23 İyun 2022 09:23
1 775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq İlqar Vəlizadə Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- ABŞ dövlət katibinin köməkçisi Kerri Donfrid İrəvanda ATƏT-in Minsk qrupundan danışıb. O, ABŞ-ın hələ də bu formatı dəstəklədiyini bildirib. Vaşinqtonun Minsk qrupunu qoruyub-saxlamaqda məqsədi nə ola bilər?

- Zənnimcə, xanım diplomat bunu Ermənistanın siyasi isteblişmentinə xoş gəlmək üçün bu ifadələri dilinə gətirib. Amma real olaraq Minsk qrupu yoxdur. Bu, bir oyun idi. ABŞ rəsmiləri də çox yaxşı başa düşürlər ki, Minsk qrupu artıq mövcud deyil. İndi sadəcə ermənilərin xoşuna gəlmək, yaxud könüllərini almaq üçün bunu edirlər.

Yeri gəlmişkən, ABŞ-ın Minsk qrupundakı həmsdəri Endryu Şafferin vəzifəsini də dəyişdiriblər. O, artıq ABŞ Dövlət Departamentinin Qafqaz bölgəsi danışıqları üzrə ali müşaviridir. Yəni Amerikanın Minsk qrupundakı həmsədri deyil. Bir sözlə, Amerikanın özü də dərk edir ki, reallıqda Minsk qrupu yoxdur, bu səbəbdən həmsədrin vəzifəsi və missiyası da dəyişdirilib. Dediyim kimi, amerikalılar sadəcə Ermənistanın eşitmək istədiklərini dilə gətirirlər.

- Bəs Ukrayna məsələsində Rusiyaya məsafəli davranan ABŞ necə olur ki, Minsk qrupu formatında Qarabağ məsələsi ilə bağlı Kremllə danışıqlara və əməkdaşlığa hazır olduğunu bildirir? ABŞ Azərbaycan və Ukrayna arasında hansı səbəbdən fərq qoyur?

- Əgər onlar Qarabağla bağlı Moskvayla bu və ya digər müstəvilərdə danışıqlar aparmağa razı idilərsə, indiyədək niyə bunu etməyiblər? Digər yandan, belə bir danışıqlar olsa, bu və digər regional məsələlərə görə aralarında fikir ayrılıqları olan tərəflərin aparacağı müzakirələr nə qədər məhsuldar ola bilər?

Ukrayna və Azərbaycana yanaşmada fərqlərə gəldikdə, təəssüf ki, belə münasibətlər digər bir sıra regional məsələlərdə də özünü göstərir. Məsələn, Türkiyənin Suriyanın şimalında antiterror əməliyyatı keçirmək istəyinə qarşı ABŞ-ın münasibətinə baxın. Amerika bu məsələdə birmənalı şəkildə terrorçuları – PKK-nı dəstəkləyir. Amma ABŞ digər bölgələrdə özünü “terrorizmə qarşı mübarizə aparan yeganə fövqəlgüc” elan edir, yaxud özünü belə göstərməyə çalışır.

Bütün bunların hamısı ABŞ-ın siyasətinin təzadlarından irəli gəlir. Əgər Ukraynanın ərazi bütövlüyü müzakirə mövzusu deyilsə və Donbasdakılar separatçıdırlarsa, onda Qarabağda yaşayıb Azərbaycandan torpaq qoparmaq istəyənlər separatçı deyillər? Yaxud Ermənistan işğalçı deyil? Bir də ki, Qarabağda yaşayan həmin separatçılar Luqansk və Donetskdəki qondarma respublikaları da “tanıyıblar”. Bəs buna münasibətləri necədir? Yəni belə suallar kifayət qədər çoxdur. Bütün bunlar göstərir ki, ABŞ-ın siyasəti təzadlıdır və birmənalı deyil.

- Rusiya-Ukrayna müharibəsindən gözləntiniz necədir? Sizcə, uzanan müharibə hansı nəticələrlə yekunlaşa bilər?

- Ukraynadakı müharibənin uzanmasının bir sıra səbəbləri var. İlk növbədə, Qərb tərəfindən Ukrayna ordusuna misilsiz dəstək verilir. Hərbi ilə yanaşı, siyasi, iqtisadi və digər istiqamətlərdə də dəstək var. Bu da Ukrayna ordusunun Rusiya qarşısında zəifləməsinin və ya geri çəkilməsinin qarşısını alır. Bunun nəticəsində müqavimət göstərə bilirlər. Digər yandan, sərt sanksiyaların tətbiq olunmasına və ağır itkilər verməsinə baxmayaraq, Rusiyanın da resursları tükənmir. Yəni hər iki tərəfin müharibəni davam etdirmək üçün gücü və resursları var. Bu kimi səbəblərdən müharibə bitmir.

Bütün müharibələrdə belədir: savaşın bitməsi üçün ya zəif tərəf kapitulyasiyaya getməlidir, ya da müharibənin nəticəsiz olduğunu görərək addım atmalıdır. Qarabağdakı 44 günlük müharibədə də aydın şəkildə göründü ki, Ermənistan Azərbaycanla döyüşə bilmir. Son nəticədə Ermənistan üçtərəfli 10 noyabr bəyanatını kapitulyasiya aktı kimi imzaladı.

Amma indi Rusiya-Ukrayna müharibəsində belə bir durum görünmür, hər iki tərəf öz məqsədlərinə çatmaq üçün hərbi əməliyyatların davam etdirilməsinə üstünlük verir. Ukrayna üçün bu əməliyyatlar zəbt olunmuş torpaqlarını azad etmək üçün aparılır, Rusiya isə əksinə, yeni ərazilər işğal etmək və öz mövqelərini daha da gücləndirmək istəyir.

- Litva Kalininqraddan Rusiyaya daşınmaları bloklayıb. Rusiya bunun davam edəcəyi təqdirdə sərt cavab verəcəklərini bildirib. Rusiya NATO ölkəsi olan Litvaya hansı cavabı verə bilər? Hərbi cavabdan söhbət gedə bilərmi?

- Rusiyanın birbaşa Litvaya hərbi müdaxilə edəcəyini düşünmürəm. Amma dolayı addımlar ata bilər. Məsələn, Rusiyanın buna cavab olaraq Baltik dənizindəki hərbi donanmasını gücləndirməsi mümkündür. Eyni zamanda, həmin su hövzəsində Litva gəmilərinin hərəkətinə mane ola bilər. Blokada davam edəcəyi təqdirdə, Rusiyadan bu kimi addımların atılması mümkündür.

Amma bundan daha sərt addımlar atılacağını gözləmirəm. Çünki bunun nəticəsi Avropada vəziyyəti daha da pisləşdirə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu