9 İyun 2022 18:45
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sergey Lavrov və onun təmsil etdiyi ölkə tərəfindən Azərbaycanın ərazi bütövlüyünə ilk dəfə deyil ki hörmətsizlik olunur. Bu, ilk dəfə olsa idi təəccüblü olardı. Zaman-zaman bu davam edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ukraynalı jurnalistin ona Ukraynadan taxıl oğurlamaqla bağlı sualı ilə əslində bir çox məqamları üzə çıxardı. Jurnalistin Rusiyanın daha hansı addımları olacağına dair sualından sonra Lavrov başını itirmişdi.

Bu fikirləri Teleqraf.com-a hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, Lavrov həmin sualdan sonrakılara əsəbi cavab verib: "Lavrovun diplomat yox, insan kimi keyfiyyətləri normal olsa idi, o jurnalistin üzərinə bu cür şığımazdı. Lavrovun Fərrux kəndi ilə bağlı açıqlaması da birmənalı qarşılanmır. Onun iddia etdiyi kimi guya Azərbaycan oradan qoşunlarını geri çəkəcək, ruslar ermənilərə bununla bağlı söz veriblər. Amma heç bir dövlətin Azərbaycanın daxili işlərinə qarışmağa ixtiyarı yoxdur. Onsuz da, bu yaxınlarda bir çox məsələlər həllini tapandan sonra Fərrux və digər ərazilərlə bağlı olan proseslərə də aydınlıq gətiriləcək”.

Ekspertin fikrincə, Azərbaycanla hər hansı bir razılaşmanın olma ehtimalına da aydınlıq gətirib: “Azərbaycanın hərbi-siyasi rəhbərliyi bizim üçün vacib olan məsələlərdə işləri yarımçıq qoymayacaq. Lavrova və onun təmsil olunduğu dövlətə görə, biz ərazi bütövlüyümüzlə bağlı nələrdənsə imtina edə bilmərik. Ona görə də, kiminsə nə deməsi Azərbayana zərrə qədər narahatlıq yarada bilməz”.

Üzeyir Cəfərov hesab edir ki, Azərbaycan-Türkiyə qardaşlığını həzm edə bilməyənlər bu cür qıcıqlandırıcı bəyanatlar səsləndirir: “Lavrov sonuncu dəfə Kuleba ilə görüşündə də bir sıra fikirlər səsləndirib. Ötən gün isə Ankarada eyni mənzərə təkrar olundu. Amma bu dəfə mövzu Azərbaycanla bağlı idi. Ümumilikdə isə narahatlığa heç bir əsas yoxdur. Yaxın dönəmlərdə Azərbaycan ərazi bütövlüyü, suverenliyi məsələsində konkret addım atacaq. Buna heç kəsin də zərrə qədər şübhəsi olmasın”.


Müəllif: Tapdıq Qurbanlı