26 May 2022 19:51
1 114
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fəzail müəllim, Avropa İttifaqı Şurasının moderatorluğu ilə Azərbaycanla Ermənistan arasında proseslərin tənzimlənməsi ilə bağlı aparılan müzakirələrin ilkin nəticələrini necə dəyərləndirirsiniz?

- Son Brüssel görüşü ümidvericidir. Çıxarılan nəticə bundan ibarətdir ki, Avropa İttifaqı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında, regionda sülhün, təhlükəsizliyin, əməkdaşlığın yaranıb inkişaf etdirilməsində maraqlıdır. Bunun üçün də özünün ardıcıl və sistemli addımlarını atmaqdadır. Heç bir halda Avropa İttifaqı Rusiyaya güzəştə getmək fikrində deyil. Ancaq bununla bərabər Rusiya yenə də Brüssel görüşünə qısqanclıqla yanaşır. Bu görüşdən dərhal sonra Rusiya Xarici İşlər naziri Sergey Lavrovun məsələyə reaksiya verməsi təsadüfi deyil. Amma təbii ki, Azərbaycanın prinsipial mövqeyi bəllidir. Dövlət başçısının müəyyənləşdirdiyi və Avropa İttifaqı tərəfindən də qəbul edilən 5 təməl prinsiplər dəyişilməzdir.

- Artıq başlanılmış bir proses var. Siz necə düşünürsünüz, yenidən ləngimə ehtimalı varmı?

- Burada söhbət Ermənistandan gedir. Ermənistanda Rusiyanın təsir dairəsində olan revanşistlərin hərəkətə gətirilməsi, onların vasitəsi ilə Nikol Paşinyana təzyiqlərin artması müəyyən problemlər yaradır. Burada ikinci problem isə Paşinyanın kifayət qədər iradəli siyasətçi olmamasıdır. Bu isə prosesin müəyyən qədər uzanmasına səbəb olur. Amma sonuncu Brüssel görüşündə artıq bu hallar da ortadan qaldırıldı. Azərbaycan Prezidentinin sərhədlərin müəyyənləşməsi ilə bağlı komissiyanın tərkibinin müəyyənləşdirilməsi mühüm amil idi. Bu komissiyaya uzun müddət proseslərdə iştirak edən Şahin Mustafayevin sədr təyin edilməsi diqqətdən yayına bilməz. Eyni zamanda Ermənistanla sərhəddə yerləşən Azərbaycan rayonlarının Ağstafadan başlamış Zəngilana qədər icra başçılarının da bu komissiyaya daxil edilməsi artıq ciddi məqamlardan xəbər verir. Ona görə də, artıq proses davam edəcək.

- Sərhəd komissiyalarının ilk görüşü baş tutdu. Sülh danışıqlarının sərhəd razılaşmaları fonunda uğurla bitmə ehtimalını necə dəyərləndirirsiniz?

- Bu istiqamətdə artıq ilk görüş keçirildi. Razılıq o oldu ki, növbəti görüşlər də olsun. Bu görüşlərdən biri də Moskvada olacaq. Yəqin bu qərar da Moskvanı prosesdə neytrallaşdırmaq üçün atılan bir addımdır. Gələcəkdə bu görüşlərin Bakıda, İrəvanda keçirilməsi də mümkündür. Ümid edək ki, artıq vəziyyət normallaşmağa doğru gedir. Çünki Ermənistanın bundan başqa bir variantı da yoxdur. Bu ölkə üçün artıq başqa bir yol qalmayıb.

- Ən pis ehtimal nə ola bilər?

- Burada ən pis ehtimal hansısa yolla Paşinyanın aradan götürülməsi ola bilər. Yəni Paşinyanın devrilməsi mümkün deyil. Çünki Ermənistan əhalisinin mütləq əksəriyyəti Paşinyanı müdafiə edir. Onun əleyhinə olanlar isə bu gün Ermənistan cəmiyyətində qatil, kriminal dəstədir. Bunlar da Ermənistandakı “Qarabağ klanı”nın tör-töküntüləridir. Elə bir təsir gücləri də yoxdur. Bu baxımdan Ermənistandakı mitinqlər Azərbaycanla hazırkı səviyyədə davam edən danışıqlara o qədər maneə ola bilməyəcək.

- Bəs Rusiyanın burada narahatlığı nədən ibarətdir? Tərəflər özlərini necə sığortalaya bilər?

- Problem ancaq o zaman yarana bilər ki, Paşinyana qəsd edilsin. O, aradan götürüldükdən sonra danışıqlarda problem yarana bilər. Çünki bu ehtimallar var. Əgər bu baş versə, vəziyyət fərqli bir duruma düşə bilər. Brüssel danışıqlarından sonra Rusiya xarici işlər naziri Sergey Lavrovun hər iki tərəflə danışıqlara başlaması onların narahatlığının ifadəsi kimi baş düşülür. Amma ümumilikdə Rusiyanın bu prosesi ləngitməsi mümkün deyil. Rusiya Ukrayna bataqlığından çıxmaq və daha ciddi məğlubiyyətə getməmək üçün ən müxtəlif variantlara əl atmağa çalışır. Lakin burada Ukraynanın da mövqeyini nəzərə almaq lazımdır. Ukrayna bu məsələdə qəti mövqe sərgiləyir. Eyni zamanda Ermənistan kimi kiçik bir ölkədə vəziyyəti qarışdırmaq Rusiya üçün o qədər də çətin deyil. Çünki bu ölkədə Rusiyanın 5-ci kolonunun üzdə olan kontigenti içərisində kimisə tapılıb Paşinyana atəş açdıra bilərlər.

- Bu artıq hərbi çevriliş ehtimalını gücləndirmirmi?

- Bəli, Ermənistanda hərbi çevrilişin olması da mümkündür. Bu ölkədə Rusiyanın 102-ci hərbi bazası mövcuddur. Hərbi çevriliş ehtimalının da nəzərdə keçirilməsi heç də diqqətdən kənar qala bilməz. İndiki vəziyyətdə Qafqazdan tamamilə çıxmaq təhlükəsi olan Rusiya bunu heç cür qəbul etmək istəmir. Faktiki olaraq Avropa İttifaqının moderatorluğu ilə Azərbaycanla Ermənistan arasında bu məsələ həll edildikdən sonra Rusiyanın buradan asanlıqla çıxarılması təmin edilir. Belə olan halda Rusiyanın nə Ermənistandakı hərbi bazası, nə də Azərbaycandakı sülhməramlıların burada qalmasına ehtiyac olmayacaq. Eyni zamanda Gürcüstanla Rusiya arasında olan problemlər hər kəsə məlumdur. Rusiya məhz son istinad nöqtəsi olan Ermənistandakı nüfuzunu itirməmək üçün prosesə ən müxtəlif yollarla maneə olmağa cəhd edəcək. Amma bunu da unutmaq olmaz ki, indiki məqamda Avropa İttifaqının mövqeyi daha güclüdür. Bu həmçinin Azərbaycanın və Ermənistanın da maraqlarına xidmət edir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər