25 May 2022 08:42
1 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Görün, vəziyyət hansı yerə çatıb ki, artıq Finlandiya da Rusiyadan çəkinməyə başlayıb. Bu durumda Finlandiya düşünür ki, onu ancaq NATO müdafiə edə bilər. Amma bunun digər tərəfi də var. Türkiyə də haqlı olaraq, hər iki ölkənin üzvlüyü üçün müəyyən şərtlər irəli sürür. Finlandiyada, xüsusən də İsveçdə terrorçuları dəstəkləyən qüvvələr, ünsürlər var. Hətta PKK nümayəndəsi İsveç parlamentinə deputat seçilib. Vaxtilə Finlandiya və İsveç Türkiyə Suriya PKK-ya qarşı mübarizə aparanda ona qarşı sanksiyalar tətbiq ediblər. Buna görə də, Türkiyə haqlı olaraq müəyyən şərtlər irəli sürür. Türkiyə tələb edir ki, terrorçulara dəstəyi dayandırın, mən də sizi dəstəkləyim”.

Sabiq diplomat, politoloq Fikrət Sadıqovun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Brüsseldə Avropa Birliyi şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında növbəti görüş keçirildi. Bir sıra mühüm məsələlərin razılaşdırıldığı bu görüşdən sonra Ermənistan rəhbərliyi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəkmi?

- Bundan əvvəl həmin formatda iki görüş keçirilib, həmin müzakirələrdə də müəyyən razılaşmalar əldə olunub, amma Ermənistan bu anlaşmalardan boyun qaçırdı, problemlər yaratdı. Sərhəd komissiyalarının görüşünə gəlmədi, demək olar ki, bununla da razılaşmanı pozdu. Bu dəfə isə razılaşma konkret şəkildə əldə olunub. Artıq sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı hər iki ölkə öz komissiyasını formalaşdırıb. Ermənilər anlamalıdırlar ki, bu proses başlamalıdır, başqa variantları yoxdur. Avropa Birliyi də bununla ciddi şəkildə məşğul olur, indi ermənilər bu razılaşmaya əməl etməlidirlər. Eyni zamanda, bu anlaşmalar onların da maraqlarına cavab verir.

Düşünürəm ki, proses artıq gedir, amma bunun Ermənistan tərəfindən tam şəkildə yerinə yetiriləcəyinə dair müəyyən şübhələr var.

- Bəs Ermənistan rəhbərliyi niyə prosesdən yayınır: daxildəki basqılara görəmi, yoxsa Rusiyanın təzyiqlərinə görəmi? Hətta ola bilərmi ki, özü bunu istəmir?

- Demək olar ki, Ermənistanda davam edən etiraz aksiyaları və Rusiyanın atdığı addımlar bir zəncirin halqalarıdır. Təsadüfi deyil ki, Brüssel görüşündən dərhal sonra Sergey Lavrov hər iki ölkənin xarici işlər nazirlərinə zəng etdi. Rusiya bununla tərəflərə o mesajı ötürür ki, onun bölgə və bu prosesdəki rolu böyükdür və Rusiyasız heç nə edə bilməyəcəklər. Təbii ki, vəziyyət mürəkkəbdir, eyni zamanda, Paşinyan hökumətinə həm müxalifətdən, həm də Rusiyadan ciddi təzyiqlər var. Paşinyan buna gedir. Əgər Avropa Birliyi konkret nəticə əldə etmək istəyirsə, təkcə danışıqlara moderatorluq etməməlidir, eləcə də Ermənistana təzyiq etməlidir. Ən azı Paşinyana müəyyən yardım etməlidir ki, Rusiya problem yarada bilməsin.

- İrəvandakı etiraz aksiyalarına toxundunuz, bu prosesdən gözləntiniz necədir? Paşinyanın devrilməsi, yaxud hakimiyyətin yenidən “Köçəryan-Sərkisyan klanı” tərəfindən zəbt edilməsi ehtimalı varmı?

- Paradoksal bir durum yaranıb. Bu etiraz aksiyalarını keçirənlər nə etmək istəyirlər? Tutaq ki, onlar Paşinyanı hakimiyyətdən uzaqlaşdırdılar, bundan sonra nə edəcəklər? Azərbaycanla müharibə aparacaqlar? İnnən sonra yenidən Şuşanı, Ağdamı, Füzulini işğal edə bilərlər? Bu real deyil, tamamilə absurddur. Demək ki, onların yeganə məqsədi hakimiyyəti ələ keçirmək və Paşinyanı aradan götürməkdir. Amma görünən həm də budur ki, bu etiraz aksiyaları mütəmadi xarakter daşısa da, kütləvilik yoxdur. Paşinyan 2018-ci ildə küçələrə yüz minlərlə insan çıxarmışdı. Müxalifətin aksiyalarında isə belə mənzərə yoxdur.

Meydana çıxanlar keçmiş hakimiyyətin – “Qarabağ klanı” və onun tərəfdarlarıdır. Düşünmürəm ki, onlar Paşinyanı asanlıqla devirə bilsinlər.

