7 İyun 2022 17:03
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamentinin dünyada dini etiqad azadlığının vəziyyəti ilə bağlı 2021-ci il üçün illik hesabatında Ermənistanın bu istiqamətdəki cinayətlərindən də bəhs edilib. Azərbaycan ərazilərini işğalda saxladığı müddətdə Ermənistan mədəni, dini, tarixi irs nümunələrinə qarşı da barbarlıq edib, vəhşiliklər törədib, vandallığa əl atıb. 30 ilə yaxın Azərbaycan ərazilərini nəzarətdə saxlayan Ermənistana qarşı beynəlxalq birlik tərəfindən heç bir tutarlı reaksiya verilməyib. Ermənilərin mədəni irsə qarşı “davranışlarına” hümanitar təşkilatlar susqunluqla reaksiya verib.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun fikrincə, Azərbaycanın postmünaqişə gündəliyində humanitar məsələlər əsas yer tutur:

“Ölkəmiz bütün dinlərin və müxtəlif mədəniyyətlərin bir arada, sülh şəraitində inkişaf etdiyi bir məkandır. Azərbaycan bu gün bütün dünyada multikulturalizmin ən başlıca örnəyi kimi şöhrət qazanıb. Ernənistan isə 30 illik işğal dövründə Azərbaycanın arxeoloji irsinin məqsədyönlü və planlı şəkildə məhv edilməsi siyasəti həyata keçirib”.

Millət vəkili xatırladıb ki, erməni işğalı nəticəsində Azərbaycana məxsus 2645 tarix və mədəniyyət abidəsi, eləcə də 1814 memarlıq abidəsi, 747 arxeoloji abidə, 64 bağ-park monumental və xatirə abidələri məhv edilib: “23 muzey, 102757 muzey eksponatı, 4 dövlət rəsm qalereyası, 376 rəsm əsəri, şəxsi kolleksiyalarda saxlanan 50 mindən çox tarixi əhəmiyyətli ov və məişət əşyaları mədəni irs nümunələri dağıdılıb, məhv edilib və ya mənimsənilib. Həmçinin erməni təcavüzü dövründə 63 məscid tamamilə dağıdılıb, 4 məscid tanınmaz hala salınıb”.

Ceyhun Məmmədov hesab edir ki, Azərbaycanın mədəni, dini, tarixi irsinin məhv edilməsi fonunda fərqli yanaşmalar təəsüf doğurur:

“Proseslərə ikili standartlardan yanaşan bəzi qurumlar və ölkələr xüsusi ilə UNESCO-nun davranışları təəccüblüdür. Azərbaycanın talan edilən, dağıdılan, mənimsənilən irsinə qarşı UNESCO kimi təşkilatların ikili standatlardan çıxış etməsi qəbuledilməzdir. Çünki erməni işğalından azad edilən ərazilərə UNESCO-nun xüsusi missiya göndərərək araşdırma aparmaması heç bir məntiqə uyğun gəlmir”.


Müəllif: Tapdıq Qurbanlı