18 İyun 2022 18:00
1 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Aytən Muradova ötən gün Parisdə bir qrup erməninin “Qarabağa aparan yol” filminin nümayişinin baş tutmaması üçün Azərbaycan Mədəniyyət Mərkəzinə hücumunun təfərrüatları barədə Teleqraf.com-a danışıb.

Onunla müsahibəni təqdim edirik:

- Aytən xanım, ermənilərin təxribatı nəticəsində xəsarət almısınız, hazırda vəziyyətiniz necədir?

- Yaxşıyam, amma çox stress keçirdik. Öyrəşmişik, bir neçə il əvvəl Xocalı soyqırımının yad edilməsi ilə əlaqədar anım konsertində də eyni təxribat olmuşdu. O vaxt vəziyyət indikindən pis idi, çünki onda daha çox qonaq gəlmişdi. Elə indi də bizimlə qapıda duran "Ere TV" jurnalisti təəccüblə baxırdı. Deyir ki, mən belə aqressiv adamlar heç vaxt görməmişəm. Söylədim ki, özünüz gördünüz qarşımızdakı kimlərdir.

- Deməli, analoji halla daha əvvəl də qarşılaşmısınız...

- Əlbəttə. Düşünürəm ki, satqınlıq var. Çünki biz informasiyanı hər zaman gizli saxlayırıq, yalnız öz əhatəmizə məlumat ötürürük. Kino təqdimatında demək olar ki, azərbaycanlı yox idi, çox adam da gəlməmişdi. Bunlar informasiyanı haradan alıblar, necə öyrəniblər, bilmirik. Əminəm ki, qəsdən olub, xəbər ötürən var.

- Bəs, şikayət etdinizmi? Saxlanılan şəxslərlə bağlı nə kimi tədbir görüləcəyini gözləyirsiniz?

- Bu, Azərbaycanın Fransadakı səfirliyinin işidir, rəsmi prosüdur başlanılıb.

- Bəs filmin təqdimatı təxribata rəğmən baş tutdumu?

- Ora səfirliyin binasıdır, diplomatik qorunan binadır. Biz oraya Mədəniyyət Mərkəzi desək də, səfirliyin Mədəniyyət şöbəsidir. Onlar bunu bilmirdilər. Çünki erməninin birinə deyəndə ki, gəl içəri, bura səfirlikdir, o dedi ki, yox, bura Mədəniyyət Mərkəzidir. Dedim doğru məlumat verməyiblər, bura səfirlikdir. Fransada səfirliklər xüsusi polislərlə qorunur. Ora müdaxilə etmək terrorizm sayılır. Onda geri çəkildi. Amma çox aqressiv idilər. Yenə deyirəm, fikrimcə, onları xüsusi göndərmişdilər. Onlar daha əvvəl mərkəzə təcavüz etməyiblər, hərdən gəlib ətrafda dolansalar da heç vaxt bu dərəcədə aqressiya olmamışdı.

- Təqdimatda kimlər iştirak etdi? Necə keçdi?

- Təqdimatda jurnalistlər, ziyalı şəxslər iştirak etdilər. Təqdimat çox yaxşı keçdi. Çox adamın gözü yaşarmışdı. Hər kəs deyirdi həddindən artıq təsirli film alınıb.

- “Qarabağa aparan yol” filmi barədə məlumat verə bilərsinizmi?

- Filmi "Ere TV" çəkib, müsəlmanların televiziyasıdır. Fransada 11 milyon müsəlman yaşayır. Mənim dostlarımdırlar, onları Azərbaycana göndərmişdik. Qarabağda, Şuşada, Ağdamda çəkiliş aparıb, elə özləri də montaj ediblər. Bizim onlara heç bir təsirimiz olmayıb, təqdimatı daxil hər şeyi özləri hazırlayıblar. Hazırda da televiziyalarında filmin reklam çarxı yayımlanır. İyunun sonunda filmi televiziya yayımına buraxacaqlar.

- Üzləşdiyiniz təxribata fransız mediası reaksiya verdimi?

- Fransa mediası bizi demək olar ki, bloka salıb. Onlar heç İkinci Qarabağ müharibəsi vaxtı da heç nə yazmadılar. Onlar ikinci Ermənistandır. Bütün redaksiyalarda, hökümət orqanlarında ermənilər işləyir. Burada Jurnalistika Məktəbi var, yaradıcısı ermənidir. Həmin məktəbi bitirən jurnalistlər artıq o istiqamətdə formalaşırlar. Hər tərəfdən hər şeyi ələ alıblar. Mediada çalışan ermənilər ancaq milliyyətçiliyin mənafeyinə işləyirlər. Biz azıq, işləməyə vəsaitimiz də azdır. Onların hər cür vəsaitləri də var, milyonçuları da dəstək olur.

- Özünüz də qeyd etdiniz ki, Vətən müharibəsi zamanı da Fransa mətbuatı yazmırdı. Artıq 2 ilə yaxın vaxt keçib, azərbaycanlılara münasibətdə heçmi dəyişiklik yoxdur?

- Müharibədən əvvəl səfirliyin əsas binasına yaxın yerlərdə mitinqlər edirdilər. Az-çox adam gəlirdi. Amma səfirliyə heç vaxt yaxın gəlmirdilər. Hər zaman tədbirləri, konsertləri, təqdimatları keçiririk. Umayra Bağırovanın Qarabağda dağıdılımış yerlərdə çəkdiyi fotolardan ibarət sərgisi keçirilmişdi, təxribat olsa, orada da olardı. Amma bu dəfə xüsusilə Mədəniyyət Mərkəzinin binasına gəldilər.

- Bəs bu tədbirlərin təşkilində sizə hansısa problemlər yaradırlar?

- Xeyr. Səfirin icazəsi ilə işlərimizi görürük. Əsasən fransızları, ziyalıları dəvət edirik. Mən ətrafında olan adamların ermənilərlə əlaqələri varmı, yoxmu deyə hamısını yoxlayıram. Amma bu dəfə nəsə təxribat etdilər.

Problem odur ki, Fransada bizim haqqımızda məlumat çox azdır. Hər şeyi də səfirlikdən gözləmək olmaz. Buraya xüsusi media plan ayrılmalıdır. Fransada biz çox axsayırıq. Kino çəkmək istəyənlər, fotoqraflar var ki, göndərə bilmirik. İmkan yaratmaq lazımdır ki, bu adamlar gedib Azərbaycanın vəziyyətini çəkə bilsinlər. Fransa çox çətin ölkədir.


Müəllif: Aysel Azad