Güclü dövlət və düzgün siyasi hakimiyyət milli iqtisadiyyatı formalaşdıran prinsipial amildir. İctimai-siyasi sabitliyin qorunub saxlanılması ölkəmizin inkişafına töhfə verən mühüm addımdır. Bu baxımdan Azərbaycanın regional və qlobal miqyasda etibarlı tərəfdaş olaraq mövqeyi getdikcə güclənir. Çünki müasir dünyada ölkələr artıq hərbi deyil, iqtisadi vasitələrlə mübarizə aparır. Məhz bu reallığa uyğun olaraq Azərbaycan Avropa İttifaqı əlaqələrinin yüksələn xəttlə inkişafı müşahidə edilir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O qeyd edib ki, ölkəmizin regiondakı tranzit mövqeyi, Avropa və Asiyanın quru və hava nəqliyyatı yollarının kəsişməsində yerləşməsi, eləcə də Avrasiyanın nəqliyyat qovşağı rolunu oynaması onu Aİ üçün cəlbedici edən faktorlardır:
“Bu yaxınlarda Avropa İttifaqı-Azərbaycan Biznes Forumunda “Azərbaycanda Biznes Mühiti-2021” hesabatı təqdim edilib. Avropa İttifaqının maliyyə dəstəyi ilə sayca 6-cı dəfə nəşr olunan “Azərbaycanda Biznes Mühiti-2021” hesabatı Avropa İttifaqı-Azərbaycan iqtisadi əməkdaşlığındakı nailiyyətləri daha yaxşı başa düşməyə və biznes mühitini daha da inkişaf etdirməyə yönəlib. Hesabat qarşılıqlı əməkdaşlığın genişlənməsinin və Azərbaycan-Avropa İttifaqı işgüzar əlaqələrinin inkişaf etdirilməsinə böyük marağın göstəricilərindəndir”.
Millət vəkili hesab edir ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır:
“Tərəflər arasında ticarət genişlənir. Ötən il ticarət dövriyyəsi 15 milyard dollardan çox olub. Eyni zamanda ölkəmizdə təmsil olunan Aİ ölkələri şirkətlərinin 80 faizi iqtisadi fəaliyyət üçün Azərbaycanı seçib. Bununla yanaşı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında da investisiya yatırmaqda Aİ-ı ölkələri əlaqələrin daha da genişləndirilməsində maraqlıdır”.
Vüqar İskəndərov bildirib ki, rəsmi Bakı Avropa İttifaqı ilə münasibətlərə həmişə xüsusi diqqət yetirib:
“Dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə müntəzəm dialoq aparır. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb. Bu fakt onu göstərir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Həmçinin bu gün Azərbaycan Avropa İttifaqının cənubunda enerji təhlükəsizliyinin təmin olunmasında həlledici rola malikdir. Cənub Qaz Dəhlizinin inşası ilə bağlı verilən qərar sözsüz ki, mühüm tarixi əhəmiyət kəsb edir. Bir çoxları üçün bu layihənin reallaşması xəyal kimi görünsə də artıq bu proses baş verib. Sözsü ki, bu qlobal uğurlar Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu strategiyanın, müdrik və siyasi iradənin nəticəsində qazanılır”.