1 İyun 2022 17:01
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan özünün 2030-cu ilə qədər milli prioritetlərini müəyyənləşdirib. Eyni zamanda Azərbaycanda genişmiqyaslı islahatlar keçirilir. İslahatları isə Rəqabət Məcəlləsi olmadan həyata keçirmək mümkün deyil. Bu baxımdan da Rəqabət Məcəlləsinin layihəsi Nazirlər Kabinetinə göndərilib. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən hazırlanan məcəllənin layihəsi müvafiq dövlət qurumlarının müsbət rəyi alınaraq İqtisadiyyat Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim edilib. 16 ildən sonra yenidən hazırlanan məcəllənin Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacağı gözlənilir. Çünki Rəqabət Məcəlləsi islahatların bel sütunudur.

Bunu Teleqraf.com-a açıqlamasında Açıq Hökumət Platformasının koordinatoru, hüquqşünas Əliməmməd Nuriyev deyib.

O qeyd edib ki, İqtisadiyyat Nazirliyində bununla bağlı çox geniş müzakirələr həyata keçirilib:

“Keyfiyyətli bir qanunun hazırlanması ilə bağlı konkret mövqe var. Bu qanun layihəsinin çox tez bir zamanda qəbul edilməsi vacibdir. Bu, islahatlara yeni bir təkan verəcək. Həmçinin ölkəmizə sərmayə axınını daha da gücləndirəcək. Eyni zamanda bu qanun monopoliyanın məhdudlaşdırılmasına gətirib çıxaracaq. Bununla da azad rəqabət imkanları genişlənəcək. Sözsüz ki, bu, sadəcə olaraq hansısa bir bazarda payın müəyyən həddə olması ilə bağlı bir məsələ deyil. Burada digər mühüm kriteriyalar da müəyyənləşdirilib. Çünki istehsala coğrafi baxımdan da bir yanaşma olacaq. Hər hansı bir coğrafiyada mühüm əhəmiyyətli bazarın böyük bir hissəsinin əhatə edilməsi də monopoliya hesab edilir”.

Hüquqşunas hesab edir ki, həmin qanunun Milli Məclisə təqdimatı və tezliklə qəbulu gözlənilir: “Bu qanun lazım olandan da artıq bir müddətdə dayanmışdı. Sükunət yaranmışdı. Yeni bir formatda islahatların genişlənməsi, iqtisadi islahatlarda xüsusilə İqtisadiyyat Nazirliyinin məsələyə yeni yanaşmaları bu prosesin sürətlənməsinə gətirib çıxaracaq. Bu da özlüyündə iqtisadi inkişafa, indiyə qədər mövcud olan bir çox problemlərin həllinə təkan verəcək”.

Əliməmməd Nuriyevə görə, qanun layihəsinin geniş ictimai müzakirəsinə ehtiyac var: “Vətəndaş cəmiyyəti, özəl sektorla, dövlət orqanları, beynəlxalq partnyorlarla birlikdə bu qanun layihəsinin geniş ictimai müzakirəsi daha yaxşı olar”.


Müəllif: Tapdıq Qurbanlı