14 İyun 2022 09:23
1 910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Cümşüd Nuriyevin Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Rusiya-Ukrayna müharibəsinin hazırkı gedişatı haqda fikriniz necədir? Hədəflərinə böyük ölçüdə nail olmadığı iddia edilən Rusiya nə etməyə çalışır?

- Deməzdim ki, Rusiya hədəfinə nail olmayıb. Rusiya ilk hədəfinə çatdı, yəni Ukraynanın Azova çıxışını tam bağladı. İkincisi, Ukraynanın Qara dənizinə çıxışını tam bağlamaq üzrədir. Ukraynanın Qara dənizə çıxışı Rusiya ordusunun nəzarəti altındadır. “Tayms”ın məlumatına görə, Rusiya Ukraynanın taxıl ticarətinə nəzarəti tam ələ keçirib. Rusiya hazırda dünyanın taxıl ticarətinin üçdən birinə nəzarət edir. Yəni indi Rusiyanın dünya bazarlarına çıxaracağı taxıl Avropa Birliyi, Kanada və ABŞ-dan daha çoxdur. Bu, çox ciddi rəqəmdir. Rusiya təkcə Ukraynanı yox, bir neçə ölkəni aclıqla sınağa çəkəcək. Nəzərə alsaq ki, Hindistan taxıl ixracını da dayandırıb, Rusiya bu sürətlə davam etsə, yaxın bir-iki il ərzində dünyanın taxıl ticarətinin 40 faizə qədərini ələ keçirəcək. Bu, çox qorxunc bir rəqəmdir. Belə anlaşılır ki, Rusiyanın görünməyən hədəflərindən biri bu imiş.

Əslində Rusiya Krımı ələ keçirdikdən sonra taxıl ticarətində Kanada və ABŞ-ı qabaqlamışdı. Xersondan sonra Luqansk da tam işğal edilsə, Ukraynanın taxıl əkdiyi bütün qara torpaqları Rusiyanın nəzarətinə keçəcək. Görünür, Rusiya planlı şəkildə addım atırmış. Bəli, Rusiya artıq iqtisadi müharibəni udub. Siyasi cəhətdən uduzmaq isə ona o qədər də təsir etmir. Əgər ABŞ və ya Qərbin sanksiyaları Hindistan və Çin tərəfindən pozulursa, bu, təsadüfi deyil. Müharibədən əvvəl Rusiya və Çin arasındakı ticarət dövriyyəsi 15 milyard dollar idi, indi bu rəqəm 150 milyarddır.

Dünyada bütün maraqlar iqtisadi müstəvidə qurulub. Əgər indi dünyanın ərzaq təhlükəsizliyində Rusiya birinci yeri tutursa, ABŞ, Kanada və Avropa Birliyini oyundan çıxarırsa, Hindistan da taxıl icracını dayandırıbsa, bu o deməkdir ki, Moskva dünyanı qida və ərzaq təhlükəsizliyi ilə bağlı çox ciddi problemlərlə üz-üzə qoyacaq.

- ABŞ Prezidenti Co Baydenin bir fikri Ukraynada müzakirə mövzusuna çevrilib. Bayden dedi ki, müharibədən əvvəl Rusiyanın müdaxilə edəcəyi barədə ukraynalı həmkarı Vladimir Zelenskini xəbərdar etsələr də, o, bunu eşitmək istəməyib. Amerika liderinin Kiyevdə etiraz yaradan bu fikrinin izahı necə ola bilər: günahı Zelenskinin üstünə yıxır?

- Birinci dəfə deyil ki, ABŞ-dan belə fikir səsləndirilir. Amerika vaxtilə Hitleri də günahlandırmışdı, halbuki onun arxasında Rotşild ailəsi dayanmışdı. ABŞ bu gün də həmin siyasəti davam etdirir. Əfqanıstan, İraq və İran üçün də belə demişdilər.

