Azərbaycan-Türkiyə arasında mövcud dostluq, qardaşlıq münasibətlərinin dünyada analoqu yoxdur. Bu gün qürurla deyə bilərik ki, Azərbaycan ilə Türkiyə arasında olan münasibət dünya üçün bir nümunədir. Dünyada eyni soykökə malik qardaş xalqlar çoxdur, amma bu qardaşlığı müttəfiqlik səviyyəsinə qaldırmaq elə də asan bir məsələ deyil. Müttəfiqlik zirvəsinə çatmış Azərbaycan-Türkiyə münasibətləri günü-gündən daha da inkişaf edir. Bunun bariz nümunəsini Prezident İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Rizə-Artvin Hava Limanının açılışında iştirak etməsində gördük.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O hesab edir ki, Prezident İlham Əliyevin Rize-Artvin Hava Limanının açılışında iştirak etməsi vacib siyasi əhəmiyyət kəsb edir:
“Bu amil bir daha dünyaya göstərdi iki qardaş ölkə arasında əlaqələr əbədi və sarsılmazdır. Həm çətin gündə, həm xoş gündə Türkiyə və Azərbaycan bir-birinin yanında olub - bunu Prezident İlham Əliyev Rizə-Artvin Hava Limanının açılış mərasimindəki çıxışında xüsusilə vurğulayıb. İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. Otuzillik işğala son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır - deməsi bir çoxları üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq. Dövlət başçısının qeyd etdiyi kimi Azərbaycan xalqı bu dəstəyi heç zaman unutmur və unutmayacaq. Ona görə ki, xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri tarixin bütün sınaqlarından üzüağ çıxaraq, günümüzdə də yüksələn xətlə inkişaf edir. İki qardaş ölkə arasında yüksələn münasibətlərin rəsmi şəkildə təsdiqi olan tarixi müttəfiqlik haqqında Şuşa Bəyannaməsini bu baxımdan xüsusilə qeyd etməliyik. Prezident İlham Əliyevin də çıxışında qeyd etdiyi kimi: “Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik”.
Millət vəkilinə görə, Türkiyə prezidenti R.T. Ərdoğanın Azərbaycana səfərləri zamanı həmişə böyük çoşqu və sevgilə qarşılaşdığı kimi, Rizə-Artvin Hava Limanın açılışında xalq Azərbaycan Prezidentini də eyni çoşqu və sevgilə qarşıladı, bu da “iki dövlət, tək millət” şüarının hər iki xalqın ortaq dəyərinə çevirildiyinin təcəssümüdür:
“Türkiyə və Azərbaycanın beynəlxalq müstəvidə gündən-günə artan nüfuzu və dinamik inkişafı xüsusilə diqqət çəkir. Bu gün hər iki ölkə dinamik tərəqqi və inkişaf yolu keçir. İstər beynəlxalq arenada artan nüfuz, istərsə də xalqın rifah halının yaxşılaşdırılması sahəsində həyata keçirilən uğurlu siyasət davamlı inkişaf və tərəqqi ilə müşayiət olunur. Bunun əyani göstəricisini Rizə-Artvin hava limanının inşasında görə bilərik. Açıq dənizdə modernizasiya olunmuş hava limanının tikilməsi Türkiyənin texnoloji və mühəndis imkanlarından xəbər verir. Rize-Artvin ikinci belə hava limanı olması Türkiyənin bu istiqamətdə artıq peşəkarlaşmasını göstərir. Belə ki, haqqında danışdığımız hava limanının təməli 2017-ci il aprelin 3-də Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulan Türkiyədə Ordu-Giresun aeroportundan sonra dənizin doldurularaq inşa edildiyi ikinci, dünyada isə beşinci hava limanıdır. Belə bir hava limanının inşa edilərək xalqın istifadəsinə verilməsi mövcud tərəqqinin ən bariz nümunəsidir”.
Tamam Cəfərovanın fikrincə, Azərbaycan və Türkiyənin dövlət başçıları müstəqil, milli maraqlara xidmət edən siyasət yürüdərək öz dövlətlərinin inkişaf etməsinə tövfələrini verir:
“Prezident İlham Əliyev ilə Prezident Rəcəb Tayyib Ərdoğan arasında olan qardaşlıq münasibətləri təkcə iki ölkə arasında deyil, həm də bütün türk dünyasında əlaqələrin inkişaf etməsinə böyük töhfə verəcək”.