26 May 2022 10:08
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Razi bəy, Brüssel görüşündən sonra ikitərəfli münasibətlərin tənzimlənməsi üçün konkret addımlar atıldı. Necə düşünürsünüz, ortada olan nəticələrlə sülhə doğru getməkdə nə qədər ümidli olmaq olar?

- Əvvəlki Brüssel görüşünə nisbətən bu dəfəki görüşdən konkret nəticə hasil olundu. Artıq Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinləri də sərhəddə görüşüblər. Ermənistanla Azərbaycanın sərhəd xətlərinin müəyyənləşməsi kimi məsələlər müzakirə edilib. Prezident İlham Əliyevin Sərəncamı ilə komissiya yaradılıb. Analoji olaraq Ermənistanın baş naziri də bu cür komissiya formalaşdırıb. Ona görə də müəyyən qədər müsbət nəticələrin əldə olunmasına inam yaranıb.

- Azərbaycan Ermənistanla sərhəd xətləri, delimitasiya və demarkasiya ilə bağlı ilkin addımlarla mövqe nümayiş etdirir. Lakin yenə hansısa maneənin olacağı narahatlığı var...

- Rusiyanın bu məsələdə bir qədər maneə yaradacağı ilə bağlı narahatlıq var. Çünki Rusiya həmişə istəyib ki, nə baş verir versin, bu, mütləq onun əli ilə olsun. Ona görə də, bu mərhələdə də Rusiyanın təzyiqi ilə Ermənistanın yenə də razılaşmalardan geri çəkilməsi kimi hal yaşana bilər. Amma bütün bunlara baxmayaraq, Azərbaycan üçün burada perspektivli bir inkişafın olduğunu görürük. Bu isə onunla bağlıdır ki, artıq dünya Azərbaycanın haqlı tərəf olduğunu qəbul edir. İndi bütün təzyiqlər Ermənistana yönəlib ki, bu ölkə düzgün yola gəlsin. Bu faktın özü də proseslə bağlı inamı gücləndirir. Hər halda Azərbaycan hər görüşdən-görüşə daha çox irəliyə gedir. Bu baxımdan da ümidliyik ki, sonda Azərbaycan istədiyinə nail olacaq.

- Açıqlanan bəyanatda status məsələsi olmasa da hüquq və təhlükəsizliklə bağlı məqamlar yer almışdı. Bir çoxları bu fikirləri narahatedici hal kimi izah etməyə çalışır...

- Əslində burada bir sıra məqamlara diqqət etmək lazımdır. Çünki biz bilirik ki, bu münaqişə necə başlayıb və ermənilər nə istəyir. Bu baxımdan həmin cümlələrin orada yer alması heç də Azərbaycanın əleyhinə deyil. Sadəcə olaraq Azərbaycan zəmanət verir ki, orada yaşayan ermənilər ölkəmizdəki digər xalqlar kimi heç bir hüquq pozuntusuna məruz qalmayacaq. Ona görə də, aparılan danışıqlar ancaq bu mərhələdən keçə bilər. Yəni Azərbaycanın tərkibində onların hüquq və məsuliyyətləri mümkün olacaq. Hüquq isə burada Azərbaycanın Konstitusiyasıdır. Ermənilər də burada dinc şəraitdə hər bir Azərbaycan vətəndaşı kimi yaşamaq hüququ əldə edə bilər. Başqa cür onlara heç bir üstünlük verilə bilməz. Azərbaycanda müxtəlif xalqlar yaşayır, bu, o demək deyil ki, biz hər bir xalqa ayrıca status verməliyik.

- Kommunikasiyaların açılması, Zəngəzur dəhlizi məsələsi gündəmdədir. Açılacaq dəhlizlərdə gömrük və torpaq rüsumları necə tənzimlənəcək? Laçın dəhlizi ilə bağlı hansı halda paralellik aparmaq olar?

- Bu gün Laçın şəhərindən kənar keçəcək tikilən dəhlizin statusu nə olacaqsa, Zəngəzur dəhlizi də eyni statusa malik olacaq. Bu, başqa cür mümkün deyil. Azərbaycan dövlətinin və bir partiya sədri kimi də bizim mövqeyimiz belədir. Dövlət başçısı da çıxışlarında bunu bir neçə dəfə vurğulayıb. Ona görə də, ermənilər heç də başqa fikirlərə düşməsinlər.

- Ermənistanda isə aksiyalar səngimir. Siz necə düşünürsünüz Paşinyan erməni cəmiyyətini sülhə inandıra biləcəkmi?

- Açığı heç bir proses ağrısız olmur. Amma nə olur-olsun bu proses baş verəcək. Bu gün Ermənistan daxilində də müəyyən qüvvələr sülh prosesinə əngəl törətmək istəyir. Amma bütün bunlar Nikol Paşinyanın özünün məsuliyyətinə aiddir. Onun özünün siyasəti olmalıdır ki, prosesdən necə çıxa bilər. Biz Ermənistanda gedib Paşinyanın əvəzinə ermənilərlə mübarizə aparıb, onları inandırası deyilik. Bu, Paşinyan və onun komandasının məsuliyyəti və vəzifəsidir. Ermənilər də bu ağrılı proseslərdən keçecəklər. Çünki bu olanlar onların öz günahlarıdır. Oturub öz problemlərini həll etməlidirlər.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər