İki qardaş ölkə olan Azərbaycan və Türkiyə bütün platformalarda bir-birinə hər zaman açıq dəstək göstərir. Azərbaycanın təmsil olunmadığı platformalarda Türkiyə, Türkiyənin təmsil olunmadığı platformalarda Azərbaycan qardaş dəstəyini və mövqeyini ortaya qoyur. Hazırda dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın dost, qardaş. rəsmi müttəfiq ölkə yoxdur. Bu vaxta qədər çox böyük sınaqlardan keçən bu iki ölkə dünya miqyasında ən yaxın müttəfiq kimi nümunəvi xarakterə malikdir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor qeyd edib ki, iki ölkə arasında münasibətlər ən yüksək səviyyədədir: “Bu gün dünyada Azərbaycanla Türkiyə qədər bir-birinə yaxın olan ikinci nümunə yoxdur. Dənizin üzərində inşa edilən nəhəng layihə Rize-Artvin Hava Limanının iki qardaş ölkə rəhbəri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı ilə açılışı bunu bir daha təsdiqlədi. Bu, Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu və ardıcıl inkişaf etdiyini nümayiş etdirib. Açılış mərasimində Azərbaycan Prezidentinin iştirakı Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürü hesab edilir”.
Millət vəkili xatırladıb ki, bundan əvvəl Türkiyə Prezidenti işğaldan azad olunmuş Azərbaycan ərazilərinə səfər edib: “Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edib. Eyni zamanda iki ölkə arasında tarixi müttəfiqlik haqqında Şuşa bəyannaməsi imzalanıb. Tarixi əhəmiyyət daşıyan Şuşa bəyannaməsi Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq, Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirib. Bu amil iki qardaş dövlətin tarix, soykök, din, dil, mədəniyyət birliyinə söykəndiyini bir daha təsdiqləyir”.
Eldar Quliyev Azərbaycan və Türkiyənin həm də çətin günlərdə bir yerdə olduğunu söyləyib: “İkinci Qarabağ savaşında ilk saatlardan son günə qədər qardaş Türkiyə Azərbaycanın yanında oldu. Prezident İlham Əliyevin “otuzillik işğala son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxları üçün ciddi mesaj idi. Bu gün də Türkiyə Qarabağın bərpası prosesində də aktiv iştirak edir. Qardaş Türkiyə şirkətləri Qarabağda bərpa-quruculuq işlərində mühüm rola malikdir”.
Deputat bildirib ki, iki qardaş ölkənin münasibətlərinin ən yüksək səviyyəyə çatmasında dövlət başçıları arasında olan dostluq əlaqələrinin rolu böyükdür: “Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan arasında möhkəm dostluq təkcə iki ölkə arasında münasibətlərin inkişafına deyil, bütün türk dünyasında əlaqələrin möhkəmlənməsinə xidmət edir”.