Təkliflərin nədən ibarət olduğunu bilmirəm, amma Zelenski demişdi ki, Qərbin təkliflərini qəbul etsələr, bu, birmənalı şəkildə Ukraynanın kölə olacağına dəlalət edəcək. Bunun nə qədər əsaslı olduğunu deyə bilmərəm, amma Bayden birmənalı şəkildə Ukraynanı çətin vəziyyətdə qoydu. Çünki ABŞ Ukraynaya uzaqmənzilli raket verməyəcəyini bildirib. Ukrayna Rusiyanı sıxışdırıb çıxarmaq üçün rus ərazilərini vurmalıydı. Rusiya da hava hücumu raketləri ilə Ukraynanı məhv edib. Köhnə tank, top və təyyarə verməklə, Ukraynanın qələbəsini təmin etmək mümkün deyil.

Görünən budur ki, ABŞ-la Rusiya arasında gizli razılaşma var. Buna uyğun olaraq da, ABŞ Ukraynanın Rusiya ilə bağlı mövqeyini təftiş etməyə başlayıb. Baydenin isə sözlərindən belə məlum olur ki, bu, təftişdən tənqidə keçib. Bir azdan elan edəcəklər ki, baş verənlərə görə günahkar Zelenskidir. Baydenin bu fikri artıq Ukraynada çox ciddi problem yaradıb. Həm ordunun döyüş ruhu aşağı düşür, həm də xalqla Zelenskinin birliyinə çox ciddi ziyan dəyir. Əgər bunu ABŞ-ın başçısı dilə gətirirsə, bu o deməkdir ki, Ukraynanın maraqları Rusiyaya satılıb.

Hesab edirəm ki, hadisələrin belə gedişi Ukraynanın tam məğlubiyyətinə gətirib çıxaracaq. Artıq Luqanskı itirmək üzrədir. Eyni zamanda, Dneprə qədər Donetski ələ keçirəcəklər. Xersonda “referendum”a hazırlaşırlar. Beləliklə, Ukrayna ərazilərinin 35 faizini itirəcək. Rusiyaya nə lazımdır? Harada taxıl əkilən sahələr varsa, oranı tam nəzarətə götürür. Putinin əsas məqsədi 2024-cü ilədək taxıl ixracını 49 milyon tona çatdırmaqdır. Bu isə təkcə taxıldan 9 milyard dollar gəlir götürmək deməkdir. Heç Kanada, ABŞ və Avropa Birliyi bu qədər taxıl ixrac etmir. Yəni Rusiya üçün əsas məqsəd iqtisadi hədəflərə çatmaq idi, buna da Ukraynada nail oldu.

Təəssüf ki, ABŞ və Avropa Birliyi Ukraynanın maraqlarını satdı. İndi Almaniya, İtaliya və Fransa liderləri Kiyevə gəlirlər. Bunların hamısı turist səfərləridir. Siyasət turizmi sevmir. Azərbaycan 30 il belə səfərlərin əzabını çəkib. ATƏT-in Minsk qrupu həmsədrlərinin səfərləri Ermənistan və Azərbaycan arasındakı münaqişəni həll etmədi. Rusiya da nüvə terroru ilə məşğul olan bir dövlətdir. Rusiya deyir ki, mənə pisdirsə, hamıya da pis olmalıdır. Belə bir vəziyyətdə heç kim Rusiyanın qarşısına çıxmaq istəmir. Bu o deməkdir ki, Rusiya siyasi maraqlarını təmin etmək üçün başqa dövlətlərə də əl atacaq. Məsələn, Litva özünü öldürürdü ki, birləşib Rusiyaya hücum edəcək. Amma heç nə olmadı. Hətta ola bilsin ki, növbəti qurban elə Litvanın özüdür. Görünən budur ki, dünyanın aparıcı dövlətləri Rusiya ilə üz-üzə gəlmək istəmir.

- Aparıcı dövlətlərin Rusiya ilə döyüşmək, üz-üzə gəlmək istəmədiyini dediniz. Belə olan halda onlar bilə-bilə Rusiyaya yol açmırlarmı?

- Əslində baş verənlər ABŞ-ın maraqlarına uyğundur. Son 25-30 ildə ABŞ birqütblü dünyaya nəzarət edirdi. Amma rəqabət olmayan yerdə inkişaf olmur. ABŞ bunu çox gözəl anladı. Buna görə də özü dünya düzənini dəyişmək istədi. Amma siyasi memar kimi həm Çin, həm də Avropa Birliyini görmək istəmədi. Çünki hər ikisi ABŞ-ın dərin dövlətinin maraqlarına zidd hərəkət edirdi. Avropa Birliyi avronun dəyərini dollardan üstün saxladı. Sonra Çin ABŞ-ın siyasətini pozdu. ABŞ da Çinlə Rusiya arasında seçim edəndə ikincisinə üstünlük verdi. Rusiyanın müəyyən resursuları olsa da, əhali resursu yoxdur.

Rusiya da ABŞ-ın yolunu tutdu. ABŞ Əfqanıstanı işğal etdi, Rusiya da hissə-hissə Ukraynanı ələ keçirir. ABŞ digər tərəfdə də Çini qızışdıraraq, Tayvanla üz-üzə qoyur. Çünki Çinin iqtisadi resursları ABŞ-ı narahat edir. Afrikadan sonra Avropa ölkələrini özündən asılı vəziyyətə salmağa başlayan Çin iqtisadi hegemon kimi ABŞ-ın önünə çıxır. ABŞ qazandığı qədər xərcləyir, Çinin maliyyə resursları isə 3 trilyon dollardan çoxdur. Yəni ABŞ artıq Çinin “iqtisadi nəfəs”ini öz kürəyində hiss edir. Bu da ABŞ-ı “yandıra” bilər. ABŞ-a görə özünü bu “yandığın”dan qorumaq üçün ən yaxşı sipər Rusiyadır. ABŞ- bilir ki, istənilən vaxt Rusiya ilə yola gedə və razılaşa bilər.

Düşünməyin ki, ABŞ Rusiyanı çökdürməyə çalışır, bu, sadəcə düşünülmüş və təhlükəli oyundur. ABŞ yeni dünya düzənində “özünə bərabər rəqib” kimi Rusiyanı hazırlamaqla Çin və Avropa Birliyini zərərsizləşdirir. Görəsiniz, yaxın zamanda Avropa Birliyinin parçalanması məsələsi gündəmə gələcək. Bunu Şolz edəcək. Çünki bu adamın babası Hitlerin “sağ əl”i olub. Bunu həm də Makron edəcək. İngiltərə geri çəkilməklə Avropa Birliyini çətin vəziyyətdə qoydu. Bir də İtaliya var. Bu üç dövlət də öz əlini götürdükdən sonra ortada kim qalacaq? Qalanların hamısı acından ölən dövlətlərdir.

ABŞ indi Yunanıstan və Türkiyə arasında da bir oyun qurmağa çalışır. Məqsədi də Yunanıstanı vurub oyundan çıxarmaqdır. Çünki Yunanıstan Avropada Rusiya kimi yeganə pravoslav dövlətdir. Eyni zamanda, yunanlar ABŞ-da böyük mafiyaları olan xalqlardan biridir. Bir sözlə, ABŞ öz maraqlarına uyğun oynayır. Hələ də 1904-cü ildə qəbul etdiyi “Milli Təhlükəsizlik Konsepsiyası”ndan kənara çıxmır. Həmin konsepsiyaya görə, istənilən ölkədə iqtisadi maraqları zərər görərsə, ABŞ orada istədiyi addımı ata bilər. Yəni ABŞ Çin və Avropa Birliyini yeni dünya düzənində görmək istəmədiyi üçün “Rusiya kartı”ndan yararlanır.

- Rusiya lideri Vladimir Putinin özünü çar I Pyotrla müqayisə etməsi də diqqət çəkdi. Rusiyanın genişləndirilməsinin zəruriliyinə eyham vuran Putin Pyotrun bu missiyasının bu gün onun üzərinə düşdüyünü dedi. Bu, Azərbaycanın da daxil olduğu postsovet ölkələri - vaxtilə Rusiyanın işğalı altında olmuş dövlətlər üçün bir hədə mesajıdırmı?

- O, həmin Pyotrdur ki, Amsterdama qədər gedib qayıtdıqdan sonra bataqlıqda Sankt-Peterburqu saldı. Rusiyanın işğalçılıq siyasətinə 1703-cü ildən başladı. Pyotrun vəsiyyəti var. Təəssüf ki, həmin vəsiyyətin 9 və 12-ci maddələr Azərbaycan və Türkiyəyə aiddir. Həmin bəndlərdə İstanbul və Bakının işğalı əks olunub. Azərbaycanın ən böyük bölgəsini – Dərbəndi Pyotr işğal edib. Düzdür, Bakını 1723-24-cü illərdə işğal etdi, amma əlində saxlaya bilmədi. Nadir Şah onları Bakıdan vurub çıxardı.

Hesab edirəm ki, Putinin özünü Pyotrla müqayisə etməsi təsadüfi deyil. Putin bununla keçmiş sovet ölkələrinə meydan oxuyur ki, vaxtilə Sovet Rusiyasının, indi də mənim nəzarətimdəsiniz. Xalq Cəbhəsi hakimiyyətinin ən böyük səhvi o oldu ki, Rusiyanı rəsmən SSRİ-nin varisi kimi tanıdı. Biz həmin dönəmdə parlamentdə məsələ qaldırdıq ki, Rusiya Azərbaycana borcludur. Onda Azərbaycanın Rusiya banklarında 118 milyon dollar pulu vardı. Ümumiyyətlə, sovet dövründə Azərbaycanın hər il Rusiyaya verdiyi gəlir 4-10 milyard dollar arasındaydı. Azərbaycana geri qaytarılan isə heç bir 1 milyard dollar deyildi, 700-800 milyon arasında idi. Yəni balans bizim xeyrimizə idi. Amma “millətçi” kimi qarnını cıranlar Rusiyanı SSRİ-nin varisi kimi tanıdılar, indi də bunun ziyanını çəkirik.

Rusiyanı SSRİ-nin varisi kimi tanımamalıydıq. Digər respublikalar da bunu etdilər. İndi də Rusiya deyir ki, siz bizi SSRİ-nin varisi kimi tanımısınız, biz də SSRİ-nin bərpa edilməsini istəyirik. Yəni Putinin Pyotr sevdası təsadüfi deyil. Putin digər keçmiş sovet ölkələri kimi Azərbaycanı da birmənalı şəkildə yenidən qurmağa çalışdığı SSRİ-də görmək istəyir. Moskvanın Qarabağ siyasətinin arxasında da Azərbaycana qarşı bu niyyət durur. Əgər Türkiyənin və Ərdoğanın dəstəyi olmasaydı, Rusiya Ukrayna kimi Azərbaycanı da işğal etməyə cəhd göstərəcəkdi. Buna görə də, Türkiyə və Ərdoğana minnətdar olmalıyıq. Ərdoğan-İlham Əliyev tandemi Azərbaycanı böyük işğaldan qurtardı. Amma bu o demək deyil ki, Rusiya öz niyyətindən əl çəkib. Amma Ankara “Bala Pyotr”a, yəni Putinə göstərməyə çalışır ki, bu məsələdə Türkiyənin maraqları Azərbaycanla eynidir.

Rusiya Türkiyənin mövqeyini çox yaxşı bilir, eyni zamanda. NATO ilə üz-üzə gəlmək istəmir. NATO-nun ikinci ən güclü ordusuna malik Türkiyə ilə münasibətlərin korlanması Rusiyanın marağında deyil. Bir sözlə, Putinin Pyotrdan ilhamlaması təsadüfi deyil. Çalışır ki, ala-yarımçıq da olsa, bir SSRİ yaratsın, özü də onun prezidenti olsun. Bu maraqlarına uyğun olaraq da Pyotru təbliğ edir. Təəssüf ki, həmin Pyotrun vəsiyyətində Türkiyə və Azərbaycana qarşı təxribatçı və şovinist bəndlər də var.


Müəllif: Mənsur Rəğbətoğlu