3 İyun 2022 19:54
1 471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fazil bəy, Ermənistan müxalifəti parlamentdə Azərbaycan və Türkiyə ilə əlaqələrə qadağa qoyan bəyanat qəbul etdirmək niyyətindədir. Nə düşünürsünüz bu, Ermənistan üçün hansı fəsadlara yol aça bilər?

- Ermənistan tərəfi artıq bununla deyə bilər ki, biz müharibə istəyirik. Bu çox mənasız qərardır. Hansı bir ölkə ilə münasibətləri qadağan edən qanun var? Bu gün bütün dünya Rusiya ilə münasibətləri qadağan edən addımlar atır. Təbii olaraq bu başadüşüləndir. Çünki Rusiyanın etdikləri beynəlxalq normalara uyğun olmadığı üçün belə qərarlar verilir. Ölkələrin konqresləri, senatları, parlamentləri bununla bağlı qərar qəbul edir. Amma hansısa kiçib bir dövlətin Azərbaycan və Türkiyə ilə əlaqələri qadağan etməsi o deməkdir ki, artıq sərhəd məsələsində də danışqlar dayandırılır. Eyni zamanda bütün məsələlərdə hər hansı bir şəkildə münasibətlijn olması qadağan edilir.

- Belə olan halda Azərbaycanın adekvat davranışları necə olacaq?

- Sözsüz ki, belə olan halda Azərbaycan Laçın dəhlizinə enərək, digər torpaqlarımızda suverenliyinimizi bərpa edəcək. Eyni zamanda bütün sərhəd xətlərimizin 1918-ci il xəritələri ilə təyin olunmasını reallaşdıra bilərik. Amma görünən odur ki, ermənilərin indiki halda belə bir addım atması gözlənilmir. O zaman gərək əldə edilmiş bütün danışıqların nətciləri ləğv edilsin. Bundan sonra Azərbaycanın əlində kifayət qədər əsas yaranır ki, Ermənistanla hər hansı bir şəkildə münasibət qurmağın faydasızlığını ortaya qoysun. Məsələnin də əsas mahiyyəti məhz budur.

- Erməni cəmiyyəti bunun hansı nəticələrə səbəb ola biləcəyini anlayırmı sizcə?

- Ermənistanın özündə də başa düşürlər ki, bu əlaqələrin kəsilməsi daha böyük faciələrə gətirib çıxara bilər. Çünki Azərbaycanla hansısa bir şəkildə Ermənistanın davranışlarına sona kimi dözüm nümayiş etdirən deyil. Bu baxımdan da Ermənistanda mənasız bir bəyanatın qəbul edilməsinə indiki erməni siyasi elitası imkan verməyəcək.

- Prezident İlham Əliyev tərəfindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiasına qarşı tarixi torpaqlarımız, xüsusən də Qərbi Zəngəzur gündəmə gətirildi. Bunu necə analiz etmək lazımdır?

- Əslində Azərbaycan Prezidenti haqlı olaraq ərazi iddiası məsələsini gündəmdən çıxarmaq istəyir. Amma əgər qarşı tərəf Azərbaycana qarşı Qarabağ iddiası ilə çıxış edirsə, biz də Zəngəzur məsələsini ortaya qoyacağıq. Əgər bu gün ermənilər uydurduqları qədər Qarabağı özlərinə “əziz” hesab edirlərsə, bizim üçün Qarabağ da, Zəngəzur da daha əzizdir. Ona görə də Ermənistanın Azərbaycana qarşı ərazi iddiası məsələsi əslində onlar üçün bir faciədir. Bu dövlət özünün boyundan artıq iddialara düşür. Qardaş Türkiyənin 5 əyalətinə ermənistanın iddiasını da unutmaq olmaz.

- Bu hansı məntiqin nəticəsidir? Türkiyədən necə torpaq almaq olar?

- Bu gün terrorçu PKK-nın ətrafına yığılan dövlətlər Türkiyədən kənarda bir “dövlət” yaratmağa nail ola bilmir. Xırda bir Ermənistan bunu necə edə bilər ki?.. Ona görə də bu kimi məsələlərə Ermənistanda yanaşma tərzi dəyişməlidir. Əgər bu düşüncəni dəyişə bilmirlərsə, bunun da ağrı-acısını hiss edəcəklər. Bu tarixi səhvin də nəticələrinə qatlaşmalı olacaqlar. Məğlub olublarsa, bizdən də çox çalışmalıdırlar ki, Azərbaycan və Türkiyə ilə münasibətlər qurmağa nail olsunlar.


Müəllif: Tapdıq Qurbanlı