4 İyun 2022 14:32
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan dövləti həm ulu öndər Heydər Əliyevin dövründə, həm də Prezident İlham Əliyevin dönəmində qayğıya ehtiyacı olan sosial qruplara həmişə böyük diqqətlə yanaşıb. Onların pensiya və müavinətlərinin vaxtaşırı artırılması, müəyyən təbəqənin mənzillə təmin edilməsi, işlə təminat məsələsində onlara prioritet verilməsi bu qəbildən olan məsələlərdir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib

O qeyd edib ki, Vətən müharibəsində əlilliyi olan insanlara qısa zamanda, operativ şəkildə əlilik verildi, onların pensiyası vaxtında ödənilir:

“Bu günlər ölkə üzrə bütün rayon və şəhər icra hakimiyyətlərində şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə bağlı iş şöbəsi yaradılıb. Həmin şöbənin vəzifəsi ancaq bu təbəqədən olan insanlarla işləməkdir. Sözsüz ki, bu məsələ tək bir şöbənin vəzifəsinə aid deyil. Bu təbəqədən olan insanlara yüksək qayğı və hörmət bütün məmurların ən ümdə vəzifəsi hesab edilir. Yəni, bu istiqamətdə böyük işlərin görüldüyünün şahidi oluruq. Sözsüz ki, bu hallardan sui-istifadə edənlər də olur. Bəzən heç bir əsası olmadan özünü qazi adlandıranlara da rast gəlirik".

Millət vəkili hesab edir ki, bu işlərlə bağlı böyük təbliğat aparılmalıdır: “Görülən işlər barəsində daha çox danışılmalıdır. Əlilliyin, müavinətlərin kimə şamil edilməsi barəsində telekanallarda, saytlarda, əhali ilə görüşlərdə geniş məlumat verilməlidir. Müəyyən anlaşılmazlıq işə ilk növbədə məlumatsızlıqdan irəli gəlir”.

Aydın Mirzəzadəyə görə, müharibə iştirakçılarına diqqət və qayğı hamımızın borcudur:

“Şəhid ailələri, qazilər, müharibə iştirakçıları bizim ürəyimizdir. Onların Vətən, bugünkü qələbə üçün etdiklərinin əvəzi yoxdur. Ona görə də onlara qarşı diqqətli olmaq, problemlərini ilk növbədə həll etməyə çalışmaq vacibdir. Bəzən məlumatsızlıqdan, onlara natamam cavab verilməsindən anlaşılmazlıq da yarana bilər. Dövlətimiz şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına qarşı diqqətlidir. Onlar üçün maksimum dərəcədə hər şey edilir. Bundan sonra da daimi olaraq ediləcək. Bu məsələ Prezident İlham Əliyev və hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətindədir. Onların vaxtaşırı olaraq biz bu təbəqədən olan insanlarla görüşdüyünün şahidi oluruq. Dövlətimizin apardığı siyasət nəticəsində bu təbəqədən olan daha çox insanlar mənzillə və işlə təmin eidlir. Bu siyasət bundan sonra da uğurla davam edəcək”.


Müəllif: Tapdıq Qurbanlı