14 May 2022 20:17
1 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğaldan azad olunduqdan sonra tarixi Şuşada artıq ikinci dəfə “Xarıbülbül” festivalı keçirilib. Bu il 12-14 may tarixlərində keçirilən bu festival mühüm siyasi və mədəni hadisəsi kimi yaddaşlara həkk olundu. III əsrlik bir şəhərdə keçirilən bu cür yüksək səviyyəli tədbir Qarabağın mədəni, tarixi simasını təcəssüm etdirib.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, 30 illik fasilədən sonra 2021-ci ilin 12-13 may tarixində birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunması böyük rəmzi məna daşıyırdı: “Bu, 44 günlük Vətən müharibəsində qazanılmış Böyük Zəfərin mədəniyyət sahəsində davamı idi. Ona görə ki, Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq münasibətləri çərçivəsində birgə yaşayır. Ölkəmizdə yaşayan bütün xalqların təmsilçiləri Vətənin ərazi bütövlüyü uğrunda çiyin-çiyinə birgə mübarizə aparmağı özləri üçün şərəf bilir. Bu baxımdan “Xarıbülbül” festivalı Azərbaycanda yaşayan bütün xalqların mədəniyyətini, folklor nümunələrini özündə əks etdiməklə yanaşı, Azərbaycanda mövcud olan tolerant və multikultural mühitə güzgü tutur”.

Millət vəkili hesab edir ki, Şuşada növbəti dəfə keçirilən "Xarıbülbül" festivalı eyni zamanda mədəniyyətimizin dünyada təbliğ olunması baxımından da olduqca mühüm hadisədir: “Heydər Əliyev Fondu tərəfindən təşkil olunan festivala bu il Azərbaycanda yaşayan xalqlarla bərabər çıxış etmək üçün dünyanın müxtəlif ölkələrindən bərabər iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən folklor kollektivləri dəvət edilib. Bu, Azərbaycan mədəniyyətinin, folklor nümunələrinin və multikultural dəyərlərin dünyada təbliğ olunması baxımından olduqca mühüm hadisədir”.

Tamam Cəfərova xatırladıb ki, Prezidenti İlham Əliyev tərəfindən Şuşa Azərbaycanın “Mədəniyyət paytaxtı”, TÜRKSOY-un isə 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edib: “Bu baxımdan Şuşa şəhərində keçirilən “Xarı bülbül” Beynəlxalq Folklor Festivalı müasir tariximizdə mühüm mədəni və siyasi hadisə kimi xalqımızın yaddaşında qalacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər