16 İyun 2022 16:00
1 351
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün erməniləri ərköyn danışmağa vadar edən, onlara himayədarlıq edən qüvvələr var. Hazırda Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşmiş rus sülhməramlıları oradakı ermənilərə himayədarlıq edir. İndi ermənilərə elə gəlir ki, rus sülhməramlıları onların haradan gedib-gəlməsini müəyyənləşdirəcək. Amma yanılırlar. Çünki ərazi Azərbaycana məxsusdur.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O qeyd edib ki, separatçılıqla məşğul olan ermənilərin orada qalmaları müvəqqətidir:

“Ancaq Azərbaycan vətəndaşlığını qəbul edib, dinc yaşamaq istəyində olan, heç bir hərbi cinayətdə əli olmayan ermənilərin yaşamaq hüququ tanına bilər. Heç bir dövlət razı olmaz ki, onun ərazisində vətəndaşlığını qəbul etməyənlər qalıb yaşasın və üstəlik terroçuluq, separatizmlə məşğul olsun”.

Millət vəkili Laçın dəhlizinə alternativ çəkilən yolla bağlı orada yaşayan ermənilərin qaldırdığı səs-küyə də münasibət bildirib:

“Bu, Azərbaycanın suveren ərazisində çəkilən bir yoldur. Azərbaycan işğaldan azad edilən ərazilərdə yeni yollar çəkir. Bu yol Şuşadan Laçın, Zabux çayı istiqamətində çəkilir. Amma ermənilər də unutmasın ki, bu yol ancaq onlar üçün çəkilmir”.

Elman Məmmədova görə, əvvəlki yeni yolun çəkilişindən sonra Laçın yolu yenidən bərpa ediləcək və Şuşa-Laçın yolu işlək olacaq:

“Rus sülhməramlıları da bu ərazidən uzaqlaşacaq. Yəni köhnə yolda onların qalması mümkün olmayacaq. Onların yeni yolda müşahidə aparmaq imkanları olacaq”.


Müəllif: Tapdıq Qurbanlı