17 İyun 2022 19:14
2 352
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un sullarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Ermənistanın Baş naziri Nikol Paşinyan son açıqlaması ilə yenidən gündəmə gəlməyə çalışıb. Bildirib ki, Qarabağ məsələsinin Azərbaycanla delimitasiya prosesinə heç bir aidiyyatı yoxdur. Sizcə Paşinyan bununla nə demək istəyir?

- Əslində, N.Paşinyanın dediyi fikirlər heç də yeni deyil. Bir çox hallarda onların mənası açıqlanıb. Erməni baş nazir II Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra etirazlar fonunda növbədənkənar seçkiyə getməli oldu. Bundan sonra təşkil edilən hökumət kabinetinin ilk iclasında bəyan etdi ki, Qarabağ siyasətini təzə şəraitdə davam etdirəcək. Təzə şərait də ondan ibarətdir ki, artıq Ermənistan tərəfindən güc tətbiq edilməsi mümkün deyil. Bu baxımdan onlar təzə şəraitdə 30 il ərzində bəyan edilən məqsədləri bu və ya digər şəkildə icra etsinlər. İndi də onlar bu mövzunu “insan hüquqları” çərçivəsində görürlər. Bundan öncə isə qarşı tərəf bu məsələyə ərazi iddiası kimi baxırdı. Düşüncələri də o idi ki, Qarabağ və orada yaşayan ermənilər üçün “status” olmalıdır. Burada öz müqəddəratını təyin etmək hüququ kimi məsələlər də önə çəkilirdi. Ona görə də indiki şəraitdə biz köhnə siyasətin təzə şəraitdə təkrarını müşahidə edirik. Hətta buna aid bəyanatlar da verilir.

- Görünən odur ki, Ermənistanda revanşistlərlə real hakimiyyət bu və ya digər müstəvidə ortalama eyni mövqedən çıxış edir. Belə olan halda Azərbaycanın fərqli siyasi formasiyalara keçidi gözlənilirmi?

- Bəzən deyilir ki, revanşistlər var, onlar filan məsələləri bəyan edirlər və s. Bunun əslində açıqlanan məsələlərdən heç bir fərqi yoxdur. Sadəcə olaraq üslub baxımından fərqli bir mövqe sərgiləyirlər. Guya ki, revanşistlər iddia edirlər ki yenidən hansısa güc tətbiq edəcəklər. Sözsüz ki, bu mümkün olan bir şey deyil. Amma N.Paşinyan da bunu başa düşərkən revanşistlərin istədiyi məqsədləri istənilən yerdə təbliğ edir. Ona görə də Azərbaycan tərəfi olaraq biz öz siyasətimizdə hansısa bir mərhələyə son qoya bilərik. Çünki Azərbaycan qarşı tərəfə imkan verib ki, təzə şəraitdə real sülhə doğru addımlar atsınlar. Bundan sonra erməni tərəfi Azərbaycana qarşı ərazi iddialarına da son qoysun. Amma bu alınmadı. Belə olan halda Azərbaycan Ermənistanın ərazi iddialarına öz siyasətində güc faktorunu təbliğ etməsi də istisna edilmir.

- Bakının 5 bəndlik sülh təklifinə İrəvan absurd məsələlərlə cavab verməyə çalışır. Sizcə, Ermənistan bu ziyanlı məşğuliyyətini nə vaxta qədər davam edə bilər?

- Bəzi mərhələlərdə Azərbaycanın mövqeyi ilə bağlı tezislər bu və ya digər məqamlarda səslənmirdi. İlk növbədə burada Ermənistanın işğalı nəticəsində zərər dəymiş infrastrukturla bağlı konpensasiya mövzusudur. Son zamanlar bu mövzuda demək olar ki, heç nə eşidilmir. Sözsüz ki, bu taktiki bir addımdır. Çünki Azərbaycanın istəyi o idi ki, real sülhü cəlbedici etsin. Ona görə də bir çox mövzular ilkin mərhələdən səsləndirilmirdi. Eyni zamanda Ermənistanın insani və hərbi cinayətləri ilə bağlı da məsələ hələ ki qalmaqdadır. Digər bir məsələ sülhməramlıların vəzifələri ilə bağlıdır. Burada sülhməramlıların mandatı məsələsi də öz həllini tapmalıdır. Onların vəzifləri bu və ya digər şəkildə dəqiqləşdirilməlidir. Beynəlxalq təcrübə onu göstərir ki, onlar bu məsələləri də təqvim şəklində həll etməlidirlər.

- Bu məsələdə Azərbaycanın tələbləri daha çox hansı məsələləri əhatə edə bilər?

- Yəni Azərbaycanın konkret tələbi olmalıdır ki, təhlükəsizlik və hüquq mühafizə mövzusuna aid reinteqrasiya məsələləri hansı şəkildə həll olunacaq? Eyni zamanda hansı müddətdə və plan əsasında bunun baş verməsi mümkün olacaq? Daha sonra sosial məsələlərin reinteqrasiyası həll olunmalıdır. Sülhməramlılar Azərbaycanın müvafiq qurumları ilə birgə əməkdaşlıq formatında konkret təqvim üzərində addımlar atmalıdır. Əslində sülhməramlılar mövzusu çox genişdir. Ona görə də bu məsələyə aid bəzi fikirlər də artıq səslənməlidir.

- Bu günə qədər tərəflər arasında baş tutan görüşləri necə qiymətləndirmək olar?

- İki tərəf arasında Moskvada və Brüsseldə görüşlər baş tutub. Əslində bu formatlar arasında bir fərq görünmür. Əsas burada Ermənistanın mövqeyidir. Nə Moskvada, nə də Brüsseldə məsələlər həll edilmir. Bunun əsasında Ermənistanın beynəlxalq qanunlara zidd olan mövqeyi dayanır. Yəni coğrafi baxımdan bu ikinci dərəcəli bir məsələdir. İstəyirsiz Paşinyanı Antraktidaya aparaq, orada da həmin mövqeyi sərgiləyəcək. Son Qətər səfərində də o, belə mövqedən çıxış edib. Burada əsas məsələ odur ki, Ermənistanın rəhbərliyinin mövqeyi beynəlxalq hüquqa ziddir. Bu da onu göstərir ki, qarşı tərəf sülhə getmək istəmir. Birdəfəlik bunu baş düşmək lazımdır.

- Sülhə məcburetmə əməliyyatının təsiredici formatı hərbi əməliyyatlardır. Digər hansı təsir rıçaqları ilə Ermənistanı sülhə vadar etmək olacaq?

- Burada bir çox addımlar atılmalıdır. Tarixi Azərbaycan ərazisinin aktiv fazaya keçməsi ciddi şəkildə ermənilərin qeyri-konstruktiv mövqeyinə təsiredici bir zərbə olacaq. Sözsüz ki, burada tarixi ədalətin bərpasından söhbət gedir. Çünki bu ərazilər vaxtilə qeyri-qanuni olaraq Ermənistana verilib. Biz bu məsələlər üzərindən öz təsir imkanlarımızı daha da güclü formada ortaya qoysaq, qarşı tərəfin sülhdən başqa çıxış yolunun qalmadığını anlayacaq.


Müəllif: Tapdıq Qurbanlı