstəvisində iş aparmağı təklif edib:

“Ölkə başçısının sərgilədiyi mövqe məhz bunu açıq şəkildə ifadə edir. Çünki Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh Cənubi Qafqazda daimi sabitliyin təminatı üçün başlıca amil olacaq. Bu mənada ölkəmiz 10 noyabr 2020-ci ildə üçtərəfli Bəyanatın imzalanmasından sonra sülh və təhlükəsizlik, qarşılıqlı əməkdaşlıq üçün bütün platformalarda aktiv iş aparır. Müharibədən sonra Ermənistanla bir neçə dəfə keçirilən görüş, sülh platformasının yaradılması istiqamətində atılan addımlar bunu təsdiqləyir. Moskvada keçirilən görüşlər, Brüssel formatı, ötən gün xarici işlər nazirlərinin Düşənbədəki üçtərəfli tərkibdə görüşü sülh prosesi üçün başlıca töhvə hesab edilir”.

Cavid Osmanovun fikrincə, Azərbaycanın yerləşdiyi bölgədə aparıcı mövqeyi dünyada aktiv və hörmət edilən bir dövlət imici bir çox məqamlarda bəziləri üçün qısqanclıq yaradır:

“Ara-sıra sərgilənən mövqelər Azərbaycanı tutduğu yoldan hansısa vasitələrlə yayındırmağa hesablanıb. Bunun üçün həm daxildə, həm də xaricdə bəzi qüvvələr və mərkəzlər iş aparmağa, kompaniyalar təşkil etməyə cəhdlər edir. Bir sıra qeyri-hökumət təşkilatları formatında Azərbaycanda daxili gərginlik yaratmaq, guya hansısa insanların təqiblərə məruz qalması haqqında fikir və görüntü formalaşdırmağa yönəlmiş yanlış yanaşmaları mümkün qədər dövriyyəyə buraxmağa çalışırlar. Məqsəd Azərbaycan cəmiyyətində formalaşmış sterotiplərə qarşı çıxmaq, diskriminasiya yaratmaq, dözümsüzlüyü təbliğ etməkdir. Amma bütün bunlar da sözsüz ki, heç bir məntiqə və real fakta əsaslanmayan cəfəng fikirlərdir. Azərbaycanda sağlam cəmiyyət-dövlət münasibətləri var. Ölkəmizdə insanlar heç bir təzyiq və təqiblə üzləşmədən sərbəst şəkildə öz mövqeyini ifadə edir. Ona görə kimlərinsə qalib Azərbaycanda qeyri-stabil mühit arzu etməsi elə həmişə olduğu kimi ürəklərində qalacaq. Çünki stabilliyə və rahat firavan həyata oturuşmuş Azərbaycan cəmiyyəti bu cür dağıdıcı fikirlərə əhəmiyyət vermir və verməcəyək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər