2 İyun 2022 09:23
1 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Elşən Manafov Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşündən sonra sərhəd komissiyasının ilk iclası keçirilsə də, prosesdə fəallıq nəzərə çarpmır. Sizcə, bu sükut Ermənistan daxilindəki olaylarla əlaqədardırmı?

- Şübhəsiz ki, Brüssel görüşündən sonra Paşinyanın Azərbaycan-Ermənistan sülh danışıqları ilə bağlı bir sıra şərtlər irəli sürməsi, eləcə də prosesdəki süstlük İrəvandakı durumla bağlıdır. Eyni zamanda, Ermənistana məlum geosiyasi güc tərəfindən təzyiqlərin artması ilə əlaqədardır.

Ermənistan müxalifəti iyunun 3-dək Paşinyanın istefasına nail olmağı qarşısına məqsəd qoyub. Etiraz aksiyalarına qoşulanların sayı da artır. Amma görünən budur ki, Ermənistan müxalifətinin Paşinyanı devirmək üçün yetərli sosial bazası yoxdur. Müxalifət addımlarını Paşinyanın qətiyyət göstərməyib, duruş gətirə bilməyib gedəcəyinə hesablayıb. Müxalifətin bu addımlarının məlum geosiyasi güc mərkəzinin sifarişi əsasında atıldığı şübhəsizdir.

Avropa Birliyinin fəallaşması onun və ya Qərbin bölgədəki yeni geosiyasi reallıqları qəbul etməməsindən irəli gəlir. Bu da Azərbaycanın Ermənistana qarşı savaşda qazandığı qələbədən sonra yaranmış reallıqdır. Bu reallıqda Avropa Birliyinin qəbul etmədiyi məqam Rusiyanın fürsətdən istifadə edərək, öz sülhməramlı qüvvələrini bölgədə yerləşdirməsi ilə bağlıdır.

Hər halda Rusiya sülhməramlı adı atında öz qoşunlarını Azərbaycan ərazilərinə yeridə bilib. Qərb də çalışır ki, bu faktorun Azərbaycan siyasətinə təsir imkanlarını minimuma endirsin, yaxud zəiflətsin.

Qərb üçün Azərbaycanın bölgədəki yeri bəllidir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətlərdən biridir. Ukraynadakı müharibə fonunda Avropanın Rusiyadan enerji aslılığı Qərbi, xüsusən də ABŞ-ı ciddi şəkildə narahat edir. İndi məqsədləri də Rusiyanı Avropanın enerji bazarından sıxışdırıb çıxarmaqdır.

Qərbin fikrincə, bu baxımdan Azərbaycanın özünəməxsus imkanları var. Bununla belə, Azərbaycanın rəsmi açıqlaması belədir ki, o, Avropanın enerji təhlükəsizliyində Rusiyaya alternativ kimi çıxış etmir. Azərbaycan ötən illərdə olduğu kimi, bu gün də tərəflərdən heç birini qıcıqlandıracaq addımlar atmır. Bu da Azərbaycanın xarici siyasətindəki prioritetlərindən irəli gəlir.

- İrəvanda aksiyaları davam etdirən radikallar artıq dövlət qurumları və hökumətin binalarına hücum edirlər. Hakimiyyəti dəyişməyə gücü çatmayan revanşist müxalifət prosesi silahlı qarşıdurmaya çevirə bilərmi?

- Müxalifətin məlum geosiyasi güc mərkəzinin sifarişi ilə hərəkət etdiyini hər kəs bilir. Bu baxımdan, müxalifətin hərəkətlərində radikallığın artması anlaşılandır. Eyni zamanda, Paşinyanın Soros və ABŞ-la əlaqələri heç bir şübhə doğurmur. Soros da hazırda ABŞ-da hakimiyyətdə olan Demokratlar Partiyası ilə birbaşa əlaqələri olan adamdır. Yəni Rusiya vaxtilə Paşinyanın hakimiyyətə gəlməsinin qarşısını ala bilməsə də, bu gün görürük ki, Moskvanın ona təsir və təzyiq imkanları kifayət qədərdir.

Ermənistan iqtisadiyyatı tamamilə Rusiyadan asılıdır, dəmir yolları şəbəkəsi tamamilə onun monopoliyasındadır. Rusiyanın Ermənistanda hərbi bazalarının olması da bura daxildir. Bu kimi amillər Qərbi Ermənistana yardım məsələsində düşündürür. Bu gün Qərb istəsə də, Ukraynada olduğu kimi Ermənistana yardım edə bilməz. Çünki Ermənistandan fərqli olaraq, Ukrayna Avropanın qapısıdır. Bunu Paşinyan da başa düşür.

Paşinyan sabah Azərbaycanla imzaladığı anlaşmaları yerinə yetirsə, Ermənistan iqtisadi blokadadan çıxacaq, inkişaf üçün perspektiv imkanları yaranacaq, Avropa Birliyinə çıxış imkanları artacaq, bölgədə həyata keçirilən beynəlxalq layihələrə qoşulmaq imkanları əldə edəcək. Bu, həm də Paşinyanın siyasi-iqtisadi dividentlər qazanması deməkdir. Müxalifət də bunun qarşısını almaq üçün bütün gücünü səfərbər etməyə çalışır.

