44 günlük müharibədən sonrakı dövrdə Azərbaycan dövləti tərəfindən şəhid ailələrinə, qazilərə hərtərəfli dəstək göstərilir. Bu kateqoriyadan olan insanların bütün ehtiyaclarının qarşılanması, problemlərinin həlli, sosial təminatlarının yaxşılaşdırılması üçün zəruri addımlar atılır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O qeyd edib ki, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş şəxslərin ailə üzvlərinə, müharibə iştirakçılarına, qazilərimizə ən yüksək səviyyədə diqqət və qayğı var: “Prezident İlham Əliyev tərfindən bununla bağlı bütün dövlət strukturları qarşısında vacib tapşırıq və vəzifələr qoyulub. Müharibə iştirakçılarının, şəhidlərin və qazilərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, avtonəqliyyat, reabilitasiya vasitələri ilə təminatı ilə sahəsində mühüm addımlar atılıb.
Eyni zamanda vətən müharibəsində yaralanmış qazilərimizin həm ölkə daxilində, həm də xaricdə müalicələri davam etdirilir. "Yaşat" Fondunun təsis olunmsı, yerli icra hakimiyyətlərində qazi və şəhid ailələləri ilə işləyən şöbələrin yaradılması atılan addımların bariz nümunəsidir. Bütün bunlar Azərbaycan dövlətinin bu kateqoriyadan olan insanlara diqqət və qayğısının təzahürüdür”.
Millət vəkili sosial şəbəkələrdə və bəzi informasiya məkanlarında Vətən müharibəsi iştirakçılarının adından sui-istifadə hallarının müşahidə edilməsindən danışıb: “Qazi və şəhid ailələri adından sui-istifadə yolverilməzdir. Bəzi şəxslərin özlərini qazi kimi təqdim etməsi, imtiyazlar əldə etmək məqsədilə dövlət orqanlarını şantaj eləməsi halları çox təəsüf ki, izlənən xəbərlər sırasında yer alır.
Eyni zamanda müxtəlif səhnələr quraraq dövlət orqanlarını qınaq hədəfinə çevirmək kimi hallara da rast gəlinir. Şəhid ailəsi və qazi adına ləkə gətirən belə hallar normal qarşılanmır. Bu, mənəvi bir məsələdir. Xalqımız uzun 10 illiklər torpaqlarımızın azadlığını arzulayıb. Bu gün biz qalib xalq olaraq bu şanlı tarixi yaşayırıq. Bu səbəbdən də bir sıra məqamlarda ortaya çıxan qeyri-səmimi yanaşmalar cəmiyyətin kəskin qınağı və təəssüfü ilə qarşılanır”.