10 İyun 2022 17:23
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

10 noyabr 2020-ci ildən başlayaraq Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatlarda birmənalı olaraq bütün məsələlər öz əksini tapıb. Bu bəyanatlarda hansı məsələlərin nə vaxt və necə həll olunduğu aydın şəkildə qeyd edilib. Ona görə də, Ermənistan bu müddəalarda təsbit olunan bütün məsələləri yerinə yetirməlidir. Ermənistanda son vaxtlar revanşistlərin aranı qarışdırmağa çalışması, sülh prosesinə maneə olmaq cəhdləri sözsüz ki, prosesə təsir edir. Amma ümumilikdə bu cür hallar heç bir perspektivi olmayan mənasız işlərdir. Çünki artıq müharibə bitib. İndi nə status, nə də Minsk qrupu var.

Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Onun fikrincə, bu səbəbdən prosesi irəliyə aparmaq üçün bütün mümkün səylər maksimum şəkildə birləşdirilməlidir.

Komitə hesab edir ki, hazırda əsas prioritet Azərbaycanla Ermənistan arasında gedən danışıqlardır: “İkitərəfli danışıqlar davam etməli, delimitasiya və demarkasiya məsələləri həll olunmalıdır. Nəhayət sülh müqaviləsinin qısa zamanda imzalanmasına nail olmaq vacibdir. Sülh gündəliyi də Azərbaycan tərəfindən təqdim edilib”.

Millət vəkili ötən gün Rusiya xarici işlər naziri Sergey Lavrovun Xocalı rayonunun Fərrux kəndi ilə bağlı açıqlasına edilən düzəlişə də münasibət bildirib: “Bu da Azərbaycanın siyasi iradəsinin nəticəsidir. Rusiya Xarici İşlər Nazirliyi məlum açıqlama ilə bağlı düzəliş etdi. Bu, bir daha onu göstərir ki, Azərbaycanın haqlı mövqeyi ilə hesablaşmaq lazımdır. Əslində bu, hamı üçün aydın olan bir mesajdır. Çünki delimitasiya Azərbaycanla Ermənistan arasında olan dövlət sərhədindən keçir. Fərrux kəndi Azərbaycanın daxili ərazisidir. Ölkəmizin daxili ərazisində isə delmitasiya söhbəti ola bilməz”.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi Sergey Lavrovun İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında Xocalının Fərrux kəndi ətrafındakı vəziyyətlə bağlı səsləndirdiyi fikirlərə düzəliş edib. Rusiya XİN-nin saytında Lavrov-Mirzoyan mətbuat konfransının stenoqramını yayımlanıb. Stenoqramda Rusiya XİN başçısının Fərrux kəndi ətrafındakı vəziyyətlə bağlı səsləndirdiyi fikirlərə dəyişiklik edilib.


Müəllif: Tapdıq Qurbanlı