22 İyun 2022 09:23
2 441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Elçin Mirzəbəyli Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- Son zamanlarda Ermənistan tərəfi tez-tez sərhəddə atəşkəsi pozur. Sizcə, bu nədən qaynaqlana və özündə hansı mesajları ehtiva edə bilər?

- Atəşkəsin pozulmasının haradan qaynaqlandığı bəllidir. Adətən Ermənistan və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdəki separatçı tör-töküntü prosesi dondurmağa, yaxud hansısa öz iddialarını qəbul etdirməyə çalışanda bu yöndə addımlar atır. Bununla hadisələri “sıfır nöqtəsi”nə qaytarmağa çalışırlar. İndi gündəmdə bir çox məqamlar var. Bu məqamlar ondan ibarətdir ki, delimitasiya komissiyalarının işi davam etdirilməlidir, həmçinin sülh müqaviləsinin imzalanması istiqamətində müvafiq addımlar atılmalıdır. Bunlar Brüssel görüşlərində razılaşdırılıb.

Amma Brüssel gündəliyi hələ özünü bölgədə “əsas söz sahibi” hiss edən Rusiyanın maraqlarına uyğun deyil. Biz Rusiyanın davranışlarında Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasına mane olan addımların atıldığını görürük. Buna Qarabağdakı Rusiya sülhməramlılarının keçmiş komandiri Rüstəm Muradovun açıqlamalarını misal göstərə bilərik. Muradov iddia edir ki, sülhməramlılar bölgədə nəzərdə tutulan müddətdən daha çox qalacaqlar.

Məlumdur ki, Rüstəm Muradov siyasi lider deyil və belə açıqlamalar vermək hüququ yoxdur. Bəllidir ki, onu belə açıqlamalar verməyə sövq edən dairələr var. Statusuna uyğun gəlməyən açıqlamalar verməsi və bunun müqabilində cəzalandırılmaması göstərir ki, Kreml demək istədiyini Rüstəm Muradovun dili ilə səsləndirir.

Bir sözlə, Rusiya o mesajı verir ki, Azərbaycan ərazilərində uzunmüddətli yer tutub və mövcud status-kvo müəyyənləşdirilmiş şərtlər çərçivəsində qorunub-saxlanacaq. Moskva bu şərtlərdən kənarda hansısa öhdəliklərin yerinə yetirilməsində maraqlı deyil.

Rusiyanın atdığı addımlarda bir sıra aspektlər var. Dediyim kimi, Rusiya ilk növbədə bütün prosesin öz nəzarətində olmasını və ya dondurulub saxlanılmasını istəyir. Bu baxımdan, separatçı tör-töküntünün və ya müharibə cinayətkarlarının özbaşına bəyanat verdiklərini düşünmürəm.

- Ermənistan daxilindəki siyasi gərginlik səngiyib, artıq radikal müxalifət meydandan geri çəkilib. Baş nazir Nikol Paşinyan bundan sonra Azərbaycanla anlaşma istiqamətində nələr edə bilər?

- Əslində aksiyaların irəli getməyəcəyi bəlli idi. Bundan əvvəl Nikol Paşinyanın erkən seçkilərdə qalib gəlməsi Ermənistanın ictimai rəyinin nədən ibarət olduğunu göstərmişdi. Buna görə də aksiyaların uzunmüddətli olacağı və genişlənəcəyi gözlənilmirdi. Bəlli bir elektorat var ki, onlar vaxtilə həm Azərbaycanın işğal edilmiş ərazilərinin, həm də Ermənistanın talan edilməsində iştirak ediblər. Onlar həm müharibə cinayətlərinə, həm də öz xalqlarına qarşı cinayətlərə əl atıblar. Onların məqsədi öz siyasi mövcudluqlarını qorumaq və məsuliyyətdən yayınmaqdır.

Həmin insanlar əllərindəki imkanların çoxunu itiriblər, qalanını da qorumağa çalışırlar. Buna görə də aksiyaların genişləməyəcəyi gözlənilən idi. Paşinyan da buna söykənərək radikalların aksiyalarına ciddi yanaşmırdı. Çünki nəticənin nədən ibarət olacağını bilirdi.

Paşinyanın müstəqil addım atmasına gəldikdə, Ermənistanın mövcud şərtləri və geosiyasi durumunu nəzərə aldıqda bunun olacağını gözləmirəm. Söhbət Ermənistan baş naziri və ya hakim komandadan getmir. Söhbət Ermənistanın düçar olduğu reallıqlardan və boynundakı boyunduruqdan gedir. Faktiki olaraq, Ermənistanın bütün iqtisadiyyatı Rusiyanın nəzarəti altındadadır. Bu ölkənin sərhədlərini də Rusiya sərhədçiləri qoruyurlar, ölkənin ərazisində rus hərbi bazaları yerləşir və s.

