Azərbaycan Prezidenti İlham Əliyevin dəniz üzərində inşa edilən Rizə-Artvin hava limanının açılışına dəvət olunması və buradakı iştirakı qardaş Türkiyə ilə ölkəmiz arasındakı münasibətlərin ən yüksək səviyyədə olduğunu bir daha hər kəsə - dostlarımıza da, düşmənlərimizə də açıq şəkildə göstərir.
Bunu Azərbaycan prezidentinin Türkiyə səfərini Teleqraf.com-a şərh edərkən “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli deyib.
Ekspert Azərbaycan və Türkiyə liderlərinin arasındakı dostluq əlaqələrinin iki ölkə arasındakı münasibətlərin inkişafı ilə yanaşı, bütün türk dünyasında da əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini bildirib:
“Bu layihə təkcə Türkiyə yox, bütün türk dünyası üçün qürur duyulacaq proyektlərdən biridir. Bu, dəniz üzərində inşa edilən nəhəng limandır. Türkiyə xoş və kədərli günlərində Azərbaycanın yanında olduğu kimi, eynilə, Azərbaycan da hər zaman qardaş Türkiyənin yanındadır. Şübhəsiz ki, xoş günlərdə bir yerdə olmaq daha gözəldir. Azərbaycan prezidentinin Türkiyə üçün böyük önəm kəsb edən bu limanın açılışında iştirakı qədər təbii heç nə ola bilməz. Bu, Türkiyə və Azərbaycan arasındakı münasibətlərin konkret bir zaman kəsimində deyil, uzun bir yol gəldiyini və bundan sonra da bu yolun eyni qaydada davam etdiriləcəyini nümayiş etdirir.
Hər iki dövlətin başçısının qarşılıqlı olaraq Azərbaycan və Türkiyə xalqlarının bir-birinə olan sevgisinin ifadəçisi kimi çıxış etmələri, dövlətlərarası münasibətlərdə nadir hallarda rast gəlinən sədaqət nümayiş etdirmələri qürurvericidir, gələcək nəsillər və bütün türk dünyası üçün örnək olmalıdır.
Məhz Azərbaycan-Türkiyə birliyi və bu birlik üzərindən əldə edilən uğurlar türk dünyası üçün də bir əməkdaşlıq modelinə çevrilib. İdeoloji aspektdə və praktiki olaraq atılan addımlarda İsmayıl bəy Qaspıralının “sözdə, fikirdə, işdə birlik” düsturu məhz Türkiyə və Azərbaycan liderlərinin timsalında gerçəkliyə çevrilir. Tarixin heç bir dönəmində bu qədər möhkəm qardaşlıq nümunəsinin şahid olmamışıq”.
Elçin Mirzəbəyli Türkiyə prezidentinin işğaldan azad edilmiş Füzuli rayonunda beynəlxalq hava limanının açılışındakı iştirakına da diqqət çəkib:
“Məlum olduğu kimi, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərlər edib. Türkiyə lideri “Qarabağın hava qapısı” sayılan Füzuli hava limanının açılışına qatılıb. Eyni zamanda, biz bu dönəmdə Türkiyə və Azərbaycan arasında müttəfiqlik haqqında Şuşa bəyannaməsinin imzalanmasının şahidi olmuşuq. Şuşa bəyannaməsi Azərbaycan və Türkiyə xalqlarının tarix boyu arzuladıqları, amma həyata keçirilməsi mümkün olmayan hadisənin gerçəkləşməsidir.
Müttəfiqlik haqqında Şuşa bəyannaməsi o qədər geniş və o qədər əhəmiyyətli sənəddir ki, həm öz mahiyyətinə, həm də daşıdığı mənəvi yükə görə buna qədər digər dövlətlər arasında imzalanmış bütün sənədlərdən də qat-qat yüksəkdə dayanır. Bu, Türkiyə-Azərbaycan qardaşlığı və dostluğunun əbədi olduğunu və əbədi olacağını bir daha bütün dünyaya nümayiş etdirir”.