Görünən budur ki, Paşinyan etirazların qarşısını almaq iqtidarında, müxalifət də onu devirmək gücündə deyil. Ermənistandakı sonuncu parlament seçkilərinin nəticələrini də nəzərə almaq lazımdır. Cəmiyyətin böyük əksəriyyəti həmin seçkilərdə Paşinyanı dəstəkləmişdi.

Paşinyan Azərbaycanla müharibədə məğlub olmuş dövlət başçısı kimi görünürdü. Amma Prezident İlham Əliyevin dediyi kimi, Ermənistanın bu müharibədəki məğlubiyyətinin əsas səbəbkarı Paşinyan yox, uzun illər hakimiyyətdə olmuş indiki müxalifətin liderləri idi. Ermənistan ordusu və dövlət qurumlarındakı korrupsiyanın banisi də onlardır. Zaman Paşinyanın əleyhinə işləsə də, hələlik müxalifətə tab gətirmək gücündədir.

- Gürcüstanın işğal edilmiş Cənubi Osetiya bölgəsində bu regionun Rusiyaya birləşdirilməsinə dair “referendum” keçiriləcək. Sizcə, Rusiya Ukraynadan sonra növbəti ilhaq planını Gürcüstanda gerçəkləşdirəcəkmi və Tiflisin buna reaksiyası necə olacaq?

- Əslində bilirik ki, Gürcüstanın indiki hakimiyyəti milyarder iş adamı və oliqarx Bidzina İvanişviliyə bağlıdır. Hər halda gürcü hakimiyyəti Rusiya ilə münasibətləri Kremlin istədiyi müstəviyə gətirməsə də, NATO və Avropa Birliyinə inteqrasiya məsələsində Qərbin istədiyi addımları da atmır. Mixail Saakaşvilinin atdığı ciddi addımlara və həbs olunacağını bilə-bilə Tiflisə qayıtmasına baxmayaraq, müxalifət hakimiyyəti əlinə ala bilmədi. Bu da Gürcüstan hakimiyyətinin Rusiya ilə münasibətlərinin mahiyyətindən irəli gəlir.

Amma hakimiyyət də Saakaşvili kimi, Abxaziya və Cənubi Osetiya münaqişələrində Rusiyaya güzəştə getmək fikrində deyil. Eyni zamanda, bu hakimiyyət Saakaşvili kimi, Rusiya ilə münasibətləri yenidən savaşa gətirib çıxaracaq həddə gərginləşdirməkdə də maraqlı deyil. Rusiya ilə müharibədən 14 il ötməsinə baxmayaraq, bunun Gürcüstana təsirləri hələ də qalır və öz təsirini göstərir.

Qənaətimə görə, Gürcüstan hakimiyyətinin addımları Rusiyanın Ukraynada apardığı müharibənin nəticələrinə hesablanıb. Ukraynadakı müharibə isə hər gün Rusiyaya yarım milyard dollara başa gəlir. Amma görürük ki, Rusiya Mariupolda belə “referendum”un keçirilməsi yönündə addımlar atır. Bununla yanaşı, Putin Donetsk və Luqanskın Rusiyaya ilhaqını da ordunun qarşısında tapşırıq kimi qoyub. Yəni Rusiya Krımdan sonra Luqansk və Donetski də özünə birləşdirsə, Qərb bölgədə istədiyinə nail ola bilməyəcək. Hələlik Qərbin Ukrayna üzərindən Rusiyaya qarşı qurduğu plan baş tutmur.

- Türkiyə və Yunanıstan arasında artan gərginlik haqda fikriniz necədir: Afina niyə birdən-birə təhrikedici mövqeyə keçdi?

- Zənnimcə, Yunanıstanın Türkiyəyə ünvanlanmış davranışlarının arxasında Afinadan daha çox NATO və Avropa Birliyi daxilində Ankaranın siyasətindən narazı olan qüvvələr dayanırlar. Məsələn, Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı sərgilədiyi mövqe onun təhlükəsizlik maraqlarından irəli gəlsə də, bu, Ankaranın alyansdakı müttəfiqlərini o qədər də məmnun etmir. Bu mövqe dolayı yolla Rusiyanın da maraqlarına uyğundur.

Yunanıstan-Türkiyə gərginliyinə gəldikdə, bu münasibətlər düşmənçilik səviyyəsində olmasa da, mehriban düşmən əlaqələri kimi görünür. Avropa Birliyi bu müstəvidə Afina ilə birlikdə hərəkət edir. Ukraynanı sabah Avropa Birliyinə üzv etməyə hazır olan Brüssel bütün şərtlərini yerinə yetirməsinə baxmayaraq, Türkiyəni indiyədək birliyə buraxmayıb.

Ərdoğan iqtidarına təkcə Afina vasitəsilə yox, həm də türk müxalifətinə dəstək verməklə təzyiq etməyə çalışırlar. Görünən budur ki, 2023-cü il seçkiləri yaxınlaşdıqca bu təzyiqlər bir qədər də artacaq. Ərdoğanın müstəqil siyasətini həzm etmək istəməyən Qərb Türkiyə müxalifəti ilə ciddi işbirliyindədir. Amma Qərbin Ərdoğanı hakimiyyətdən uzaqlaşdırmaq hesabının baş tutacağına inanmıram.


Müəllif: Mənsur Rəğbətoğlu