“Türkiyə dünyada özünə layiq yer tutmaqdadır. Bir dövr vardır ki, Türkiyə Qərbin nəzarətində olan ölkə idi və Birinci Qarabağ müharibəsində imkanı o səviyyədə deyildi ki, bizə istədiyimiz köməyi etsin. İndi biz görürük ki, Ərdoğan dövründə bu ölkə müstəqil şəkildə, öz gücü və imkanlarına layiq yer tutur. Dünyanın ən güclü iyirmi dövlətindən biri, G-20-nin üzvüdür, artıq onun müdafiə sistemi ilk onluqdadır və buna layiq də addımlar atır. İsveç və Finlandiya ilə bağlı addımlara da bu konteksdən yanaşmaq lazımdır”
Bunu Teleqraf.com-a Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə isti baxmaması və bunun səbəbləri haqqında danışarkən deyib.
O əlavə edib ki, bu vəziyyəti Türkiyə öz xeyrinə istifadə edir: “Mən hesab edirəm ki, bütünlükdə Azərbaycan Türkiyənin İsveç və Finlandiya ilə bağlı atdığı addımları dəstəkləməlidir”.
Sabiq diplomat əmindir ki, Türkiyə bu məsələdə istədiklərini əldə edəcək:
“Birmənalı, belə olacaq ki, NATO-ya iki və ya üç ölkə əlavə edilsin. Bizim Azərbaycan olaraq burada uduşumuz nədir? Amma Türkiyənin güclənməsi, öz təhlükəsizliyini təmin edən addımların atılması hamımız tərəfindən dəstəklənməlidir. Hesab edirəm ki, Türkiyə bu məsələdə istədiklərinə nail olacaq. Nəzərə almaq lazımdır ki, İsveç və Finlandiya 5-10 milyon əhalisi olan ölkələrdir və onlar Türkiyəyə öz siyasi iradəsini diktə edə bilməz. Finlandiyanın özünün təhlükəsizlik mövzusu var və gedib onunla məşğul olsun. Mən hesab edirəm ki, Türkiyənin tələbləri birmənalı qəbul ediləcək”.