Bu gün dünyada ikili standarların ortada olduğu göz önündədir. I Qarabağ müharibəsi, ondan sonrakı dövr, Vətən müharibəsi müddətində, bu gün də belə yanaşmalar var. Çünki Qərbin, eyni zamanda Rusiyanın müəyyən dairələri Ermənistanı tənqiddən, ağır vəziyyətdən qurtarmaq üçün daimi olaraq səy göstərirlər.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, sanki Ermənistanı "şıltaq" uşaq tək yola vermək siyasəti yeridilir:
“Əgər Ermənistanda olanların yüzdə biri Azərbaycanda baş versə idi, bu gün ölkəmiz çox böyük iradlara, sanksiyalara, siyasi zərbələrə məruz qalardı. Bir neçə gün öncə Bakının mərkəzində icazəsiz aksiya keçirilir. Polis çox təmkinlə davranır. Tutulan, cərimələnən, həbs edilən olmur. Amma bununla belə Böyük Britaniya səfirliyi Azərbaycan polisini zorakılıqda günahlandırır. İrəvanda isə yüzlərlə insan tutulur, onlara qarşı zorakılıq göstərilir. Bu məsələyə isə Qərbin gözü yumuludur. Sözsüz ki, bu da Ermənistana xüsusi münasibətin nəticəsidir. 44 günlük müharibədən sonra Ermənistanın işğalçı dövlət olmasına, infrastrukturun, mənzil fondunun dağıdılmamasına baxmayaraq, bu ölkəyə onun büdcəsi qədər, 2 milyard dollar yardım ayrılıb. Azərbaycana isə 100 milyon dollar yardım nəzərdə tutulub. Bu isə Azərbaycanın işğaldan azad edilən ərazilərində görəcəyi işlərin kiçik bir damlasıdır”.
Millət vəkili xatırladıb ki, bu gün Azərbaycan işğaldan azad edilən zonada bütün bərpa-quruculuq işlərini ancaq daxili imkanları, öz hesabına həyata keçirir:
“Çox təəssüf ki, biz belə bir dünyanın içində yaşayır, reallığı görürük. Amma bütün çətinliklərə baxmayaraq, dövlət olaraq öz problemlərimizi həll edirik. Ölkə vətəndaşlarının daha yaxşı yaşaması üçün addımlar atılır”.
Aydın Mirzəzadə hesab edir ki, Ermənistanın qüsurlarını, səhflərini üzünə demədikcə, o daha qüsurlu, ağır səhvlər buraxmaqda davam edir:
“Hər bir Azərbaycan vətəndaşı bu gün dünyanın belə olduğunu və ölkəmizin bu fonda yaşadığının, inkişaf etdiyinin fərqinə varmalıdır”.