Bildiyimiz və bilmədiyimiz bütün məqamlar Ermənistana müstəqil hərəkət imkanı vermir. Ola bilər ki, hansısa manevr xarakterli addım atsın, amma bundan artığını edəcəyini düşünmürəm.

Təbii ki, Paşinyana sərf edən məqamlar da var. Məsələn, o, kommunikasiyaların açılmasını istəyir. Amma bunun heç bir halda delimitasiya və sülh müqaviləsi ilə əlaqələndirilməsini istəmir. Rusiyanın prosesə yanaşması da hakimiyyətinin uzadılması üçün Paşinyana sərf edən amil sayıla bilər. Paşinyan çalışır ki, kommunikasiyalar açılsın və müəyyən qədər ölkədəki sosial-iqtisadi problemlərin həllinə nail olsun, gəlir mənbələri əldə etsin, bununla yanaşı, mövcud situasiyanın olduğu kimi qoruyub-saxlasın və bütün prosesi həll edəcək yekun sənədin imzalanmasına imkan verməsin.

- İranın Zəngəzurdakı fəallığı da diqqət çəkir. Əvvəlcə Zəngəzurda konsulluq açacağını elan edən İran indi də sözügedən bölgədən keçən avtomobil yolunun yenidən inşasına başlayıb. Bəs bu fəallıq nədən irəli gələ bilər?

- Ənənəvi fəallıqdır. Məsələnin ideoloji nöqtələrinə diqqət yetirsək görərik ki, İran Azərbaycan adlı müstəqil və dünyəvi dövlətin mövcudluğu ilə barışmır. Son zamanlarda bəzi iranmeylli qüvvələrin fəallaşması və bir sıra təxribat xarakterli addımların atılmasının təməlində də bu amil dayanır.

İranı qıcıqlandıran digər amil Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı, iki qardaş ölkə arasında quru əlaqələri və imkanlarının genişlənməsi, digər yandan, bütövlükdə türk dünyası arasında iqtisadi inteqrasiya prosesinin sürətlənməsidir. İran bundan narahatdır. Əslində fars rejiminin qarın ağrısı regionda Azərbaycan-Türkiyə faktorunun güclənməsidir. İranın Ermənistanla münasibətlərinin təməlində də bu amillər dayanır.

Hər kəsə bəllidir ki, İran vaxtilə Azərbaycan əraziləri işğal ediləndə Ermənistana açıq dəstək verən dövlətdir. Əslində Azərbaycanın İranla sərhədlərinin Ermənistanın nəzarətində olması, Azərbaycan və Türkiyə arasındakı əlaqələrin tamamilə qırılması fars rejiminin maraqlarına uyğun idi. Çünki Arazın o tayında Azərbaycan-türk toplumu yaşayır. Onların Arazın bu tərəfindəki türk toplumu ilə sərhəd qonşuluğu İranın maraqlarına xidmət etmirdi. Buna görə də İran işğalın davam etməsi üçün əlindən gələni əsirgəməmişdi. Bu faktdır və bunu gizlətmək mümkün deyil.

Ermənistan liderləri işğal dövründə İranın onlar üçün “həyat yolu” olduğunu dəfələrlə vurğulayıblar. Fars-molla rejiminin nümayəndələri də erməniləri həmişə “qardaş xalq” adlandırıblar.

İran Zəngəzur dəhlizinin reallaşmasını istəmir. Əgər bu dəhliz üzərində Azərbaycanın tam hüquqi nəzarəti olacaqsa, bu, avtomatik olaraq İranın Ermənistana təsir imkanlarını minimuma endirəcək. Çünki bu halda Ermənistanın bütün nəqliyyat daşımaları və iqtisadi əlaqələri Azərbaycanla Türkiyənin üzərindən keçəcək. Gürcüstan da Ermənistana Azərbaycan əleyhinə addım atmağa imkan verməyəcək.

Belə bir şəraitdə Ermənistan üçün yeganə çıxış yolu və körpü İrandır. Ona qonşu olan dövlətlərin heç biri isə aqressiv münasibətləri səbəbindən İrana rəğbət bəsləmirlər. Buna görə də İran Zəngəzur dəhlizinin gerçəkləşməsinin qarşısını almağa çalışır. Bunu da edə bilməsə, Zəngəzur dəhlizində iştirak etmək üçün əlindən gələni edir.


Müəllif: Mənsur Rəğbətoğlu