17 İyun 2022 09:35
9 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Elçin Alıoğlunun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Ermənistan müxalifəti İrəvanın mərkəzindəki “inqilab çadırları”nı sökdü. Sizcə, bir aydan çox etiraz aksiyaları keçirən müxalifət Baş nazir Nikol Paşinyanı niyə devirə bilmədi? Ümumiyyətlə, hədəf onu devirmək idimi?

- Ermənistanda “etiraz aksiyaları”nı maliyyələşdirən, təşkil edən, ssenarisini yazan Rusiya idi. Baş verənlərdən bir daha əmin olduq ki, Rusiya nə narazıların inqilab istəklərini, nə də dövlət çevrilişini reallaşdıra bilir. Rusiyanın bacardığı çox kobud şəkildə ölkələrin daxili işlərinə və ərazi bütövlüyünə müdaxilə etməkdir. Ermənistan müxalifətinin məqsədi isə Paşinyanı devirmək olmayıb. Sadəcə olaraq, Paşinyana təzyiq göstərərək Rusiyanın maraqlarına cavab verən situativ vəziyyət yaratmaq idi. Amma bu alınmadı.

Əvvəllər də dediyim kimi, bu gün Ermənistanda Qərblə Rusiya arasında qarşıdurma gedir. Bir tərəfdə ABŞ-Avropa Birliyi, digər tərəfdə isə Rusiya dayanıb. Çox nadir hallarda rast gəlinən situasiyadır ki, ABŞ və Avropa Birliyi Cənubi Qafqazda tandem şəkildə - eyni mövqedən çıxış edir. Məhz buna görə də artıq Rusiya Ermənistanda uduzub. Bu “aksiyalar” bir daha göstərdi ki, Ermənistanın Rusiyanın forpostu durumundan çıxması və Moskvanın Cənubi Qafqaza təsirinin azalması an məsələsidir. Amma bu, tezliklə olmayacaq, proses ağrılı olacaq, Moskva Cənubi Qafqazın bütün dövlətlərinə ciddi pressinq göstərəcək, əlindəki bütün ssenarilərə əl atacaq. Bununla belə, proses artıq başlayıb. Əslində “Fransa” meydanındakı çadırların sökülməsi Rusiyanın Cənubi Qafqazdakı “geosiyasi çadırlar”ının yığışdırılması deməkdir.

- Təhlükədən sovuşan, belə desək, müxalifətlə qarşıdurmadan yayınan Paşinyandan daha cəsarətli addımların atılacağını gözləməyə dəyərmi?

- Paşinyan heç vaxt müxalifətlə qarşıdurmadan yayınmır. Əksinə, Paşinyan həmişə vaxtilə hakimiyyətdə olmuş Serj Sərkisyan və Robert Köçəryanın əllərindəki oyuncaq müxalifəti küçələrdə açıq döyüşə çağırır, daha doğrusu, buna sövq edir. Çünki Paşinyan Ermənistanda küçə döyüşlərinin ustasıdır. O, çox gözəl bilir ki, ermənilər müharibədən beziblər, heç bir vəchlə onları yenidən Azərbaycanla savaşa sövq etmək olmaz. Düzdür, ara-sıra revanşist çıxışlar olur, proses uzadılır, amma Ermənistan vətəndaşlarının total əksəriyyəti Azərbaycanla yeni müharibə istəmir. Ona görə yox ki onlar islah olunublar və dəyişiblər, belə bir şey yoxdur, sadəcə olaraq, ermənilər qorxurlar, yeni müharibədə daha ağır itkilərə məruz qalacaqlarını gözəl bilirlər.

Ermənilər yaxşı anlayırlar ki, yeni müharibə olarsa, Ermənistan öz ərazilərini itirə bilər, dünya birliyi də bunu rahat qarşılayacaq. Necə ki, verilən bütün bəyanatlara baxmayaraq, Makronun da dediyi kimi, Ukraynanın ərazi güzəştlərinə göz yumurlar. Paşinyan da bunu görür. Buna görə də, Paşinyan bundan sonra da müxalifəti açıq qarşıdurmaya cəlb və məğlubiyyətə vadar edəcək.

- Ermənistan baş naziri son açıqlamasında bildirdi ki, Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi, hüquq və azadlıqları onlar üçün əsasdır. Yəni “status”dan danışmadı. Hesab etmək olarmı ki, Ermənistan “Qarabağın statusu”na olan iddiasından imtina edib və Paşinyan belə mesajlarla cəmiyyəti buna hazırlayır?

- Əslində Paşinyan Qarabağda yaşayan ermənilərin təhlükəsizlik təminatını Azərbaycana təhvil verir. Biz də eyni qaydada Amerikada yaşayan hinduların taleyindən narahatıq və onların yaxşı yaşamalarını istəyirik. İstəklərə heç kəs mane ola bilməz. İstəklərin gerçəkləşməsi yolları isə fərqli məsələdir. Paşinyan istədiyi qədər narahat ola və qayğılana bilər, amma o, artıq başa düşür ki, Şərqi Zəngəzurda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır – bunun başqa yolu yoxdur. Onlar Ermənistan pasportları daşıdıqlarına görə bu cür bəyanatlar verməyə məcburdur. Amma Rusiya sülhməramlıları çıxdıqdan sonra Ermənistan pasportu daşıyan bu şəxslər ya Azərbaycanda xarici vətəndaşlar kimi yaşamaq üçün Xarici İşlər Nazirliyində qeydiyyatdan keçib viza almalıdırlar, ya da Azərbaycan vətəndaşları kimi yerli qanunvericiliyə tabe olmalıdırlar. Bundan başqa yol yoxdur.

