15 İyun 09:16
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan əlaqələrinin rəsmi təsdiqidir. Bu, eyni zamanda yeni bir yol xəritəsidir. Türkiyə-Azərbaycan əlaqələri 15 iyun 2021-ci ilə qədər möhtəşəm tarixi bir dönəmdən keçib. Bundan sonra isə daha yeni və güclü bir mütəvidə yola çıxılıb.

Bunu Teleqraf.com-a Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

O hesab edir ki, Şuşa Bəyannaməsinin tarixi bir sənəd olmasını şərtləndirən bir çox amillər var: “Çünki bu sənəd tarixi Şuşa şəhərində imzalanıb. Türkiyə prezidenti ilk dəfə Qarabağ torpaqlarına, Şuşaya gəlib belə bir sənədə imza atıb. Azərbaycanın Milli Qurtuluş Günündə imzalanan bu Bəyannamə dərslik kimi məktəblərdə də təbliğ edilməli, öyrənilməlidir”.

Sabiq səfirə görə, bu müttəfiqlik sənədinin imzalanması Azərbaycan-Türkiyə bayramı kimi də qeyd edilməlidir: “Füzuli beynəlxalq aeroportunun, Rizə-Artvin hava limanının açılışı, Bakıda keçirilən "Texnofest" festivalında iki qardaş ölkənin lideri əl-ələ tutaraq bütün dünyaya birlik mesajları verdi. Eyni zamanda Azərbaycanın birinci xanımı, birinci vitse-prezident Mehriban Əliyevanın Türkiyənin birinci xanımı Əminə Ərdoğanla Bakıda əl-ələ tutaraq "Texnofest" səhnəsinə qalxması xalqlarımıza, bölgəmizə verilən mesaj idi”.

Hulusi Kılıç bildirib ki, Şuşa Bəyannaməsindən sonra Azərbaycanla Türkiyə ordusu arasında əməkdaşlıq daha da sıxlaşıb: “Azərbaycan ordusunda yeni Komandan birlikləri yaradılıb. Eyni zamanda mətbuat sahəsində əlaqələr genişləndirilib. "Texnofest" ilk dəfə olaraq Türkiyədən sonra qardaş Azərbaycanda keçirilib. Sosial Elmlər Konqresinin Bakıda keçirilməsinə nail olunub. Bu konqresdə 550 akademik iştirak edirdi. Davamı olaraq kənd təsərrüfatı sahəsində də əməkdaşlıq üçün geniş imkanlar dəyərləndirilib”.

Diplomatın fikrincə, Şuşa Bəyannaməsi ilə bir yolda iki qardaş dövlətin addımlaması tarixi reallığa əsaslanır: “Biz iki dövlət, bir millətik. Amma yeri gəldikdə bir dövlət, bir millət olmağı da bilirik. Birliyimiz gücümüzdə, gücümüz birliyimizdədir”.


Müəllif: Tapdıq Qurbanlı