23 İyun 2022 19:04
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Özbəkistana səfəri Türk dövlətləri arasında əlaqələrin və strateji tərəfdaşlığın inkişaf etdirilməsi baxımından olduqca mühüm tarixi hadisədir. Daşkəndin mərkəzində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Meydanın yaradılması Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə hörmətin, həm də xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür. Küçə, meydan, barelyef, gözəl park bütün bunlar Azərbaycan xalqının böyük liderinin xatirəsinə, xalqımıza həqiqi qardaşlıq münasibətidir. Həmçinin, səfər çərçivəsində iki ölkə arasında imzalanmış 20-yə qədər sənəd Azərbaycan-Özbəkistan münasibətlərinin yeni mərhələsinin başlanğıcıdır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, Özbəkistan ölkəmizin ərazi bütövlüyünün bərpası işində Azərbaycanı dəstəkləyib:

“Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edib. Bu, bizim üçün çox qiymətlidir və bizim münasibətlərimizin tarixində unudulmaz hadisələrdir. Post-sovet məkanında olan ölkələr arasında Özbəkistan yeganə ölkə idi ki, Azərbaycan torpaqlarının işğalına görə Ermənistanla diplomatik əlaqə qurmurdu və Azərbaycanı dəstəkləyirdi. Bu baxımdan əminliklə deyə bilərik ki, iki ölkə arasında imzalanmış sənədlər və strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair memorandum təsadüfi deyil. Nəzərə alsaq ki, bu gün dünyada beynəlxalq münasibətlər sistemində güc amili beynəlxalq hüququ üstələyib. Bu nöqteyi-nəzərdən deyə bilərik ki, iki ölkə arasında imzalanmış sənədlər və stratji tərəfdaşlığın dərinləşdirilməsinə dair memorandum olduqca mühüm əhəmiyyət kəsb edir. İnanırıq ki, bu əməkdaşlığın perpektivləri digər Türk dövlətləri üçün də örnək təşkil edəcək. Digər ölkələr arasında da belə sənədlərin imzalanmasının, əlaqələrin möhkəmləndirilməsinin şahidi olacağıq”.

Millət vəkili iki ölkə arasında imzalanan hərbi sazişin əhəmiyyətinə toxunub: “Dünyadakı vəziyyəti nəzərə almaqla hər bir ölkə müdafiə qabiliyyətini möhkəmlətməyə çalışmalıdır. Hərbi əməkdaşlıq, hərbi-texniki əməkdaşlıq, habelə hərbi təhsil sahəsində əməkdaşlıq istiqamətində əlavə addımlar atılacaq. Kənar təhdidlər var, ölkələrimiz və xalqlarımız onlarla üzləşməli olurlar. Buna görə də bu sahədə təcrübə mübadiləsi və praktiki qarşılıqlı fəaliyyət həmişəkindən daha vacib olacaq”.

Deputat bildirib ki, işğaldan azda olunan ərazilərdə həyata keçirilən quruculuq işlərində də qardaş ölkə Özbəkistan Azərbaycana dəstək göstərir: “Eyni zamanda Azərbyacan da Özbəkistanla əlaqələrin daha da möhkəmlənməsinə və strateji tərəfdaşlığın inkişaf etdirilməsini dəstəkləyir. Belə ki, Füzuli şəhərində Özbəkistan hökuməti tərəfindən hədiyyə olaraq orta məktəb inşa olunacaq. İşlərə artıq başlanıb və növbəti tədris ilinə qədər məktəbin istifadəyə verilməsi planlaşdırılır. Azərbaycan bunu çox yüksək qiymətləndirir. Qardaşlıq münasibəti bizim üçün çox qiymətlidir. Bu məktəb praktiki baxımdan həm də iki ölkə arasında qardaşlığın rəmzi olacaq”.

Tamam Cəfərovaya görə, imzalanmış siyasi Bəyannamə mahiyyət etibarilə ölkələrimiz arasında münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdırır:

“Təbii ki, qarşılıqlı dəstək də olacaq – həm mövcud beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkələrimizin və xalqlarımızın təhlükəsizliyi ilə bağlı bütün başqa məsələlər daim diqqət mərkəzindədir. Bu mənada Özbəkistan və Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə Türk dövlətləri arasında əlaqələrin möhkəmləndirilməsi baxımından tarixi hadisədir. İnanırıq ki, bu əməkdaşlıq Türk dövlətlərini də Şuşa Bəyannaməsi kimi birgə və çoxtərəfli sənədləri imzalamağa yönəldə bilər”.


Müəllif: Tapdıq Qurbanlı