21 May 2022 09:27
1 284
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan növbəti dəfə əldə edilən bütün razılaşmaların əleyhinə çıxdı. Konkret razılaşdırılmış vaxt müstəvisində keçiriləcək bütün görüşlər pozuldu. Üçtərəfli formatda və iki dövlət arasında aparılan danışıqların mahiyyətinə zidd olaraq erməni tərəfi növbəti dəfə qeyri-konstruktiv mövqe nümayiş etdirdi. Bu Ermənistanın aprelin 6-da Brüsseldə Avropa İttifaqının Prezidenti Şarl Mişelin iştirakı ilə keçirilən görüşdə əldə edilən razılaşmalara və öhdəliklərə də zidd olan bir yanaşma idi. Buna baxmayaraq prosesin dayandığı yerdən davam etdirilməsi üçün tərəflər növbəti dəfə iki gün sonra Brüsseldə müzakirələrə başlayacaq. Mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyanla Brüsseldə bir araya gələcək. Bu görüşlə bağlı da fərqli fikirlər var.

Teleqraf.com-un sullarını cavablandıran Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov növbəti Brüssel görüşünün əhəmiyyətinə toxunub.

Onunla müsahibəni təqdim edirik

- Tofiq müəllim, artıq növbəti dəfə Brüsseldə Azərbaycan və Ermənistan rəhbərləri arasında görüş baş tutacaq. Görüşün nəticəsinin əvvəlki formatdan fərqlənəcəyi ehtimalını necə qiymətləndirirsiniz?

- Bu görüş imkan verəcək ki, Azərbaycan Ermənistanın real mövqeyini prosesə yardım göstərən Avropa İttifaqına nümayiş etdirsin. Yəni, sözdə sülh istəyən ölkə əslində köhnə siyasətini davam etmək niyyətindədir. Bunu da Avropanın yüksək siyasi qurumlarına göstərmək üçün bu nəticəni əldə etmək olar. Ermənistanın baş naziri gəlib bu mövzularla bağlı cavab verməlidir.

- Sizcə, Paşinyan bu görüşə hansı bəhanələrlə gələcək?

- Ermənistanın baş naziri gəlib yenə də deyəcək ki, təzyiqlərlə üzləşib. Onun hətta mümkün təzyiqlərin olması məsələsini gündəmə gətirmək ehtimalı var. Amma bütün bunlara baxmayaraq, Azərbaycan indiki halda özünün siyasi proqramı üzərində addımlar atır. Bu siyasi proqram ondan ibarətdir ki, biz sülh, siyasi yollarla məsələlərin həllinə çalışırıq. Ortada olan məsələlər də hamı üçün bəllidir. Bu hamı tərəfindən də dəstəklənir.

- Azərbaycanın nəticəsi olmayan görüşlərə qatılmaq limiti ilə bağlı hansı düşüncələr var?

- Azərbaycan bu cür görüşlərə qatılmaqla həm Ermənistana, həm də dünyada olan vacib siyasi oyunçulara göstərir ki, biz hər bir varianta əl atırıq. Müharibədən öncə də Azərbaycan mümkün olacaq bütün variantlardan istifadə edirdi. Ölkəmiz hər bir görüşə qatılırdı. Bütün konpramist təklifləri səsləndirirdi. Amma qarşı tərəf bundan imtina etdikdən sonra təbii ki, Azərbaycan öz məqsədlərinə hərbi yollarla çatıb. İndi də məhz həmin dövr yaşanır ki, Azərbaycan hamıya Ermənistanın işğalçı siyasətini ifşa etsin. Sözsüz ki, buna vaxt və bu cür tədbirlərin, görüşlərin keçirilməsi də lazımdır.

- Azərbaycanın 10 noyabr üçtərəfli razılaşmadan imtinası, yenidən proseslərin 9 noyabr 2020-ci ilə qayıtma ehtimalını necə dəyərləndirirsiniz?

- Azərbaycanın özünün bəyan etdiyi məqsədlərə nail olmaq üçün siyasi iradəsi mövcuddur. Bu məqsədlərə çatmaq üçün bizim hərbi, iqtisadi potensialımız var. Azərbaycana kifayət qədər dəstək də mövcuddur. Bu dəstək Türkiyədən və digər dostlarımızdandır. Həmçinin burada vasitəçi olan tərəflərə real mənzərə göstəriləcək. Çünki Ermənistan hər yerdə təbliğat aparır ki, guya o sülh istəyir. Əslində isə Azərbaycana qarşı ittihamlar irəli sürür. Ona görə də, Azərbaycanın ortada olan siyasi iradəsi gec, ya da tez qarşısına qoyduğu bütün məqsədlərinin icrasını təmin edəcək.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər