15 İyun 2022 22:08
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

XX əsrin sonlarında yenidən özünün dövlət müstəqilliyini qazanan Azərbaycan qısa zamandan sonra onun itirmək təhlükəsi ilə üzləşmişdi. Yenicə müstəqillik əldə edən ölkədə hakimiyyət böhranı getdikcə dərinləşirdi. 1993-cü ilin iyununa qədər Azərbaycanda yaşanan böhran artıq kulminasiya həddinə çatmışdı. Xaos və anarxiya, ayrı-ayrı silahlı dəstələrin özbaşınalığı anarxiya yaratmışdı. Ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üzləşmişdi. Bütün bunlar dövlət müstəqilliyimizə təhlükə yaradırdı. Ona görə də, 1991-1993-cü illər tariximizdə hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi düşüb. AXC-Musavat cütlüyüynün yarıtmaz hakimiyyəti illərində isə Azərbaycanda xaos yeni yaradılmış müstəqil dövlətə səriştəsiz şəxslərin rəhbərlik etməsinə görə baş verdi. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

Professor qeyd edib ki, həmin dövrdə cəmiyyətin bütün təbəqələri müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyev görürdü:

“Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşməklə taleyini həll etmək niyyətini ortaya qoymaq istəyirdi. 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı. Məhz bu tarixi qayıdışla Azərbaycan dövlətinin taleyindən daha dəhşətli hadisələrin qarşısı alındı, ölkəmiz bəlalardan, müsibətlərdən xilas oldu. Bu tarixi qayıdışla ölkəmizin taleyində böyük dönüş anı, qurtuluşa doğru mühüm addım atıldı ki, Azərbaycan bir dövlət kimi yox olmaqdan, parçalanmadan xaos və anarxiyadn xilas edildi.

Xalqın təkidli tələbi və çağırışları ilə Naxçıvadan Bakıya gələn ulu öndər Heydər Əliyev 1993-cü ilin iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Həmin dövr ulu öndər bütün real təhlükələrə və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürməklə Azərbaycan tarixində dönüş nöqtəsinin əsasını qoydu.

Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi. Vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas olan Azərbaycan ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrilməklə inkişaf, tərəqqi yoluna qədəm qoydu”.

Millət vəkili hesab edir ki, Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı: “Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı.

Ermənistanla 1994-cü ilin may ayında atəşkəs aktı imzalandı. Ölkə daxilində nisbi sabitlik, beynəlxalq aləmdə Azərbaycana münasibətdə inam və etimad formalaşmağa başlandı. Bunun nəticəsi olaraq 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandı. Müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyası həyata keçirilməyə başlanıldı. Azərbaycan Qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi.

Ölkəmizin həyatının bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi”.

Eldar Quliyevin fikrincə, ulu öndər Heydər Əliyev xalqımız üçün ən çətin, taleyüklü günlərdə onun yanında oldu və tarixi Xilaskar missiyasını icra etdi: “Ulu Öndərin dövlət idarəçiliyindəki zəngin təcrübəsi və qətiyyəti sayəsində ölkəmizdə qanunsuz silahlı dəstələr zərərsizləşdirildi. Ölkədə daimi olaraq sarsılmaz ictimai-siyasi sabitlik bərqərar edildi. Erməni işğalında olan torpaqlarımızı azad etməyə qadir olan ordu quruculuğu formalaşdırıllmağa başlandı. Ulu Öndərin təşəbbüsü ilə 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Bununla da ölkəmizin qanunvericilik bazasının əsasları formalaşdı. Fundamental beynəlxalq prinsiplərə əsaslanan qanunvericiliyin formaslaşmasına zəmin yarandı.

Ulu öndər Heydər Əliyevin siyasi kursununu ən layilqi formada böyük uğur və əzmlə davam etdirən Prezident İlham Əliyev rəhbərliyi ilə Azərbaycan müasir və güclü bir dövlətə çevrildi. Azərbaycan Cənubi Qafqazın lideri ölkəsi olmaqla bütün regional təlayihələrin təşəbbüskarı oldu. Sözsüz ki, güclü Azərbaycanın qarşısında dayan ən ümdə vəzifə 30 ilə yaxın erməni işğalı altında olan torpaqların azad eidıməsi idi. 30 ilə yaxın edilən bütün siyasi-diplomatik cəhdlərə baxmayaraq Ermənistan işğal siyasətindən əl çəkmədi. 44 günlük Vərtən müharibəsi ilə güclü Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni işğalına son qoydu. Azərbaycan özünün tarixi ərazilərinə sahib oldu və ərazi bütövlüyünü təmin etdi.

Bu gün Qarabağda və Şərqi Zəngəzurda böyük quruculuq və bərpa işləri həyata keçirilir. Qısa zamanda işğaldan azad edilən ərazilərimizdə yenidən həyat bərpa ediləcək və bu torpaqların əzəli sakinləri öz yurd-yuvalarına qayıda biləcək”.

Deputat ötən il iyunun 15-də, məhz Milli Qurtuluş Günündə Azərbaycan və Türkiyə Prezidentlərinin Şuşada imzaladıqları tarixi Bəyannamənin əhəmiyyətinə toxunub: “II Qarabağ müharibəsində birmənalı olaraq Azərbaycanın yanında olan qardaş Türkiyə müharibədən sonra da Azərbaycana olan qardaşlıq dəstəyini davam etdirib. Bunun nəticəsi olaraq ötən ilin 15 iyununda tarixi Şuşa şəhərində iki qardaş ölkə olan Azərbaycan və Türkiyə arasında tarixi Şuşa Bəyannamsəi imzalanıb.

Qardaş Türkiyə ilə əlaqələrimizi müttəfiqlik səviyyəsində rəsmiləşdirən həmin Bəyannamə mahiyyətcə yüz il əvvəlki Qars müqaviləsinin məntiqi davamı hesab edilir. Qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Qurtuluş Günündən Şuşada, Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyevlə imzaladığı tarixi Şuşa Bəyannməsinin isə “iki dövlət bir millət" prinsipinə əsaslandırdı. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi reallıq hesab edilir.

Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərdə yeni bir dövrün əsasını qoyub. Bəyannamədə hərbi sahədə əməkdaşlıq, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qorumaqla bağlı öhdəliklər yer alıb.

Sözsüz ki, Şuşa Bəyannaməsi bu gün Ermənistandakı revanşist qüvvələrə və digər mərkəzlərə də açıq bir mesajdır. Çünki hazırda dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan, birlikdə addım atan dövlət yoxdur. Bu birlik isə II Qarabağ müharibəsindən sonra bölgədə sülhə, əməkdaşlığa, qarşılıqlı əlaqələrin daha da inkişafına hədəflənib.


Müəllif: Tapdıq Qurbanlı