- Ukraynadakı hadisələrin gedişatı haqda nə düşünürsünüz: Rusiya hədəflərinə çata biləcəkmi?

- Hər halda Rusiya “xüsusi əməliyyat” adlandırdığı müharibədə qarşısına qoyduğu məqsədlərinə çata bilmədi. Yəni iri şəhərləri işğal etmək mümkün olmadı – nə Xarkovu, nə Kiyevi, nə Odessanı, nə də Luqansk və Donetskə tam nəzarəti ələ keçirə bildilər. Amma Mariupol və Xerson ələ keçirildi. Rusiyanın ötən üç ay ərzində yalnız bunu edə bildi. Təbii ki, işğalçı siyasət davam edir, müharibə gedir, qan tökülür, amma görürük ki, Qərb də Ukraynaya güclü şəkildə dəstək verir. Artıq ABŞ da Ukraynaya 40 milyard dollarlıq hərbi yardım ayırıb. Bunun əlli faizi ancaq müasir silahlara xərclənəcək. Bu o deməkdir ki, müharibənin əsas mərhələsi hələ irəlidədir. Yəni müharibənin sonu görünmür.

Habelə Rusiyaya elə sanksiyalar tətbiq olunub ki, nəfəs ala bilmir. Bu sanksiyaların nəticələrini Rusiyanın sıravi insanları da irəlidə hiss edəcəklər. Bahalaşma, ərzaq qıtlığı qaçılmaz olacaq, proseslər hələ ki, Rusiyanın əleyhinə işləyir.

- Ukrayna Prezidenti Vladimir Zelenskinin iddiasına görə, fransalı həmkarı Emmanuel Makron ondan Vladimir Putinə güzəştə getməsini istəyib. Sizcə, Makron Zelenskidən niyə belə bir şey istəyə bilər?

- Makronun siyasətini o qədər də dəstəkləyən insan deyiləm. Çünki onun Qarabağla bağlı da xoşagəlməz ifadələri olub. Amma inanmıram ki, Makron birmənalı şəkildə Ukraynadan Rusiyaya təslim olmağı istəyib. Ola bilsin ki, guya Makronun ifadəsində xoşməramlı niyyəti olub. Yəni ola bilsin, bununla onu demək istəyib ki, bu qədər qan tökmək lazım deyil, danışıqlara get, sərt mövqe tutma və müəyyən güzəştlərə get. Təbii ki, bu mümkün deyil. Çünki Ukrayna müqaviməti dayandırsa, Rusiya dayanmayacaq, digər əraziləri də işğal altına salacaq.

- Ukraynadakı gərginliyin pik həddə qalxdığı vaxt Rusiyanın qonşuları - Finlandiya və İsveç NATO-ya üzvlük üçün müraciət etdi. Bəs bu proses necə yekunlaşa bilər?

- Görün, vəziyyət hansı yerə çatıb ki, artıq Finlandiya da Rusiyadan çəkinməyə başlayıb. Bu durumda Finlandiya düşünür ki, onu ancaq NATO müdafiə edə bilər. Amma bunun digər tərəfi də var. Türkiyə də haqlı olaraq, hər iki ölkənin üzvlüyü üçün müəyyən şərtlər irəli sürür. Finlandiyada, xüsusən də İsveçdə terrorçuları dəstəkləyən qüvvələr, ünsürlər var. Hətta PKK nümayəndəsi İsveç parlamentinə deputat seçilib. Vaxtilə Finlandiya və İsveç Türkiyə Suriya PKK-ya qarşı mübarizə aparanda ona qarşı sanksiyalar tətbiq ediblər. Buna görə də, Türkiyə haqlı olaraq müəyyən şərtlər irəli sürür. Türkiyə tələb edir ki, terrorçulara dəstəyi dayandırın, mən də sizi dəstəkləyim.

Görünən budur ki, müəyyən mərhələdə razılıq əldə olunacaq. Finlandiya və İsveç NATO-ya üzv olmasalar da, ABŞ və Qərbin artan hərbi müdafiəsini hiss edəcəklər.

- Rusiyadan isə belə bir açıqlama verilib ki, NATO-ya üzv olmağa hazırlaşan Finlandiya üçün “sürpriz”i var. Sizcə, söhbət nədən gedə bilər?

- “Sürpriz” bundan ibarət ola bilər ki, Rusiya Finlandiya ilə sərhədlərində “İskəndər” raketləri və digər müasir sistemlər yerləşdirsin. Təbii ki, bu, Finlandiyanın maraqlarına cavab verən addım ola bilməz. Yəni Rusiya sərhədlərdə Finlandiya üçün hərbi təhlükə yarada bilər, indi bunun xəbərdarlığını edir. Amma Moskva blef şəklində oyun oynayır. Çünki Rusiya bütün istiqamətlərdə vuruşa bilməz. Eyni vaxtda həm Ukrayna, həm Suriya, həm də Finlandiyada döyüşmək mümkün deyil. Belə bir proses Rusiyanı dünyadan tamamilə təcrid edə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu