19 İyun 2022 14:24
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Azay Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Azay müəllim, Prezident İlham Əliyevin Qlobal Bakı Forumunda Zəngəzur dəhlizi və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına qarşı çox ciddi mesajlar verdi. Qarşı tərəfin verilən bu mesajlardan nəticə çıxarmaq ehtimalını necə dəyərləndirirsiniz?

- Ermənistanın son həftələr davranışı regionda yaranmış realllığa və götürdüyü öhdəliklərə adekvat deyil. Görünən odur ki, Ermənistan rəhbərliyi, xüsusilə də onun Xarici İşlər Nazirliyi ciddi cəhdlə canfəşanlıq edərək yenidən özləri üçün nəsə icad etmək istəyirlər. Çalışırlar ki, köhnə mövzuları, hekayələri diriltsinlər. Əslində Ermənistan tərəfi bu cür davranışları ilə çox təhlükəli oyunlara gedir. Bu ölkə sözün əsl mənasında odla oynayır. Ermənistan rəhbərliyi anlamalıdır ki, Azərbaycan hələ ərazilərimiz işğalda olan dövrdə belə Ermənistanın “şıltaqlıqlarına” dözmədi və təxribatlarının qarşısını almaq üçün Vətən müharibəsinə başladı. Bunun da nəticəsi hər kəs üçün bəllidir. Ermənistan Azərbaycanın adekvat cavabı ilə rəzil vəziyyət düşdü və kapitulyasiya aktına imza atmağa məcbur oldu. Acı məğlubiyyətə uğramış və Azərbaycanın şərtlərini qəbul etmiş Ermənistanın sülh danışıqlarını süni şəkildə uzatmaq cəhdi normal məntiqə sığmır və bu, ilk növbədə onun özünə zərərlidir.

- Təəccüblüdür, Ermənistan nəyə və kimə güvənir ki, sülh prosesini süni şəkildə yubadır?

- Görünən odur ki, Ermənistan rəhbərliyi yenə də reallıq hissini itirməyə başlayır. Onlar hələ də mövcud vəziyyəti düzgün qiymətləndirə bilmir. Bunun uzun müddət davam etməsinə imkan verilməyəcək. Azərbaycan dövləti, Prezidenti yenə də eyni iradə və qərarlıqla, təmkinlə Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün səylərini davam etdirir, lakin Azərbaycan Ermənistandan belə bir xoşməramlı siyasətinə adekvat cavab almasa, sülhə məcburetmə əməliyyatı qaçılmaz olacaq. Ona görə də Ermənistanın tezliklə ölkəmizin irəli sürdüyü 5 təməl prinsiplər əsasında sülh sazişi üzərində real işə başlaması ilk növbədə onun öz xeyrinə olardı.

Prezident İlham Əliyevin Bakı Qlobal Forumunda Ermənistana etdiyi xəbərdarlıqları bu baxımdan dəyərləndirmək lazımdır. Dövlət başçısının Forumdakı çıxışında yer alan tezislərə gəlincə, Prezidentin Zəngəzur dəhlizinin açılması ilə bağlı səsləndirdiyi fikirlər 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata əsaslanır. Çünki bu bəyanatla Ermənistan öz üzərinə öhdəlik götürüb ki, Azərbaycanın Qərb hissəsi ilə Naxçıvana maneəsiz gediş-gəlişi təmin etmək üçün bütün kommunikasiyalar açılacaq. Dəmir və avtomobil yolları bərpa ediləcək. Burada öz əksini tapan "maneəsiz" sözü hər şeyi həll edir. Bu o deməkdir ki, Azərbaycan əhalisi hər hansı bir gömrük, sərhəd yoxlamasından keçmədən birbaşa, maneəsiz bir ərazidən digərinə keçə biləcək. Azərbaycan humanistlik göstərərək Qarabağda yaşayan erməni əsilli insanların Ermənistana maneəsiz gediş-gəlişi üçün şərait yaradıbsa, eyni qaydalar Zəngəzur dəhlizində də tətbiq olunmalıdır.

- Ermənistan tərəfi isə Zəngəzur dəhlizi anlayışını inkar edir və bunu sadə bir yol, keçid kimi izah etməyə çalışır. Belə olan halda adekvat yanaşma nədən ibarət olacaq?

- Belə olan halda dövlət başçısının qeyd etdiyi kimi Ermənistanla hər hansı bir sülh sazişindən söhbət gedə bilməz. Sülh və iki dövlət arasında münasibətlərin normallaşması məhz bu şərtlərin çərçivəsində həyata keçirilə bilər. Bu artıq əsas şərtlərdir. Qonşu dövlətdən nəsə gözləyirsənsə, eyni münasibəti də göstərməyə borclusan. Digər bir məsələ isə ermənilərin yenidən “Dağlıq Qarabağ”, “status” məsələsini dilə gətirmək cəhdləridir. Bu olduqca qeyri-ciddi bir məsələdir. Bu günə qədər Azərbaycanla Ermənistan arasında imzalanan sənədlərdə və yaxud Avropa İttifaqı tərəfindən yayılan açıqlamalarda bir kəlmə də olsun bu məsələlərdən bəhs edilmir. Bundan başqa Prezident ilk dəfə olaraq ictimaiyyətə açıqladı ki, Paşinyan şifahi də olsa razılaşıb və öhdəlik götürüb ki, heç bir halda nə “status”, nə də ki “Dağlıq Qarabağ” ifadələrini gündəmə gətirməyəcək. Artıq dünya ictimaiyyəti də məlumatlıdır ki, Azərbaycanın “Dağlıq Qarabağ” adlı hansısa bir strukturu və ya ərazi vahidi mövcud deyil.

- Amma erməni tərəfinin növbəti dəfə köhnə məsələlər üzərində manipulyasiyası müşahidə edilir...

- Bəli, bununla bağlı dövlət başçısı da açıq şəkildə vurğuladı ki, əgər erməni tərəfi bir daha bu məsələ ilə bağlı manipulyasiya etsə, sülh danışıqlarını pozmağa və ya süni şəkildə uzatmaqda çalışsa, xüsusilə, Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımaqdan imtina etsə buna görə cavab verməli olacaq, biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq. Bunun da nə demək olduğu hamıya bəllidir. Mən də şübhə etmirəm ki, irəli sürdüyümüz və beynəlxalq hüquqa söykənən şərtlər çərçivəsində Ermənistanın Azərbaycanla münasibətlərini normallaşdırmaqdan başqa çarəsi yoxdur. Əks təqdirdə bunun ağır nəticələrinə qatlanmalı olacaq.

- Ermənistan Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi məsələsini də təbliğat mövzusuna çevirib...

- Bildiyimə görə hazırda müvafiq qurumlar tərəfindən sülhməramlıların müvəqqəti olaraq yerləşdiyi ərazilərin reinteqrasiyası üzərində müxtəlif layihələr və ssenarilərlə üzərində iş gedir. Həmin ərazilərdə yaşayan erməni əsilli əhali Azərbaycan Konstitusiyasına uyğun şəkildə yaşamaq hüququ əldə edə bilər. Heç bir halda onların təhlükəsizliyi ilə bağlı hər hansı problem olmayacaq. Bununla bağlı Azərbaycan Konstitusiyası da kifayət qədər əsaslar yaradır. Dövlət başçısının da bu mövzuda açıq və birmənalı mövqeyi var. Orada yaşayan ermənilər üçün veriləcək ən böyük status da, elə Azərbaycan vətəndaşlığıdır. Bunu qəbul edənlər öz həyatlarını daha rahat və etibarlı şəkildə davam etdirə bilərlər. Onlarla heç kimin işi olmayacaq, digər vətəndaşlara qarşı olduğu kimi ermənilərin də hüquq və vəzifələrinə eyni cür yanaşılacaq. Hər hansı ayrı-seçkiliyə və diskriminasiyaya yol verilməyəcək. Ona görə də bizim üçün Ermənistanla etimad mühitinin yaradılması ilə bağlı tədbirlərə dərhal başlanılması çox vacibdir. Ermənistan da perspektivi olmayan və keç kimə real faydası toxunmayan, əksinə, gərginliyin artmasına xidmət edən ritorikadan əl çəkib etimad mühitinin yaradılması işinə töhvə verməlidir.

- Ermənistan tərəfi növbəti dəfə ATƏT-in Minsk qrupuna istinad etməyə çalışır. Nəyə nail olmaq istəyir?

