20 İyun 2022 20:29
1 405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Aydın müəllim, IX Qlobal Bakı Forumunda dövlət başçısı bir daha Ermənistanı ərazi iddialarından əl çəkərək sülh yolunda addım atmağa səslədi. Bu olmasa, əssassız iddialara qarşı adekvat yanaşmanın olacağı vurğulandı...

- Prezident İlham Əliyev çox ciddi və zamanında aktual olan məsələləri qaldırdı. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Ölkəmiz indi keçmiş işğalçı, qonşu Ermənistanla münasibətlər paketini irəli sürüb. Amma Ermənistan məğlub olmasına və Azərbaycan qarşısında tarixi cinayətlər törətməsinə baxmayaraq hələ də siyasi oyunlardan əl çəkmir. Sülh müqaviləsi bağlamaqdan çəkinir. 10 noyabr 2020-ci il birgə bəyanatında qeyd edilən Zəngəzur dəhlizinin açılmasına maneçilik törədir.

- Sizcə, Ermənistanın bir dövlət kimi sülhdən uzaq qaçması necə izah oluna bilər?

- Ümumilikdə, revanşizm hələ də Ermənistanda əsas ideyalardan biridir. Dövlət başçısı da çox düzgün olaraq bildirir ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir. Əksinə Azərbaycanın Ermənistana ərazi iddiaları ola bilər. 1918-ci ildə İrəvan ona görə Ermənistana paytaxt kimi verildi ki, bu ölkə Azərbaycana qarşı ərazi iddialarından əl çəksin. Amma yüz ilin tarixi göstərdi ki, Ermənistan nəinki Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədi, əksinə daha da azğınlaşdı.

- Bu halda Azərbaycanın qarşı tərəfi doğru yola çəkmək üçün hansı hüquqi əsası yaranır?

- Belə olan halda əgər razılaşma pozulubsa, Azərbaycanın İrəvanı geri istəmək haqqı çatır. 1920-ci ildə Azərbaycan xalqının rəyi soruşulmadan, o vaxt mövcud olan parlamentin formalda olsa mövqeyi öyrənilmədən bir qrup insanın “razılaşması” ilə Göyçə və Zəngəzur mahalı Ermənistana verilib. Sovet dövründə də Ermənistan min bir bəhanə ilə Moskvanın ona xüsusi münasibətindən sui-istifadə edərək böyük ərazilərimizi özünə birləşdirdi. Bu bir tarixdir. Ermənistan bilməlidir ki, onu yox, Azərbaycanın ona ərazi iddiaları ola bilər. Bu iddialar tarixi sənədlərlə, hüquqi əsaslarla kifayət qədər ciddidir.

- Yəni, ərazi iddiasına qarşı tarixi Azərbaycan torpaqlarının geri istənilməsi məsələsi gündəmə gələ bilər?

- Ermənistan dövləti anlamalıdır ki, Azərbaycana qarşı etdiyi iddiaların əvəzində daha ciddi və ağır iddialarla qarşılaşa bilər. İnandırıcı da deyil ki , Ermənistan dövlət olaraq bunun qarşısında tab gətirə bilsin. Həmçinin bu gün Azərbaycan özünün suveren hüquqlarından istifadə edərək, sərhədləri daxilində istənilən addımı atmaq hüququna malikdir. Çünki rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazi Azərbaycana məxsusdur. Sadəcə olaraq bu ərazi müvəqqəti olaraq rus sülhməramlılarının nəzarətdindədir. Daha aydın desək, Laçın dəhlizi Azərbaycan ərazisindədir. Sadəcə olaraq Ermənistan vətəndaşları sərbəst şəkildə Azərbaycanın heç bir müdaxiləsi olmadan rus sülhməramlılarının müvəqqəti nəzarətində olan əraziyə gəlib-gedə bilir. Bu azmış kimi hətta Ermənistan rəsmiləri Azərbaycandan viza, razılıq almadan həmin əraziyə səfərlər edirlər. Bu baxımdan belə qanunsusluqlara birdəfəlik son qoyulmalıdır. Azərbaycan növbəti dəfə Ermənistanı belə hərəkətlərin yolverilməzliyini diqqətə çatdırır.

- Zəngəzur dəhlizinin açılması gecikir. Bu gecikmənin hazırda bölgə üçün post-münaqişə dövründə hansı mənfi təsirləri var?

- Zəngəzur dəhlizinin açılması ilk növbədə Ermənistanın özünə lazımdır. Bu dəhliz açılarsa, Ermənistan Azərbaycan ərazisindən istifadə etməklə digər ölkələrə çıxış əldə edə bilər. Bununla da öz iqtisadiyyatına təkan verər. Çünki Azərbaycan bu gün regionun aparıcı dövlətidir. Bölgə istisadiyyatının 80 faizi Azərbaycana məxsusdur. Bir çox regional, iqtisadi layihələrin təşəbbüskarı da məhz Azərbaycandır. Bu baxımdan Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamaqdan, Zəngəzur dəhlizini açmaqdan imtina etməsi ilk növbədə onun özünə çox böyük zərər vura bilər. Zəngəzur vahid bir ərazidir. Yüz il bundan öncə Azərbaycanın müstəqilliyinin itirildiyi səbəbdən Qərbi Zəngəzur Ermənistan adlanan bir dövlətə güzəştə gedilib. Azərbaycan Prezidenti də çox düzgün olaraq bu məsələləri Ermənistana xatırlatmış oldu.


Müəllif: Tapdıq Qurbanlı