15 İyun 2022 20:27
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

15 İyun - Milli Qurtuluş Günü Azərbaycan tarixinin ən əlamətdar hadisələrindən biridir. 1990-cı illərin əvvəlində müstəqilliyini elan etmiş Azərbaycanda dərin böhran hökm sürürdü. Ermənistanın torpaqlarımızı işğal etməsi, ölkə daxilindəki böhran, xaos Azərbaycanı ciddi təhlükələrə sürükləyirdi. Belə bir zamanda xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev Naxçıvandan Bakıya gəldi və dövlətçiliyimizi düşdüyü ağır durumdan xilas etdi.

Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Onun sözlərinə görə, 15 iyun tarixi haqlı olaraq tariximizə Milli Qurtuluş Günü kimi daxil olub: “Ulu öndərin xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoyuldu. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması, Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən strategiyanın tərkib hissəsi idi. Azərbaycan Qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının bəhrələri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi”.

Millət vəkili bildirib ki, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən illər ərzində daha da güclənib, dünyada nüfuzlu dövlətə çevrilib: “2020-ci ildə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarımızı azad etdi, işğalçı ordu məğlub oldu. Bu qələbə tariximizə qızıl hərflərlə yazıldı. Ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir”.

Sevinc Fətəliyeva hesab edir ki, 15 iyunu gün Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvədədir: “Bu zirvənin ən yüsək nöqtəsi isə ötən il iyunun 15-də iki ölkə arasında Müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin imzalanmasıdır. Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir. Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsində strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətləri əhatə olunur. Şuşa Bəyannaməsi çoxşaxəli müttəfiqliyin rəmzi hesab oluna bilər. Bəyannamə sayəsində Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Həmçinin, Şuşa Bəyannaməsi bölgədə inteqrasiya proseslərini stimullaşdırır, əhatəli sülhə yol açır”.


Müəllif: Tapdıq Qurbanlı