- Ermənistan rəhbərliyi de-fakto mövcud olmayan və heç bir aktuallığı qalmayan bir qurumu diriltməyə çalışır. Amma onlar anlamalıdırlar ki, ATƏT-də bütün məsələlər konsensusla qəbul edilir. Azərbaycan tərəfi bəyan edib ki, Minsk Qrupu və onun həmsədrlik inistutu heç nəyə yaramadı və bizim üçün belə bir qurumun heç bir dəyəri qalmayıb. Minsk üçlüyünün mandatına uyğun olan məsələlər artıq öz həllini tapıb, Qarabağ münaqişəsi həll edilib. Azərbaycan öz torpaqlarını geri qaytarıb. Belə olan halda ATƏT-in Minsk Qrupu nə işlə məşğul olacaq? Azərbaycanın bu məsələdə mövqeyi qətidir. Ermənistanın Minsk Qrupu ilə bağlı məsələni təkrar-təkrar gündəmə gətirməsinin heç bir əhəmiyyəti və anlamı yoxdur. Əslində bu, onu göstərir ki, Ermənistan söz oyununa daha çox üstünlük verir. Məqsədləri yenidən beynəlxalq ictimaiyyəti çaşdırmaqdan ibarətdir. Sadəcə olaraq erməni tərəfi II Qarabağ müharibəsinin nəticələrindən dərs çıxarmalıdır. Bu olmasa Ermənistanın beynəlxalq ictimaiyyətin gözü qarşısında növbəti dəfə rəzil vəziyyətə düşməsi qaçılmaz olacaq.

- Prezidentin Cənubi Qafqazın üç ölkəsinin yeni formatda bir araya gəlməsi üçün təklif etdiyi təşəbbüsün effektivliyi haqqında nə demək olar?

- Azərbaycan Prezidenti təklif edir ki, Cənubi Qafqazı təhlükəsiz bir regiona çevirək. Azərbaycan, Gürcüstan və Ermənistan Xarici İşlər Nazirlərinin bir forumu keçirilsin. Onlar Cənubi Qafqazı necə görürlər, bununla bağlı fikilər açıqlansın. Ümumiyyətlə isə bu üçtərəfli formatın qurulması çox effektli ola bilər. Baltikyanı ölkələrin timsalında görürük ki, üç dövlət bir araya gəlib regionu necə inkişaf etmiş və təhlükəsiz bir bölgəyə çevirdilər. Niyə Cənubi Qafqaz belə bir imkandan istifadə etməsin? Zamanında ulu öndər Heydər Əliyev “Qafqaz evi” ideyasını irəli sürmüşdü.

Bu mənada Bakı Qlobal Forumunda Prezidentin Cənubi Qafqaz əməkdaşlıq formatının yaradılması təklifi çox yaradıcı və cəlbedici təklifdir. Ermənistan gərək məsuliyyətli davransın və Cənubi Qafqazda daimi sülhün əldə olunmasına problem yaratmasın, bu təklifi dəstəkləsin. Ermənistan onu da bilməlidir ki, Azərbaycanın sülh təklifi davamlı olaraq gündəlikdə olmayacaq.

Gərək vasitəçilik missiyasını üzərinə götürən Avropa İttifaqı da Ermənistana təzyiqləri artırsın. Çünki bu ilin mayın 23-də Brüsseldə razılıq əldə edildi ki, növbəti dəfə cari ilin iyul-avqust ayına eyni formatda görüş təyin olunsun. Bu çox prinsipal məsələdir. Sual olunur, bu ritorika və qeyri-konstruktiv fəaliyyətlə Paşinyan Brüsseldə təklif olunan görüşdə hansı irəliləyişdən danışacaq? Məncə, bu məsələ həm də Avropa İttifaqını ciddi düşündürməlidir, ortada, həm də Aİ-nin imici və nüfuzu məsələsi var.

- Sizcə, belə olan halda Ermənistan növbəti Brüsssel görüşünə hansı əsasla gedə biləcək?

- Dediyim kimi, əsas sual da budur. Ermənistan mənasız, boş-boş bəyanatlarla özünü risk altına ata bilər. Baxmayaraq ki, Brüssel sülh formatı əslində Ermənistan üçün bir şansdır. O, bu şansı da əldən qaçırsa, beynəlxalq ictimaiyyət bir daha əmin olacaq ki, Ermənistan bu bölgədə destruktiv mövqe tutur. Belə olan halda yuxarıda qeyd etdiyim kimi Ermənistanın sülhə məcburetmə prosesi daha da legitimləşə və bir vəzifəyə çevrilə bilər. Azərbaycan da öz növbəsində bu vəzifəni böyük məmuniyyətlə icra edə bilər.


Müəllif: Tapdıq Qurbanlı