Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü zamanı müzakirə edilən məsələlər, həmçinin əldə olunan razılaşmalar bölgədə sülhün yaranması istiqamətində atılan növbəti addımdır. Sülhə nail olmaq üçün tərəflərin reallığı düzgün dəyərləndirməsindən çox asılıdır. Ölkə başçısı Vətən müharibəsindən dərhal sonra sülh razılaşması məsələsini gündəliyə gətirdi. Bununla bağlı təkliflərini geniş ictimaiyyətə açıqladı. Ermənistandan fərqli olaraq, sistemli və ardıcıl yanaşma nümayiş etdirdi.
Bunu Teleqraf.com-a Brüssel görüşünün nəticələrini şərh edən Milli Məclisin deputatı, professor Hicran Hüseynova deyib.
Onun fikrincə, Prezident İlham Əliyevin qətiyyəti və prinsipial mövqeyi nəticəsində Ermənistana təzyiq daha da güclənir: “Mayın 22-də “Brüssel formatı” çərçivəsində danışıqların nəticəsi ilə bağlı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin verdiyi bəyanat bunun bariz nümunəsidir. Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılığı ilə nümayəndə heyətləri bu prosesi həyata keçirəcəklər. Sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın təklif etdiyi sənəd əsas götürüləcək. Bunu Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon söhbətində Brüsseldə keçirilən görüş barədə məlumat verərkən qeyd edib”.
Millət vəkili hesab edir ki, Azərbaycanın Ermənistanla sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü 5 təməl prinsip BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına və dünyada mövcud olan beynəlxalq təcrübəyə, eləcə də sivil davranış normalarına əsaslanır: “Artıq danışıqlarin ilk nəticəsi kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Sərəncam imzalayıb. Oxşar sənədi Ermənistanın baş naziri Nikol Paşinyan da imzaladı. Üçtərəfli görüşdə humanitar sahədə işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin taleyi də yenidən müzakirə olunub ki, bunlar da xüsusi önəm daşıyan məqamlardır. Ölkə başçısı bütün səviyyələrdə, görüş və tədbirlərdə Birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürülmüş, itkin düşmüş vətəndaşlarımızla bağlı məsələni səsləndirir, dünya ictimaiyyətinin diqqətini bu məsələyə cəlb edir”.
Deputat əlavə olaraq Avropa İttifaqı prezidentinin bu dəfə də “Dağlıq Qarabağ konflikti”, “Minsk Qrupu”, “status” ifadələrini işlətmədiyini söyləyib: “Şarl Mişel “Qarabağın etnik erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin olunmasının vacibliyini” vurğuladı. Lakin, Mişel "dağlıq Qarabağ" yox, "Qarabağ" , "xalq" yox, "Qarabağın erməni əhalisi" dedi. Bu, olduqca vacib məqamdır. Çünki öz müqəddəratını təyin etmə prinsipi ancaq xalqlara aiddir. Azərbaycan dövləti həmişə öz erməni əsilli vətəndaşlarının hüquq və təhlükəsizliyini təmin eləməyə hazır olduğunu bəyan edib”.
Hicran Hüseynovanın fikrincə, 5 saat davam edən Brüssel görüşünün nəticələri Azərbaycanın mövqeyi ilə üst-üstə düşür: “Ölkəmiz postmüharibə dövründə irəli sürdüyü təkliflərə sadiqdir və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Ümid edirik ki, Azərbaycanın qətiyyətli və prinsipial mövqeyini bilən Ermənistan da üzərinə düşən vəzifələri yerinə yetirmək üçün real addımlar atacaq və normallaşma prosesini süni şəkildə uzatmaqdan çəkinəcək”.