2 İyun 2022 20:42
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ziyafət müəllim, Ermənistan tərəfinin son davranışları göstərir ki, onlar növbəti dəfə danışıqları sabotaj etmək istəyir. Siz nə düşünürsünüz, belə yanaşma olan halda Azərbaycan hansı mövqedən çıxış edə bilər?

- Bu, ilk növbədə Ermənistanın daxili auditoriyasına hesablanmış bir məsələdir. Çünki Ermənistanda hərc-mərclik hələ də davam edir. Artıq bir aydan çoxdur ki, Ermənistanda mitinqlər, küçə yürüşləri, hökumətə qarşı etimadsızlıqla bağlı çağırışlar müşahidə edilir. Ermənistan iqtidarı da hər vəchlə çalışır ki, başqa-başqa variantlarla bunun qarşısını alsın. Burada xarici təsirlər də əsas rol oynayır. Erməni diasporu əsas rola malikdir. Çünki erməni diasporu və ona havadarlıq edən qüvvələr bu bölgədə sülh və sabitliyin olmasında maraqlı deyil. Sadəcə olaraq bu gün erməni lobbisi ABŞ-da, Avropanın başqa-başqa yerlərində əyləşib özləri üçün komfort yaradaraq maraqları üçün yerli erməniləri istismar edir. Ermənistanda isə əhalinin durumu sosial fəlakət həddindədir. Belə olan halda başqa məsələlər ortaya çıxır ki, hələ də buna izah verən yoxdur. Görünən isə odur ki, Ermənistanın taleyi heç kəsi maraqlandırmır. Nə daxildə, nə də xaricdə Ermənistanın gələcəyi ilə bağlı heç bir aydın düşüncə yoxdur.

- Revanşistlərin Nikol Paşinyan iqtidarına qarşı sərgilədiyi davranışın perspektivini necə görürsünüz? Bu aksiyalarla real iqtidarın siyasi xəttinə hansısa bir təsir ola bilərmi?

- Bu gün Ermənistanda olan revanşistlər və başa qüvvələr elə də geniş bir ictimai dəstəyə malik deyil. Sadəcə olaraq bu, daha çox kənar təsirlərin nəticəsi kimi ortaya çıxır. Burada da sözsüz ki, erməni diasporunun fəaliyyətini xüsusi ilə qeyd etməliyik. Belə olan halda Ermənistanın taleyi ilə bağlı məsələ gündəmdən kənarda qalır. Çünki Ermənistan heç bir iqtisadi resursu olmayan bir ölkədir. Onların nəyin hesabına yaşayacaqlarını özlərini müəyyənləşdirməlidir. Xaricdən alınan ianələrlə dövlət saxlamaq sona qədər onun müstəqilliyini qoruyub saxlamaq mümkün deyil.

- Sizcə, Ermənistan iqtidarının bu məsələdə iradəsi ilə hansı mərhələyə qədər yol qət etmək olar?

- Sözsüz ki, bu məsələdə birbaşa məsuliyyət Ermənistan siyasi rəhbərliyinin üzərinə düşür. Çünki öhdəlikləri indiki iqtidar öz üzərinə götürüb. Ona görə də, proseslərin daha çox uzanması Ermənistanın özünə ziyandır. Biz burada xarici təsirlərin diktəsi ilə proseslərin pozulması ehtimalını da nəzərdən qaçırmamalıyıq. Amma bu proseslər də sözsüz ki, Ermənistanın ziyanına işləyən hallardır. Bütün bunların fonunda Ermənistan Azərbaycanın səbrini də unutmamamlıdır. Çünki bizim də səbrimizin sonu var. 30 il Qarabağ məsələsinin imitasiyasi ilə məşğul olan bu topluma sona kimi inanmaq olmaz. Sülh prosesini də Ermənistan məhz Qarabağ danışıqlarına çevirəcəksə, o zaman da bütün məsuliyyət qarşı tərəfin üzərinə düşəcək.

- Prezident İlham Əliyev Azərbycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınmayacağı təqdirdə ölkəmizin də analoji yanaşma ortaya qoyacağını vurğulayıb. Bu arqument Ermənistan üçün nə dərəcədə təsirli olacaq?

- Bəli, Azərbaycanın daha çox haqqı var ki, Qərbi Zəngəzurla bağlı tarixi həqiqətlərdən və faktlardan çıxış edərək, iddialarını ortaya qoysun. Amma bütün bunlara baxmayaraq Azərbaycan dövlətinin Ermənistana və digər ölkələrə qarşı ərazi iddiası yoxdur. Əgər qarşı tərəf Azərbaycana ərazi iddiası ilə çıxış etsə, biz də eyni prizmadan çıxış edə bilərik. Bu məsələdə tarix də, beynəlxalq hüquq da bizim tərəfimizdədir. İndiki Ermənistan və Qərbi Zəngəzur tarixi Azərbaycan torpaqlarıdır. Prezident İlham Əliyev açıq şəkildə vurğuladı ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə İrəvan, 1920-ci ildə isə sovet rəhbərliyi tərəfindən Zəngəzur Ermənistana güzəştə gedilib. Bu tarixi faktları heç kəs dana bilməz. Bu acı tarixlərin olmaması daha yaxşı olardı, amma artıq olub.

- İki gündür ki, Ermənistandakı aksiya təşkilatçıları hökumət rəsmilərini “Qarabağın Azərbaycanın tərkibində gələcəyi yoxdur” sözünü dedirtməyə çalışır...

- Bu, artıq gülünc bir yanaşmadır. Ermənistan parlamentinin spikeri Alen Simonyan da açıqlama verdi ki, “mən belə məsuliyyətsiz açıqlama verə bilmərəm”. Bu, sanki uşaq oyunlarına bənzər bir hal alıb. Əslində olanlar Ermənistanın oyuncaq, qondarma bir dövlət olduğunu bir daha təsdiqləmiş oldu. Dövlətçilik ənənəsi olan bir ölkədə belə cılız hallar baş vermir. Ona görə də, ermənilərin nə deməsindən asılı olmayaraq bütün beynəlxalq təşkilatlar dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır və II Qarabağ müharibəsinin nəticələrini də qəbul edir. Bu gün dünya gündəmində “Dağlıq Qarabağ”deyilən bir məfhum yoxdur. Bunlar tarixin arxivində qaldı. Ermənistanda küçələrdə erməni nazirlərin qarşısını qaçıb nəsə söz dedirtməklə məsələ həll edilməyəcək. Məsələ Azərbaycanda həll edilir. Azərbaycanda bunu artıq həll edib. Onların yeganə vəzifəsi danışıqlara qulaq asmaqdır. Kapitulyasiyaya imza atmış bir dövlət heç bir şərtlə və diktə ilə danışa bilməz. Bu gün bölgədə gündəliyi Azərbyacan müəyyən edir.


Müəllif: Tapdıq Qurbanlı