Donetsk, Cənubi Osetiya və Abxaziya ssenariləri Azərbaycanda təkrarlanmayacaq. Ən azı ona görə ki, Qarabağın Rusiya ilə sərhədi yoxdur. Məsələ bu qədər bəsitdir. Yəni istədikləri qədər pasport paylasınlar. Məsələn, Dominikan Adaları, Papua və Yeni Qvineyanın pasportlarını da verə bilərlər. Bunlar sadəcə kağızdır. Necə ki, Ermənistanın özü belə ötən 30 il ərzində “ermənilərin müstəqilliyi”ni tanımaqdan çəkindi, bundan sonra isə heç tanımayacaq. Çünki artıq nə “Dağlıq Qarabağ”, nə Minsk qrupu, nə də digər şeylər var.

- Paşinyan tez-tez Serj Sərkisyan və Robert Köçəryanın Azərbaycanın ərazi bütövlüyünü qəbul etdiyini, Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını deyir. Əgər tanımışdılarsa, problem nədə idi, mübahisə nəyin üstündə gedirdi?

- Nə Sərkisyan, nə də Köçəryan heç vaxt açıqlamalarında “Qarabağ Azərbaycan ərazisidir” deməyiblər. Deyə də bilməzdilər, çünki bunu dillərinə gətirsəydilər, “Miatsum” adlı mənhus hərəkatdan kənarda qalacaqdılar. Qarabağ məsələsi bu şəxslər üçün siyasi elitada və hakimiyyətdə qalmaq, eləcə də böyük sərvət əldə etmək üçün bir vasitə idi. Paşinyanın belə deməsi isə məsuliyyəti bu şəxslərin üzərinə atmaq deməkdir. Paşinyan dəfələrlə deyib ki, 44 günlük müharibədə onun formalaşdırdığı Silahlı Qüvvələr yox, Sərkisyan və Köçəryanın qurduğu ordu məğlub olub. Yəni İkinci Qarabağ Müharibəsindəki məğlubiyyətdə Paşinyan yox, Robert Köçəryan günahkardır.

Qarabağın erməni şovinistləri və separatçılarından azad olunacağı illər əvvəl Lissabon sammitində yəqinləşmişdi. Ermənistan ilk acı məğlubiyyətini həmin sammitdə almışdı. Lissabon sammiti 44 günlük Qarabağ müharibəsini qaçılmaz etmişdi. Paşinyan buna işarə vurur və Ermənistan cəmiyyətini yekun sülh sazişinə hazırlayır. Saziş yaxında imzalanmayacaq, buna inanmıram. Ermənilər mümkün qədər vaxt uzatmağa, sülhməramlılar vasitəsilə mümkün qədər təxribatlara əl atmağa çalışacaqlar, mövqelərimizi atəşə tutacaqlar, amma proses uzansa da Paşinyan bu müqaviləni imzalayacaq. Bunu birdən-birə imzalamaq Paşinyana əl vermir.

- Rusiya xarici işlər naziri Sergey Lavrov yaxın günlərdə Azərbaycana gələcək. Sizcə, bu səfərdə məqsəd nə ola, Rusiyanın baş diplomatının qovluğunda nələr ola bilər?

- “Ola bilər” yox, artıq var. Əsas beş məsələ mövcuddur. Birincisi, Moskva Azərbaycanın Ukraynada gedən müharibə ilə bağlı mövqeyini yəqin və təsbit etmək istəyir. İkincisi, Rusiyaya qarşı tətbiq edilmiş total sanksiyalar çərçivəsində Azərbaycanın hansı mövqe tutduğunu Moskva bir daha eşitmək istəyir. Üçüncüsü, Rusiya cəza sanksiyalarından qismən də olsa yayınmaq üçün Azərbaycandan tranzit ərazi qismində istifadə etmək istəyir. Dördüncüsü, dünya bazarlarına karbohidrogen və enerji resurslarının çıxarılmasında alternativ marşrutların işə salınması, layihələndirilməsi və hazırlanması istiqamətində Rusiyanın energatika şirkətləri ilə Azərbaycan arasında danışıqların aparılıb-aparıla bilməyəcəyini yəqin etmək istəyir. Beşincisi, Lavrov Brüssel və ya Şarl Mişelin Ermənistan və Azərbaycan arasındakı məsələlərin həll prosesindəki rolunu zəiflətməyə və minimallaşdırmağa çalışacaq.

Qarşıdakı istəklər baxımından Azərbaycana yeni vədlərin veriləcəyi istisna deyil. Bu vədlərin nə qədər real olacağını zaman göstərəcək. Amma Lavrovun məqsədi Şarl Mişeli prosesdən kənarlaşdırmaq və Rusiyanın moderator rolunu qorumaqdır.


Müəllif: Mənsur Rəğbətoğlu